Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6-da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Videokonfransda 31 siyasi partiyanı (Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Kommunist Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Yeni Zaman Partiyası, Ədalət Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Azərbaycan Xalq Partiyası, Ağ Partiya) təmsil edən 50-dən çox qadın iştirak edib.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən qadınları Prezident İlham Əliyevin adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlar siyasi həmrəylik uğrunda”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Yıldırım “Qadınların demokratik parlament ənənələrinin inkişafında rolu və siyasi dialoqa töhfələri”, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri “Müsavat Partiyasının üzvü) Novella Cəfərova “Vətən müharibəsi və insan hüquqları”, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Siyasi proseslərdə qadınların iştirakı”, Hüquq müdafiəçisi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin rəhbəri (Müsavat Partiyasının üzvü) Səidə Qocamanlı “Qadınların qərar qəbuletmədə rolu”, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (Azəri-Türk Qadınlar Birliyinin sədri) Tənzilə Rüstəmxanlı “Vətən müharibəsində qəhrəman qadınlar”, Azərbaycan Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Qadınlar barış və dialoq təbliğatçılarıdırlar”, Azərbaycan Milli İstiqlal Partiyasının fəalı Ceyran Ənsər “Siyasi dialoq mədəniyyətinin inkişafı”, Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı “Siyasi dialoqun zərurəti: mövcud vəziyyət və perspektivlər”, Milli Cəbhə Partiyasının fəalı Almaz Məmmədova “Təhsildən kənar qalan qadınlar: mövcud problemlər və çıxış yolları” və iştirakı” və Gələcək Azərbaycan Partiyası Qadınlarla iş üzrə sədrinin müavini Tovuz Soltanova “İctimai sektorda qadınların fəaliyyəti və inkişaf yolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Umidparty.org Tamilla Qulaminin çıxışının tam mətnini oxuculara təqdim edir:
Xoş gördük, hər birinizi salamlayıram. Mən də fürsətdən istifadə edib Azərbaycan xanımlarını qarşıdan gələn bayram münasibətilə təbrik edir, hər birinə çiçəklənən, sülh içərisində yaşayan, barış və dialoqun hakim olduğu bir cəmiyyət diləyirəm. İstərdim ki, Azərbaycan övladları, onları tərbiyə edən qadınlarımızın içi hər zaman sevgi, qəlbləri övladlarını güvənli cəmiyyətdə böyütmək üçün fərahlıqla, huzurla dolu olsun. Bu yerdə demədən keçə bilməyəcəm, bizə zəfəri yaşadan, torpaqlarımızın işğaldan azad olunması üçün canından keçən şəhidlərimizin, şəhid bacımız Arəstə xanımın ruhu qarşısında baş əyir, şəhid xanımlarına, ailələrinə səbr diləyir, o övladları böyüdən analara can sağlığı arzulayır, əllərindən öpürəm.
Şərqdə – Azərbaycanda qadınların yeri tarixən çox önəmli olub. Ancaq təəssüf ki, müəyyən səbəblərdən zaman keçdikcə biz bu yeri dünyaya daha çox tanıda bilməmişik və bu gün gender bərabərliyindən, qadınların cəmiyyətdəki rolundan danışanda şahidi oluruq ki, Şərqin qadınlara münasibətdə ənənəsinə çox da ciddi diqqət ayrılmır. Azərbaycan qadını, o cümlədən Şərq qadını uzun illər cəmiyyətin əsas sütunlarından biri və barışın, dialoqun əsas təbliğatçılarından olublar.
Zaman-zaman bütün müharibələrin həllində qarşıdurmaların, yaxın tayfalar, qohumlar arasında savaşın qarşısını alan qadınlar olub. Azərbaycanda qadına verilən dəyər belə olub, Azərbaycan türk qadını bir kəlağayının, yaylığın atılması ilə böyük savaşları durdurub, kəskin qılınclar qınına girib. Bu gün Azərbaycan cəmiyyətinin də o ənənələrdən çıxış edərək, barışa və dialoqa böyük ehtiyacı var.
