Hər kəsin haqqını müdafiə edib, onu sevməyənlərin belə!- Tamilla Qulaminin təbriki

Gözəl sözlərin təkrarı və təkrarın gerçəyə dönməsini  haqq edən İqbalına mübarizə düşən adamın – bir siyasətçinin portreti…

 

Ona deyilən, yazılan hər şeyi olmasa da çox şeyi oxumuşam, eşitmişəm, öyrənmişəm, araşdırmışam. Onun etdiyi az qala bütün xeyir əməllərini də bilirəm, adamları da tanıyıram. Bu gün o adamların bəziləri yanında olmasa da. Nə olsun? Özü demiş, yaxşı olanları sevməyə nə var ki? O sadəcə sevir… Onu sevəni də, sevməyəni də… (bəzən bu fikri ilə razılaşmasam da).

 

Hər doğum günü yaxınlaşanda mənə elə gəlir ki, belə yazacağımız adamdı o: sanki gözünü dünyaya açandan bəri bu yaşda olub… Düşüncə, təfəkkür, böyüklük olaraq… Bəlkə də oxuyanlardan kimsə sadəcə eləcə gülümsəyib keçəcək. İçlərindəki işığı söndürdükləri üçün qaranlığa qərq olmuş bir mənzərə görəcəklər. Nəbadə. Aydınlığa pərdə salmasınlar deyərdim. Özləri üçün ən azından…

 

Hə, harda qalmışdıq?! Yumorlu səslənən fikir olsa da, deyəcəyəm. Hər yaşda 35 yaşında 50 yaşlı biri kimi görünən bu adam getdikcə gəncləşir…

 

Videoçıxışlarına baxın, təsdiqləyəcəksiniz (əslində həm də mənəvi olaraq 35 yaşında olduğu zaman etdiyi böyüklükləri indiki 35 yaşlılar edə bilməyib).

“Köhnə” kişilərin məsuliyyətləri də özləri boyda idi… İndi də elədir, indi də ağırdır. Həm də tələbə ikən 19 yaşında təhsilini yarımçıq buraxıb məmləkətinin ərazi bütövlüyünü qorumağa gedən bir döyüşçü olaraq… Bəli. Qarabağ uğrunda savaş üçün, torpaqların işğaldan azad olması üçün. Təsəvvür edirsiniz? 1992-93-cü illərdə bəziləri hakimiyyət üçün mübarizə aparanda,  O, dövlətin ərazi bütövlüyü üçün savaşa getmişdi…

 

Bəlkə də deyəcəksiniz ki, sən nə bilirsən axı bütün bu ruhu, yanaşmaları? Deyim… Mən 8 yaşımda ikən silahla tanışmışam – Güney Azərbaycanda Azərbaycan Milli Hökümətinin yaranmasında böyük rolu olan babamdan, Qarabağın işğaldan azad olunması üçün canını fəda edən atamdan çox şey öyrənmişdim, çox şey görmüşdüm. O da atamla birlikdə o odun, alovun içində olanlardan biri olub… Bunu da bilirəm…

 

O deyir ki, nə olursan ol, kim olursan ol, hansı peşədə olursan, ol – İNSAN ol. İnsanlığın dəyərləri, insanların qırmızı xətti, keçə bilmədikləri, bağışlamağı bacardığı və s. yerlər var, deyir. Hər kəsin haqqı üçün əlindən gələn nə varsa, et, deyir. Nə bacarırsansa, onu etmək üçün geri çəkilmə, sənin üçün “onu sevirəm və ya sevmirəm” prinsipləri olmasın, öz dəyər prinsiplərini müdafiə et, ondan vaz keçmə, deyir. Siyasətlə “insanlığa xidmətdir”, deyə məşğul olur. İnsanlıq üçün, insan üçün anlayışıdır ondakı…

 

Bu yazdıqlarım o qədər səmimi, o qədər içdəndir ki. Ən əsası da məntiqli… Bəzən məndə ona qarşı olan bu sevgini, sədaqəti, etibarı, güvəni görənlər onun haqqında danışanda obyektivliyimə şübhə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, bu qədər çabalara rəğmən belə olmağa çalışsaydılar, öz içlərini aydınlatmış olardılar…

 

Adamı 5 ilə yaxın zamanda şəxsən tanıdığım üçün hər bir cümləmin altını çizirəm. Bircə sözümün yanlışı yox, əmin ola bilərsiniz. O qədər şey öyrənmişəm ki, ondan. DƏYƏR! Ən əsası da bu, ən önəmlisi də məhz bu. Qarşılıqsız, təmənnasız sənin üçün əlini daşın altına qoya biləcək ruhda biridir O. Sən onun qarşılığını vəfasızlıq, sədaqətsizliklə ödəsən belə, dönməz öz əqidəsindən. Çünki onu BÖYÜK edən sevgi dolu qəlbidir. Nifrətə, kinə bircə millimetr yer yox orda. O qədər əminəm ki…

 

MƏN SƏNİ SEVMƏYƏ BİLƏRƏM, AMMA SƏNİN HAQLARIN ÜÇÜN ÖLMƏYƏ HAZIRAM!

