20 Yanvar faciəsi ilə əlaqədar Ümid Partiyasının Bəyanatı

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ümid Partiyasının

B Ə Y A N A T I

20 Yanvar 1990-cı il faciəsi Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. O qanlı faciədən bu gün 32 il ötür. 20 Yanvar hadisəsi sanki SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının əzminin, iradəsinin testi idi. O zamanın ən müasir silahları ilə silahlanmış sovet ordusu xalqımızın əzmini nəinki qıra bilmədi, əksinə, millət olaraq, bizi azadlıq uğrunda mübarizədə daha da sıx birləşdirdi.

1980-ci illərin sonlarından başlayaraq, Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsindən hiddətlənən, buna öz qəti etirazını bildirən Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə dinc əhalinin üzərinə qoşun yeridildi.

Bakıda, o cümlədən ölkəmizin digər şəhər və rayonlarında qırğınlar törədildi. İnsanlıq əleyhinə törədilən bu cinayət nəticəsində dinc mülki şəxslər, uşaqlar, qadınlar və qocalar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı, itkin düşdü, həbs edildi.

Ümid Partiyası hesab edir ki, beynəlxalq hüquqa əsasən, 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, bu cinayətin sifarişçiləri və icraçıları 32 il zaman ötməsinə baxmayaraq, cəzalandırılmalıdır.

Şəhidlərimizin ruhunu dərin ehtiram və minnətdarlıqla anaraq, əminliklə birdiririk ki, onlar heç zaman unudulmayacaq.

Şərh yaz