Barış və dialoqun olmadığı yerdə cəmiyyətə heç bir ideoloji, siyasi institutlar və s. töhfə verə bilməz. Müharibələri öz ərazisindən çıxaran dövlətlər barışın və dialoqun cəmiyyət, dövlət üçün nə qədər əhəmiyyətli olduğunu gözəl bilirlər. Avropa Birliyi öz içərisindən böyük ideoloji, hərbi savaşları çıxararaq, barış içərisində yaşamağın huzurunu tapıb, sərhədsiz bir bölgə, coğrafiya yaradıblar.
Biz də müxtəlif qütblərdə dayanan ideolojiləri, mövqeləri fərqli olan cəmiyyətləri, institutları, təşkilatları bir araya gətirməyi bacarmalıyıq. Bunun üçün qadınların rolu danılmaz olmalıdır. Biz mütəmadi tədbirlər, elmi-praktik konfranslar keçirməli, birlikdə olmalıyıq ki, başqaları bizim bir yerdə olmağımızın cəmiyyətə nə qədər üstün mövqelər təqdim etməyimizin şahidi olub da siyasi təşkilatların rəhbərlərinin də bir araya gəlməsində problem görməsinlər.
Qadın sözün əsl mənasında böyük qüvvədir. Əgər bütün təşkilatlarda olan qadınlar hər hansı bir problemlərin masa arxasında çözülməsi istiqamətində ilkin təşəbbüslə çıxış edən tərəf olacaqsa, inanırıq ki, başqa tərəflər də ən azı bu məsələlərdə sərt mövqelər, kəskin ritorikalar, hərəkətlərdən çəkinəcəklər.
Hesab edirik ki, bu istiqamətdə Azərbaycan qadını hansı siyasi təşkilatda olmasından asılı olmayaraq, bir az da təşəbbüskar olmalıdır ki, digərləri də bizi ayıran məsələlərdə ən azı geriyə durmağa başlasınlar.
Harda qadın varsa, orda əxlaq var, harda xanımlar varsa, orda barış var, dialoq var, inkişaf var, tərəqqi var və hesab edirik ki, məişətimizin bütün problemləri qadınlarımızın çiyinlərində olsa da, çalışmalıyıq ki, bu gün siyasi-ictimai həyatımızda da yükün böyük bir hissəsini qadın öz üzərinə götürsün ki, cəmiyyətimiz barışdan, dialoqdan qaçmasın. Məhz cəmiyyətimizin rifah halında yaşaması üçün bütün bunlara çox ehtiyac var. Bu zaman cəmiyyətimiz gördüyü örnəklərdən savaşa yox deyəcək, daxildə kəskin ritorikaları geri çevirəcək, huzurun nə olduğunu tapacaq.
Azərbaycan dünyada çox da böyük coğrafiyaya, əhaliyə malik deyil, amma millətimizin, xalqımızın xoşbəxt yaşaması, coğrafiyamızda sülhün olması üçün əlimizdən gələni etməliyik. Bu da daxildəki münasibətlər sisteminin doğru tənzimlənməsindən başlayır. Bayram ərəfəsində bu problemləri sadalamağı münasib hesab etmirəm, həm də ona görə ki, hər bir qadın Azərbaycanın, ailəsinin problemlərini daha yaxşı bilir, cəmiyyətimizin də problemləri bizə aydındır, bu gün problemlərdən daha çox barışa, dialoqa səsləyən mövqelər ifadə etməliyik ki, o problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərə bilək. Ona görə də hər birinizi barışa, dialoqa, təşəbbüskar olmağa çağırır və inanıram ki, ən kiçik problemimizdən ən böyük problemimizə qədər cəmiyyəti narahat edən nə varsa, onu ilk siyasi, ictimai təşkilatların qadınları masalara daşısa, müzakirə predmetinə çevirsə, o problemlər daha tez həllini tapacaq və cəmiyyətimiz huzur, barış, dialoq və ən əsası sevgi içərisində yaşayacaq.
Hər birinizə bir daha təşəkkür edirəm, bayramınız mübarək!