Əsgər qeyri-döyüş şəraitində nədən həlak olmalıdır? – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 27 may 2021-ci il Reaksiya Tv kanalında Zaur Qəriboğlunun təqdimatında “Siyasi reaksiya” verilişinin canlı efir qonağı olub.

Verilişdə aparıcı Zaur Qəriboğlunun erməni hərbçilərinin Azərbaycan hərbçilərinə qarşı hücumu ilə bağlı verdiyi suala partiya sədri mövqe bildirib. İqbal Ağazadə qeyd edib ki, bu və bu kimi hadisələr cəmiyyəti narahat edən məsələlərdir. Sizin studiya vasitəsilə dəfələrlə izləyicilərin diqqətinə çatdırmışdım ki, 20 iyun Ermənistanda seçkilər bitənə, vəziyyət aydın olana qədər sərhəddə də, Dağlıq Qarabağ və ətrafında kifayət müəmmalı hadisələr baş verəcək. Biz cəmiyyət olaraq, bu hadisələrdən tədirgin olmamalıyıq. Əksinə daha möhkəm dayanmalı, pozisiyalarımız və mövqelərimizi həm diplomatik masada, həm də beynəlxalq aləmdə qorumağa çalışmalıyıq. Biz Ermənistanda baş verən hadisələr fonunda daxildə reytinq qazanmaq və seçkiyə yönəlik siyasət qurmaq istəyən kifayət qədər qrupların, bu qrupların da ordu içərisində nüfuzunun olduğunu bilirik. Baş verən hadisələrlə bağlı kifayət qədər ziddiyətli məlumatların verilməsi onun göstəricisidir ki, həm ordu üzərində, həm də hakimiyyət üzərində vahid komandanlıq yoxdur. Bir az əvvəl Baş Qərargah rəisinin müavini və baş qərargahın da 54 generalının və yüksək rütbəli zabitinin Paşinyanı istefaya çağırma tələbi, hərbi çevrilişə cəhdi ordu və siyasi hakimiyyət arasında ciddi qarşıdurmanın olmasından xəbər verir. Bu gün Ermənistan hərbi sistemində baş verənlər seçkiyə hazırlaşan qüvvələrin hamısının maraqlarını ifadə edən bir siyasətin göstərcisi kimi hərəkət edir. Sərhəddə Azərbaycanın 4 əsgərinin üzərinə gəlinməsi və onları döyərək postdan uzaqlaşdırılması nəticə etibarı ilə çox pis, Azərbaycan ordusu və əsgəri üçün də utancverici hadisədir. Lakin qəbul etmək lazımdır ki, eyni hadisələrlə bağlı videolar dəfələrlə Azərbaycan tərəfindən yayılıb. Niyə atəş açılmır? Atəş açma məsələsi atəşkəslə və bağlanılan sazişlə əlaqədardır. Həm də bu, informasiya savaşıdır. Ermənistan çox çalışır ki, məsələni bəynəlxalq hüquq müstəvisində öz xeyrinə dəyişə bilsin və Azərbaycanın işğalçı imicini – Ermənistan ərazisinə daxil olan imicini formalaşdırmağa çalışsın. Azərbaycan tərəfinin bu məsələdə gözləmə və yaxud da səbrli mövqe nümayiş etdirməsi çox təqdirəlayiq və dövlət mənafeyinə, siyasətinə yarayan bir işdir. Silah da atmaq olar, atəş də açmaq olar, bəlkə müharibəni də genişləndirmək olar, amma nəticə nə olacaq? Biz Ermənistan-Azərbaycan məsələlərində və sərhəddə baş verən hadisələr fonunda onsuz da bizə qarşı xoş olmayan daha pis məcralara aparıb çıxaracağıq. Diqqət edirsinizsə, Azərbaycan Qaragöl və Kəlbəcər istiqamətində Göyçəyə doğru öz sərhədlərini bərpa etmək planını həyata keçirərkən atəşkəsdən sonra sadəcə informasiya müharibəsində bir qədər gecikdiyinə və ləng hərəkət etdiyinə görə Ermənistan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, BMT-yə və digər bəynəlxalq qurumlara müraciət edib. Niyə? Çünki  informasiya mübadiləsində ləngidik. Azərbaycan Ermənistandakı seçkiöncəsi prosesdə nə Ermənistana, nə də Rusiyanın əlinə hər hansısa bir fürsəti verməməlidir. 20 iyundan sonra seçkilər baş tutmuş olsa və yeni hökümət formalaşsa, Ermənistanda vəziyyət qismən sakitləşəcək. Ondan sonra Azərbaycan tərəfi öz mövqelərində daha qətiyyətli, daha aydın və şəffaf siyasət aparmalıdır. Biz çalışmalıyıq ki, vətən bütövləşsin, bizim bayrağımız sərhədlərimiz çərçivəsində, torpağımızın hər qarışında dalğalanmalıdır. Onsuz da bizə qarşı ikili standartlarla münasibət sərgiləyənlərin də əlinə heç bir fürsəti, bəhanəni verməməliyik. Bu hakimiyyət idarəetməsində kifayət qədər irad tutub tənqid edə biləcəyimiz problemlər var. Onları qoyub da bu çətin dönəmdə ordunun üzərinə gedib, emosional yanaşmalar sərgiləməli deyilik. Dövlət marağı düzgün tənzimlənməlidir, iqtidar bunu nəzərə almalı, cəmiyyəti parçalamadan vahid mövqe sərgiləməlidir.

İqbal Ağazadə deyib ki, diplomatik masaya çıxaracağımız məsələlər olduqca böyük rol oynayır. Bu istiqamətdə Xarici işlər Nazirliyinin, lobbi təşkilatlarının üzərinə böyük  işlər düşür. Bu işlər ardıcıl aparılmalı və Müdafiə Nazirliyi də bundan sonra bu cür xətalara yol verməməlidir.

Verilişin gedişatında Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər edib etməyəcəyi, son günlər Türkiyədə öz internet televiziyası vasitəsilə dövlət adamları haqda qanunsuzluqları dilə gətirən iş adamı, mafiyaçı kimi tanınan Sedat Pekerin açıqlamaları, bu açıqlamaların Azərbaycana təsiri və gündəmə düşən bir sıra məsələlər müzakirə olunub.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

 

Şərh yaz