Əsas işimizi gənclərin prosesə qoşulması istiqamətində qururuq – ƏLİ ƏLİYEV

Ümid Partiyası Ali Məclisin üzvü, Astara Rayon Şöbəsinin sədri Əli Əliyev Umidparty.org saytının müsahibidir.

Əli bəy, Astara ölkənin cənub qapısıdır. Ötən ildən dünyanın iş ahənginə ciddi təsir edən pandemiyanın Azərbaycana cənub qonşumuzdan gəldiyini qeyd edirlər. Bu barədə nə deyə bilərsiniz?

Bu, istisna olunmur. Koronovirusun Azərbaycanda yalnız adı çəkilən zamanlarda cənub qonşumuzda artıq epidemiya elan olunmuşdu. Sözsüz ki, əhalinin müalicə, ərzaq almaq və s. məqsədlərlə bu ölkəyə səyahətləri xəstəliyin ölkəmizə gətirilməsi ilə nəticələndi. Bu da səbəbsiz deyildi. Əvvəla, insanlarımız xəstəlik haqqında doğru-düzgün məlumata malik deyildilər. İkinci isə gömrük-keçid məntəqələrindəki sıxlıq xəstəliyn yayılması üçün münbit şərait yaratdı.

Rayonda əhalinin sosial durumu hansı vəziyyətdədir?

Onu qeyd edim ki, Astarada hələ pandemiyadan əvvəl işsizliklə bağlı ciddi problemlər var idi. Bilirik ki, rayonumuz ölkənin ən ucqar dağ rayonlarından biridir. Bu cür rayonların infrastrukturu, iş yerləri ilə bağlı problemləri daim olub. Bu da əhalinin sosial vəziyətinə ciddi təsir göstərir. Son bir ildə vəziyyət daha da ağırlaşmaqdadır.

Bütün çətinliklərə, məhrumiyyətlərə rəğmən illərin həsrətini də həll etməyə nail olduq. 44 günlük müharibəni zəfərlə başa vurduq. 

Vətən müharibəsində Astara rayonunda hər bir fərd özünü qarabağlı hesab edirdi. Həmin vaxt milli birliyə ehtiyacımız var idi. Şükürlər olsun ki, həmin birliyi təmin edə bildik. Rayonumuzdan onlarla vətən oğlu şəhid oldu. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Şəhidlərimizin uca məqama uğurlanması prosesində aktivlərimizlə birlikdə iştirak etmişik. Qazilərimizi mütəmadi olaraq ziyarət edirik. Onlara göstərdikləri qəhrəmanlığa görə minnətdarlığımızı bildiririk. Qazilər bizim fəxrimizdir. Çox təəssüf edirəm ki. sağlamlığını bizim üçün fəda edənlərə münasibət hal-hazırda məqbul deyil. Onlar daha böyük qayğıya və diqqətə layiqdirlər. 

Partiya quruculuğu ilə bağlı hansı yeniliklər var?

Hətta pandemiya dönəmində belə üzvlərimizlə qaydalar çərçivəsində görüşürdük. Baş verən proseslər daim diqqətimizdə olub. Bu gün əsas işimiz partiyamızın və liderimizin təbliğidir. Əsas işimizi gənclərin prosesə qoşulması istiqamətində qururuq. 

 

QEYD: Əli Əliyev 01 sentyabr 1957-ci ildə Astarada doğulub. ADU-nun “Tarix” fakültəsini bitirib. Astara rayon 3 saylı Ərçivan kənd orta məktəbində müəllim işləyir.

Ümid Partiyası Ali Məclisin üzvü, Astara rayon şöbəsinin sədridir.

 

Umidparty.org

Şərh yaz
PAYLAŞ