Demokratikləşmə Azərbaycanda ictimai-siyasi düşüncənin ən ağrılı məsələsidir. Uzun illərdir, müxtəlif variantlar, inqilablar, birliklər, modellər üzərində baş sındırılır, lakin nəticə cəmiyyəti yenə də qane etmir.
Səbəb?
Demokratikləşməyə elmi yanaşılmır, onu sıradan situativ hadisələrə bağlayırlar. Ən böyük yanlışlıq isə seçkilərin demokratiya gətirəcəyinə bağlanılan ümidlərdir.
Bir neçə dəfə fikirlərimi dəyərli oxucular və izləyicilərlə bölüşmüşəm, istəyirəm ki, diqqətinizi bu məsələyə bir daha yönəldim.
Seçki – demokratikləşmənin prosedur məsələsidir, onun nəticələri hüquqi və ya qeyri-hüquqi ola bilər. Lakin heç bir nəticə demokratiya gətirməz.
Azərbaycanda keçirilən seçkiləri müqayisə etsəniz, dediklərimlə razılaşarsınız.
Bəs demokratikləşmə üçün vacib şərtlər nədir?
İlk növbədə, demokratiyanı xaricdən aktiv təhdid edən amillər olmamalıdır.
Azərbaycanda nəinki demokratiyanı, ölkənin müstəqilliyi və suverenliyini belə təhdid edən xarici faktorlar var.
Rusiya və İran buna bariz misaldır. Yeri gəlmişkən, postsovet ölkələrinin yaşadığı kataklizmlər məhz xarici faktorlarla bağlıdır.
Demək, bizim demokratikləşməmiz üçün optimal çevrə mühiti yoxdur. Avropa məkanına nəzər salsaq, ölkələrin vəziyyətini təhlil etsək, xarici faktorun demokratikləşmə üçün nə qədər vacib olduğuna bir daha əmin olarıq.
Bizim demokratikləşməmiz üçün mütləq şəkildə Rusiya və İranın təhdid və iddialarını durdura bilən beynəlxalq mexanizm mövcud olmalıdır. Nə qədər bu mexanizm mövcud deyil, demokratikləşməyə cəhdlər daha böyük milli problemlər və humanitar fəlakətlər gətirəcək. (Gürcüstanda işğal, Ukraynada müharibə, Moldovada separatizm, Azərbaycanın 2023-cü il sentyabra qədərki vəziyyəti, o cümlədən, İranın təriqət və məzhəb şəbəkəsini formalaşdırmaq cəhdləri)
Təəssüflə qeyd edim ki, indi dünya demokratikləşmə və universal dəyərlər dövrünün ağır mərhələsini yaşayır, demək, demokratikləşmək üçün optimal çevrə mühitinə ümid etmək çox tezdir.
Demokratikləşmənin digər şərti təhsilli və maarifli cəmiyyətin mövcudluğudur.
Acı da olsa etiraf edək ki, Azərbaycan cəmiyyəti təhsilli (yəni attestatlı və diplomlu) olsa da, maariflənmədən çox uzaqdır.
Biz hətta Sovet dövründə belə daha çox diplom üçün oxumuşuq. Bəhsəbəhslə hamı inəyini, qoyununu satıb, uşağını texnikumlara, institutlara qoyub.
O diplomluların əksəriyyəti də sonradan orta məktəbdə dərs deyərək, savadsız və maarifsiz nəsil yetişdirib.
Xurafatın, yabançı və zərərli qərb vərdişlərinin geniş yayılmasının başlıca səbəbi maarifsizlikdir.
Sosial şəbəkə seqmentindən bayağı və bir qədər görməmiş istifadənin də səbəbini orda – maarifsizlikdə axtarmaq lazımdır.
Din və məzhəb təbliğatının fanatik və dindən çox uzaq şəkildə aparılması, özünə faciəvi tərəfdarlar toplaması da o qəbildəndir.
Müstəqillikdən bu yana, ortada elm və təhsil konsepsiyası yoxdur, yeni azərbaycanlı obrazı planlaşdırılmayıb.
Hədəf və strategiya nədir, kimsə bilmir, nə alimin, nə tələbənin gələcəyi hüquq və strategiyada şəkilləndirilməyib.
Hələ də diplomlumuz məmur, alimimiz müəllimlikdən o tərəfə keçə bilmir, laboratoriyalar yox, təcrübələr aparılmır, kəşf və ixtiralar üçün şərait yaradılmayıb.
Demək demokratikləşmə üçün şərt olan maarif və təhsil ibtidai səviyyədədir.
İbtidai maarif və təhsil demokratiya gətirə bilməz.
Təbii ki, maarifsizlik ailə institumuzun da əsasını təşkil edir. Ailədə uşaqların qüsurlu tərbiyə edilməsi də buradan qaynaqlanır.
Bir qrup mühafizəkarlığın, digərləri isə liberalizmin şəklini çəkir. Heç kim topluma göstərdiyi dəyərin gerçəyini yaşamır.
Azadlıq ya boğulur, ya ondan sui-istifadə edilir.
Azadlıq istədiyini etmək deyil, daha çox istəmədiyini etməməkdir.
Biz nə edirik?