 

Jeffersonun bu sözləri onun fəaliyyətinə nəzər saldıqda bir daha öz təsdiqini tapır. Bəli, İqbal Ağazadə özünün və ya kimlərinsə şəxsi marağı uğruna fəaliyyət göstərməyib, dövlət, vətən, millət üçün çalışıb, birbaşa parlament kürsüsündən haqqı tapdanan hər kəsin, amma hər kəsin haqqını müdafiə edib. ONU SEVMƏYƏNLƏRİN BELƏ!

 

İqbal Ağazadə onu haqsızcasına asıb-kəsənlərin belə müdafiəsinə qalxıb. Kimsə dana bilməz bu həqiqətləri. Bəzən kənardan ona haqsızlıq edən adamları müdafiə edib, qorumağa çalışanda təəccübümü gizləyə bilmirdim içimdə. 6 ilə yaxındır ÜMİDlə fəxrlə addımlayıram. Bu 6 ildə inandığım elə gerçəklərin, elə dəyərlərin əslində olduğu kimi görünməməsinin şahidi oldum ki.

 

İnsanlar gördüm; dəyərin nə olduğunu bilmədiyi halda dəyərlərdən “dəm vurduğu” üçün ictimaiyyətdə hörmətlə qarşılanır, insanlar gördüm; özü susqun dayanıb səndən etiraz tələb edib, özünü qəhrəman kimi sırımağa çalışıb, insanlar gördüm; sevgidən, sədaqətdən, vəfadan danışıb ətrafına xəyanət səpib, insanlar gördüm; qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm; “kişilikdən” danışıb, adamlıqdan uzaq olan… Mən o qədər şeylər gördüm ki! Artıq heç nəyə təəccüblənməməklə nəticələnən…

 

Sonra anladım ki, gördüklərim əslində gərəkən, olan deyilmiş, şəxsi mənafeləri uğruna savaşan eqoistlər, kəndini sevməyən məzlumlar imiş. Bəlkə də çox emosionaldır yazdıqlarım. Zatən bəzən həqiqətlər, kimliklər emosiyalar zamanı sıçrayır üzə.

 

Onun haqda yanlış fikirlər səsləndirənlər belə əsl həqiqəti bilir, onun kimliyini bilir, kim olduğunu bilir. Sadəcə şəxsi ambisiyalarının qurbanıdırlar. Çünki O özü heç bir zaman şəxsi maraqlar uğruna mübarizə aparmayıb, o, fərdi qalibiyyət uğrunda çalışmayıb, insanları xərcləməyib, 15 il parlamentdə olduğu zaman adamlara yuxarıdan aşağı münasibət sərgiləməyib. Azərbaycan reallıqlarına əsasən millət vəkilinin əsl stereotipini təqdim edib.

 

Hər zaman hər şeyin hüquqi, qanuni tərəfini izah edib, ilk siyasətçi olub ki, insanları siyasətdə etik davranış qaydalarına dəvət edib, sülh, sevgi, barış dialoquna çağırıb itidar-cəmiyyət-müxalifət üçlüyünü, bütün gerçəkləri alnıaçıq, üzüağ təqdim edib.

 

Haqsızlıqlara uğrayıb, millət vəkili toxunulmazlığı ola-ola həbsə salınıb, 371 gün təkadamlıq kamerada saxlanılıb, işgəncələrə məruz qalıb, ağır təhdidlər altında mübarizə aparıb. O zaman belə təkbaşına sinə gərib bütün mənəvi-fiziki işgəncələrə. Təkbaşına!

 

Dünən, bu gün ona çamur atanlar bircə dəfə dönüb öz əllərinə baxsınlar. Əlləri çamur içindədir. Göy üzü tərtəmizdi. Hamımız o göy üzünü birgə paylaşırıq. Günəş də var göy üzündə. Və… Səmanı qaranlıq edən, günəşin üzünü örtən buludlar deyil, başımızın üstündə dolanan qara buludlar deyil, içimizdəki qara fikirlər, qara düşüncələr, kin, nifrətdir. Ataq içimizdən hamısını. Bu ölkənin, xalqın haqqını siyasətdə olduğu, səlahiyyəti olduğu müddətdə layiqincə savunan insanlarla birgə addımlayın, qaralamayın, ləkələməyin adamları. Uzaq perspektivlərə baxaq. İnamla! Cəsarətlə! Ümidlə…

 

