Xəyalımdakı Şuşam

… Ağdamın müasir formada tikilmiş göyşüşəli üçmərtəbəli təzə avtovoğzalında qələbəlik idi.

Binanın içərisi, həyətindəki marşrutların gediş istiqamətləri, yola düşmə vaxtı yerli-yerində göstərilib. Daha nəyisə soruşmağa ehtiyac qalmır.

Hər yarım saatdan bir Ağdam-Şuşa avtobusu yola düşür. Bilet alıb növbəti avtobusa əyləşdim.

Avtobus Uşaq  Xəstəxanasının yanından ötüb güllü-çiçəkli geniş küçəylə Ağdamın içərisinə doğru irəliləyir. Şəhərin Ticarət Mərkəzi Avropanın ən böyük Ticarət Evini xatırladır. Adamların çoxluğu satışda həmişəki kimi axtarılan malların tapılacağından xəbər verir.

Ağdam Dram Teatrı öz əzəmətini qoruyub saxlayıb.

Meydan bir az da genişlənib. Daha yaraşıqlı olub.

Hərbi Komissarlıq daha müasirdi. Girişdə dayanan əsgər və zabitlərin hərəkətləri buranın nizamlı hərbi obyekt olduğu qənaətini yaradır.

Diqqəti daha çox çəkən Abidə Meydanındakı üstü adlarla dolu qara lövhələrdi. Lövhələr elə yerləşdirilib ki, sonuncu adı oxumaq mümkün olmasa da, yazısı hiss olunur. Mən buraları gündüz keçdiyimdən gecələr məşəlin dalğalanan işığında lövhə və yazı yerdəyişməsini, ancaq təsəvvürümdə canlandıra bilirəm.

*  *  *

… Ağdamdan çıxan avtobus Əsgəran qalasından keçib Şuşaya istiqamət götürür. Avtobus dolanbac yollarla Şuşaya doğru qalxdıqsa ətrafdakı gözəllik adamı özünə çəkir. “Yarəb! Buralar necə də gözəlmiş” – deyə, düşünürsən.

Bu qədər gözəllikmi olar? Bunu duymaq, hiss etmək üçün bu yerlərdən uzaq düşüb, buralara yenidənmi qayıtmaq lazımmış? Özününkü olana dəyər vermək bu qədərmi çətinmiş?

Bu füsunkar təbiətin pəncərədən içəri dolan xoş rahiyəsi adamı məst edir. Bəlkə də çoxdan belə hissləri yaşamadığımızdan, təbiətin bu qədər gözəl olduğunu unutduğumuzdandır bütün bunlar.

Avtobusda bizimlə ilk dəfə buraları görən turistlər təəccüblərini gizlədə bilmirlər.

*  *  *

Avtobusun Qala qapısına nə vaxt çatdığını hiss etmədim.

Şuşanın girişindəki Qala divarları, Qala qapısı adamı keçmişə aparır.

Daha çox diqqət yetirdikdə burada müasirlik elementlərinin də olduğu hiss olunur.

… Avtobus Şuşa avtovağzalında dayanır. Avropa və Şərq üslublarının sintezi ilə tikilmiş bu binada köhnə və yeni Şuşanın elementləri hiss olunur.

Buradakı turş sudan içib bir az rahatlanıram. Hər dəfə bura gələndə avtovağzalın restoranında ilk növbədə xəngəl yeyərdilər. İndi çoxsaylı turistlər də diqqətdən qaçmayıb. Yeməyin çeşidləri artılıb. Şuşalıların iaşə xidmətindən olmaz.  Bu hər zaman belə olub. İndi xidmət bir az da müasirləşməklə yanaşı şuşalıların xidmət özünəməxsusluğu da saxlanılıb.

*  *  *

Şuşaya gələn turistlərin çoxluğunu nəzərə alaraq lövhə və reklamlar iki dildə: azərbaycan türkcəsində və ingiliscə yazılıb. Şuşanın görməli yerlərində olmaq (əslində, Şuşanın hər yerində özünəməxsus gözəllik və qədimlik var), onun haqqında informasiya toplamaq üçün hər cür imkanlar yaradılırdı. Bu vəzifəni gitlər-tərcüməçilər yüksək səviyyədə yerinə yetirirlər.

Biz Şuşaya gələndə reklam lövhələrində burda Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi bildirilirdi.

*  *  *

Şuşa şəhərini salan Pənahəli xanın Şuşa üçün, Qarabağ üçün elədiklərini eşidən hər kəsin könlündən onun möhtəşəm heykəlinə təzim etmək keçir.

Mir Mövsün Nəvvabın qəbri, Vaqifin məqbərəsi, Natəvanın, Üzeyir bəyin, Bülbülün ev muzeyləri yeni görkəm alıb. Onu da deyim ki, Natavanın, Üzeyir bəyin və Bülbülün büstləri daha etibarlı olsun deyə, mərmərdən hazırlanıb.

17 məhəllənin hər birinə xüsusi lövhələr vurulub.

Gövhərağa Məscidi. Tarixi keçmişə minbərindən şahidlik etmiş məscid yaşa dolmuş kimi görünür. Onunla danışmağa, onu dinləməyə, dua etməyə gələnlərin sayı-hesabı yoxdur.

Bazar yenə qaynayır.

Bu da Cıdır Düzü.

Burada kəkotulu kababdan, kəkotulu çaydan dadanların dad hələ də damaqlarındadı. Panoraması ilə seçilən Cıdır Düzü, bir qədər də gözəlləşib. Ətrafda xüsusi zövqlə tikilmiş obyektlər onun təbii gözəlliyini bir qədər də artırır.

*  *  *

Hamı Topxana meşəsinə, taladakı iri qara ağaca baxır. Armud ağacına. Tərcüməçi turistlərə ağacı göstərərək inadla nəyisə izah edir. (O həmin ağacdır ki, Qarabağ hadisələri zamanı ermənilər tərəfindən Topxana meşəsində kəsilməsi Azərbaycan xalqının Milli Oyanışında rəmzi başlanğıc rolunu oynamışdı).

Gələn qonaqların hamısı enli yolla məşhur İsa bulağına enir. Hər tərəfdə bir səliqə-sahman var. Xanəndələr dəstəsi… Yemək, içmək məclisi… Su da elə həmin sudur: saf, büllur.

*  *  *

Həmişə gözəl olan Şuşanın nə təmiz havasından, suyundan, təbiətindən, nə özündən, nə də baxışlarından doymaq olmur!

Görənin bir baxışla vurulduğu Şuşadan ayrılmaq istəməsək də, müvəqqəti ayrılmaga məsburuq.

Şuşadan çıxanda avtobusdakı turistlərlə birlikdə “Necə də gözəlsən, Şuşam, ay Şuşam”, oxuyurduq.

 

 Rəfail Tağızadə

 Ümid Partiyası Ali Məclisin sədri

 

 

 

 

 

 

 

 

 

Şərh yaz