Azadlıq adı altında ya istədiyimizi edirik, bundan da zərərli vərdişlər və fəsadlar ortaya çıxır, ya da azadlığı məhdudlaşdırıb, insanlara, gücümüz çatana istəmədiyini etməyə məcbur buraxırıq. Beləliklə də, azadlığın gerçək üzünü cəmiyyətə, həm də formalaşan yeni nəslə göstərə bilmirik.
Yeni nəslin əksər nümayəndələri azadlığı istədiyini etmək kimi qəbul edir.
Biz isə bir cəmiyyətin, toplumun tərkib hissəsiyik.
Mənim azadlığım başqasının hüquqlarının başladığı yerə qədərdir.
Bura hər şey aiddir, – ritorika da, geyim də, davranış və hərəkətlər də…
Demokratikləşmənin əsas şərtlərindən biri olan maarif və təhsilimiz axsayır, belə şəraitdə demokratiyanın təşəkkül tapması olduqca çətin, bəzən isə mümkünsüz görünür.
Demokratikləşmənin digər şərti iştirakçılıqdır.
Azərbaycan insanı iştirakçılıq məsələsində çox mühafizəkardır. Bizim iştirakçılığımız kütlə fəlsəfəsindən o tərəfə keçmir. Söhbət cəmiyyətin fərqli düşünən təbəqəsinin, aktiv kəsiminin iştirakçılığından gedir, geniş xalq kütləsindən yox.
İştirakçılıq olmazsa, siyasi institutların və vətəndaş cəmiyyətinin formalaşması qeyri-mümkündür.
Siyasi institutlar və vətəndaş cəmiyyəti formalaşıb böyüyə bilmirsə, demokratikləşmə mümkünsüz görünür.
İnqilabları vətəndaş liderləri gerçəkləşdirə bilsə də, demokratikləşmə üçün siyasi institutlar və VC-lərin fəaliyyəti mütləqdir. Həm də nominal yox, dinamik, sistemli fəaliyyət…
Bizdə isə iştirakçılıq olduqca aşağıdır. Səbəblərini nə qədər desəniz, yazmaq olar, hakimiyyət yanaşmasından tutmuş, siyasi partiyaların yanlışlığına kimi…
Lakin nəticə dəyişmir, iştirakçılıq aşağıdırsa, demokratikləşmə üfüqdə belə görünmür…
Daha başqa səbəblər də var, lakin elə bunların yoxluğu da demokratikləşmənin ölkəmizdə nə qədər çətin olduğunu göstərir.
Belə şəraitdə nələr gözlənilir və ya nə etməliyik?
İran və Rusiyanın zəiflədilməsi və demokratikləşməyə mane olmayacaq səviyyəyə gətirilməsi istiqamətində dünyada gedən mübarizənin tərəfinə çevrilmədən (çünki bizi bunlardan qoruyacaq beynəlxalq mexanizm mövcud deyil, Ukrayna, Gürcüstan, Moldova, hətta elə öz torpaqlarımızın işğalı nümunəsi) maraqlarımızı və hədəflərimizi doğru müəyyən etməliyik. İlk mərhələdə uğur əldə etmişik, işğal olunmuş torpaqlarımızı azad etmişik, suverenliyimiz ölkənin hər yerində bərqərar olub.
İndi növbəti mərhələ Cənubi Qafqaz siyasətinin baş oyunçusuna çevrilməkdir:
– Bunun üçün bütün pozitiv ideyaların müəllifinə çevrilməliyik. (Cənubi Qafqaz Birliyi ideyası)
– Danışıqlara açıq, prinsipial mövqe nümayiş etdirməliyik.
– Güney Azərbaycan məsələsini İran proseslərinin mərkəzinə daşımalıyıq.
– Daxildə iqtisadi və sosial siyasətin əsasını rifah faktoru təşkil etməlidir. Şaxələndirilmiş iqtisadiyyat üçün tam yeni proqramlar işlənilməlidir, kənd təsərrüfatı mallarının ixracı üçün Rusiyadan asılılığı aradan qaldırmağın yolları tapılmalıdır.
– İdarəetmə sistemində siyasət yumşaldılmalı, idarəetmənin yükü mərkəzi icra hakimiyyətindən seçkili orqanlara paylanılmalıdır. (Konstitusiya islahatları, bələdiyyələrin statusunun artırılması, proporsional seçki sisteminin bərpası və s.)
– Münasibətlər sistemi yumşaldılmalı, Amnistiya və ya Əfv fərmanı ilə cəmiyyəti narahat edən, o cümlədən, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin təzyiq üsulu kimi istifadə etdiyi həbs olunmuş şəxslər azad edilməlidir.
Dünya universal dəyərlər sisteminin müdafiəsinə qayıdacaq, gec ya tez. Biz o dövrə xarici və daxili problemləri yüngülləşdirərək çıxmalıyıq. Bir sözlə, demokratikləşmənin bu mərhələsi KONSENSUS DEMOKRATİYASI olmalıdır.
Konsensus olan cəmiyyətlər yaşayır və inkişaf edir. Bu gün bizim buna daha çox ehtiyacımız var.
Sadaladığımız faktorlar aradan qalxdıqca, demokratikləşmə təbii axarında gedəcək. Demokratiya bir az vərdişlər, bir az da yaşam tərzidir.
Vərdişlərimizi və yaşam tərzimizi milli dəyərlərimizi itirmədən dəyişək ki, demokratikləşməni zorlamayaq…
Şərh yaz