O deyir ki, biz siyasətçilər sevməyi unutmuşuq. Kütlələşmişik. Kütlənin xoşuna gələk deyə qışqırmağı, söyməyi, nifrət, kin, qəzəb püskürməyi seçmişik. Unutmuşuq ki, bizlər düzgünləri, doğruları, çətin, ağır olsa da, göstərməyə məsul olanlarıq. Sevgi çətindir. Biz ondan qaçırıq. Biz doğmamızı sevən, kütləni isə odun-alovun içinə atan, öz mənafeyini düşünən bir qrupa çevrilmişik. Biz lider olmağa deyil, müdir olmağa çalışanlarıq. Biz prezident olmaq üçün mübarizə aparanlarıq. Amma görəvimiz prezident olmaq deyil, əzilən, tapdalanan xalqımızı azadlığa çıxartmaqdır.

 

O deyir ki, biz pislərdən nümunə götürənlərik. Qəzəbi, kini, nifrəti adət edənlərə bənzəməyə çalışanlarıq. Gücün, böyüklüyün yolunu onda görürük. Unuduruq ki, qəzəb, kin, nifrətlə silahlandırdığımız kütlə ilə uzağa gedə bilməyəcəyik. Olsa-olsa, bir neçə aylıq hakimiyyət kürsüsü əldə edə bilərik. Sonra qəzəbə vərdiş etdirdiyimiz kütlə bir gün də bizi ayaqları altına alacaq.

 

Bəli… Mənim bu doğum günündə bu böyüklükdə adama maddi olaraq hədiyyəm kiçik ola bilər, olmaya da bilər… Ötən il – 50 yaş yubileyində ömründə heç bir zaman rəngli boya ilə işləməyən biri kimi portretini çəkdim. Rəssam olmayan mən üçün bəlkə də böyük hədiyyə idi, düşünürəm ki, elə onun özü üçün də gözlənilməz idi o hədiyyə…

 

Bu gün mənim ona insan övladının ən çox ehtiyac duyduğu ən böyük hədiyyələrim var – vəfa, sədaqət, sevgi, güvən, etibarım, bu müqəddəs yolda yol yoldaşlığım, dostluğum əmanətimdir.

 

Qoy, bu sadaladıqlarım daim baş tacınız olsun, bəy, hər zaman belə qalın, vətəni, milləti, insanları, insanlığı belə sevin…

 

Doğum gününüz qutlu olsun, yüzminlərin, milyonların sevdiyi, sevdiyini deməyə hələ cəsarət edəmədiyi, amma güvəndiyi ÜMİD ADAM İqbal Ağazadə! Bu günkü doğum günündə də 52 yaşlı doğulan 52 yaşındakı adam!

 

Əbu Turxanın belə bir deyimi var: Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya gərəkdir. İqbal bəy böyük ideyalara imza atan şəxsiyyətlər sırasındadır. O, böyük məqsədlər üçün, xüsusən Azərbaycan üçün bütün kiçik məqsədlərə göz yumaraq, bütöv Azərbaycan fədaisidir.

 

Elə burada da Franklinin deyimi yerinə düşür –  əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. İqbal bəy əlinə də, dizinə də, hətta ürəyinə də batan tikanların ağrısını, acısını çəkə-çəkə məmləkətimiz üçün heç bir irsi hakimiyyət bazası, kimsənin liderliyi altında yaranmayan bir təşkilat yaratdı. O, ona qarşı söndürülən işıqların fonunda ÜMİD işığını yandırdı. Bu işığın nuru xalqın gələcəyinin açarı, istiqbalıdır. Və bu işığı qiymətli bilənlərin də yolu və ideyası bəllidir…

 

Daha çox sözlər deyərdim, yazardım… Amma özünə saxlayıram o çox sözləri də, o çox sözləri ifadə edəcəyi zamanı da O özü deyəcək sözünü… Mütləq deyəcək!

 

Çox zaman itirmişik. Sevgiyə, birliyə, sülhə, barışa inanaq. Öz içimizdədir onlar. Sadəcə hiss etmək gərək. BUNUN ÜÇÜN SƏBƏBİMİZ O QƏDƏR BÖYÜKDÜR Kİ!

 

QANLI-QADALI GÜNLƏRDƏN, ƏZABLARDAN KEÇƏN, ŞƏHİD QANI İLƏ SUVARILAN DÖVLƏTİMİZ AZƏRBAYCAN!

 

 

Bugün səbəbimiz daha böyükdür, sizin məsuliyyətiniz qədər böyük…

Səbəbi sizin dediyiniz AZƏRBAYCAN, BÜTÖVLƏŞMƏSİ GƏRƏKƏN AZƏRBAYCAN – o günə doğru birlikdə ümidimizdən ikiəlli yapışmışıq – bizə hədiyyə edəcəyiniz AZƏRBAYCANA DOĞRU! BIRLIKDƏ!

 

Şərh yaz