Ümid Partiyası Ali Məclisin üzvü, Ucar rayon şöbəsinin sədri Akif İsmayılzadə Umidparty.org saytının müsahibidir.
Akif bəy, ölkədəki vəziyyəti necə xarakterizə etmək olar?
Son bir ildə həyat demək olar, dünyanın hər yerində eyni oldu. İnsanlar ötən yüz ildə üzləşmədikləri həyatı yaşamağa məcbur oldular. Sözsüz ki, bu vəziyyət dünya siyasətinə və iqtisadiyyatına təsirsiz qalmadı. Azərbaycan da dünyanın bir parçasıdır. Nəinki Azərbaycan, ümumiyyətlə dünya bir-birinə zəncirvari formada bağlıdır. Bu gün hətta dünyanın Azərbaycandan kifayət qədər uzaq olan ölkələrində belə baş verən hadisələr digərləri üçün təsirsiz qalmır. Ötən ildən dünyanı təhdid edən koronovirus pandemiyası da ciddi fəsadlar yaratdı. Demək olar ki, əksər sahələrdə iş ahəngi pozuldu. İş yerləri pandemiya səbəbindən bağlandı. Sözsüz ki, dünyada atılan bir çox addım məcburiyyət qarşısında, insanların sağlamlığına görə edildi. Yuxarıda qeyd etdiyim kimi bu siyasətə də təsirsiz ötüşmədi.
Azərbaycan əsgəri ötən il işğala da son qoydu. Ölkəmiz artıq işğal edilmiş ölkələr siyahısında deyil. Bununla bağlı nə deyə bilərsiniz?
Kifayət qədər qürurverici haldır. Mənim kifayət qədər yaşım var. Tam səmimi deyirəm, hətta bu yaşımda belə döyüşə hazır idim. Onu da qeyd edim ki, Ucar əhalisi bütün Azərbaycanda olduğu kimi bir ürək, bir can olaraq, həmin dövrü yaşadı. Müəyyən qadağalar olsa belə, zərurət olduqda rayon mərkəzinə çıxır, insanlarla qanunların müəyyən etdiyi çərçivədə görüşürdük. Hamının bir istəyi var idi: son nəfərə qədər döyüşək və Qarabağı azad edək. Bu, inam idi. Uzun illərdir ki, mən də o inamla yaşamışam. Şükürlər olsun ki, artıq Qarabağ adlı həsrətimiz, nisgilimiz sona çatdı. Yarımçıq qalanlar da həll olunacaq deyə inanırıq.
Təəssüf ki, ölkənin əksər bölgələrindən olduğu kimi Ucar rayonundan da Vətən Müharibəsində şəhidlər verdik. Ucarın neçə nəfər şəhidi oldu?
Bəli. Təkrarçılıq olsa da deməliyəm ki, qələbə qurbansız olmur. Mən o gənc övladların pak ruhları qarşısında baş əyirəm. Onların hamısını öz övladlarım hesab edirəm. 26 igidimiz şəhidlik məqamına ucaldı. Hər igid mənim aləmimdə bir ordu deməkdir. Ancaq yuxarıda qeyd etdiyim kimi nə etmək olar? Bu, müharibənin qanunlarındadır. Biz qəbul etsək də, etməsək də belədir. Şəhidlərimizin dəfinində maksimum şəkildə Rayon Şöbəsinin aktivləri ilə birlikdə iştirak etdik. Qazilərimizlə pandemiya dövrü olduğu üçün bugünün qanunlarına uyğun olaraq görüşürük. Allahdan onlara şəfa arzulayıram.
Partiya quruculuğu işləri hansı mərhələdədir?
İşlərimizdə durğunluq olmasına imkan vermirik. Yalnız mümkün vasitələrdən istifadə çərçivəsində görüşürük, məsləhətləşirik. Virusa yoluxma sayındakı azalma bizi ümidləndirir. Inanıram ki, həyat əvvəlki vəziyyətinə qayıdacaq. Və biz yenidən ənənəvi siyasətə start verəcəyik. Ümidin hakimiyyətə gəlməsi üçün artıq manelər aradan qalxıb. Biz ilk seçkilərdə qalib gələcəyik.
QEYD: İsmayılzadə Akif Səlim oğlu 20 may 1949-cu ildə Yevlax rayonunda anadan olub. Ali təhsilini Politexnik İnstitutunda alıb.
Ümid Partiyası Ali Məclisinin üzvü, Ucar rayon şöbəsinin sədridir.