İdarəetmədə qadınlara ehtiyac var – TAMİLLA QULAMİ

“Qadın haqları və Gender Bərabərliyi “ İctimai Birliyinin “Qadın hüquqlarının qorunması və gender bərabərliyi“ mövzusunda həyata keçirdiyi layihə çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə dünyanın, o cümlədən Azərbaycanın xəbər gündəminin ən aktual məsələlərindən biri olan qadın – kişi münasibətlərində gender bərabərliyi haqqında Ümid Partiyasının təbliğat və təşviqat məsələləri üzrə sədr müavini Tamilla Qulami ilə söhbətləşdik.

-Tamilla xanım, təəssüf ki, hələ də çoxları siyasətin qadın üçün olmadığını söyləyir. Azərbaycan siyasətində qadın çatışmazlığı məfhumu varmı?

Müsahibəni hər zaman işlətdiyim ifadələrdən biri ilə başlamaq istəyirəm. Qadınların uğurlu və bacarıqlı olmalarını istəməkdənsə, uğurlu və bacarıqlı olmaları üçün israrlı və yardımçı olmaq lazımdır… Yəni istəmək azdır, yardımçı olmağa çalışmalıyıq, israrla tövsiyyə etməliyik ki, insanlar özləri öz dəyərlərini, hüquqlarını bilsin. Bundan sonra isə hamılıqla aidiyyatı qurumlardan vətəndaş olaraq öz haqqımızı tələb edib ona sahib çıxmaq daha rahat şəkildə baş tutacaq.

Günü bu gün də Azərbaycanda qadınların vəzifələrdə, siyasətdə, biznes və ya digər sahələrdə təmsilçiliyinin az olması müzakirə olunan ən əsas mövzulardan biridir. Əsasən də siyasətdə qadınların iştirakçılıq mövzusu… Siyasət idarəçilikdir. İdarəçilik ta qədim dövrdən, insanın dünyaya gəlişindən – ibtidai icma quruluşundan ən ağır peşə hesab olunur. İdarəetmənin içərisində tayfanı, qəbiləni ərzaq təmin etməsindən tutmuş, ətraf mühitdən qorumaq və s. kimi çətin işlər olub. Sonrakı illərdə də idarəçilik döyüşlər, torpaq zəbt etmək, düşmən qarşısına çıxmaq kimi səciyyələndirilib və bütün bunlar hamısı da üst-üstə yığılaraq, vərdişlərə çevrilib, qadınların zərif cinsin nümayəndəsi olaraq, bu tipli ağır vərdişlərdən kənarda saxlanılmasına xidmət edib. Bu günə qədər isə yeni əsrlərdə, yeni illərdə texnologiyaların, oturuşmuş əziyyətsiz sistemlərin müəyyənləşməsinə baxmayaraq, uzun illər insanın əxz etdiyi, o dövr üçün çox yaxşı olan, indiki dövr üçün isə qadınların hüquqlarını və yaxud da gender bərabərliyini pozmaq kimi xarakterizə olunan, əsrlərlə yaşı olan bu vərdişləri birdən-birə tərgitmək çətin bir hal alıb. Məhz buna görə də qadın bir çox sahələrdən, ən çox da siyasətdən, idarəetmədən kənar qalıb, bir az da anlaqlı şəkildə uzaq tutulub. Yuxarıda da qeyd etdiyimiz kimi, siyasət son anda idarəetmədir.

21-ci əsrdə bu vərdişləri tərgitmək, bu vərdişlərdən uzaqlaşmaq təkcə Azərbaycan cəmiyyəti üçün deyil, dünyanın hər yerində çətin olub. Demokratiyanı artıq öz yaşam tərzinə çevirmiş Avropaya diqqət etsək, görərik ki, bu vərdişləri indinin özündə belə o qədər də rahat dəyişə bilməyiblər. Kabinetlərin, idarəetmənin tərkibinə baxsaq, qadınların idarəetmədə rolu bir o qədər də kütləvi hal almayıb, nisbət hər zaman kişilərin xeyrinədir. Demək ki, hətta belə ölkələrdə belə bu durumu nə kişilərin mühafizəkarlığı, nə də qadınların hüquqlarının tapdanması kimi yozmağa ehtiyac yoxdur, sadəcə uzun illərin vərdişlərinin nəticəsidir.

Uzun illərin mental dəyərləri, Şərq təfəkkürü, Şərq yanaşması Azərbaycan qadınının siyasətdə, ictimai həyatda, biznesdə yer tutmasına elə də ciddi şərait yaratmayıb. Bundan da əlavə qadınların hüquqlarını bu istiqamətlərdə bir qədər din də məhdudlaşdırıb, dinin təsiri nəticəsində kütləvi idarəetmədə, ailədən kənar ictimai statusları qadınlara çox az tanıyıb. Yaranışdan 8-ci əsrədək yuxarıda sadaladığımız səbəblərdən cəmiyyətlərin bu vərdişlərinin üzərinə bir də islam idarəetməsi gəlib. Sovet hakimiyyəti illərində bu vərdişləri pozmağa çalışsalar da, ümumilikdə vəziyyəti dəyişə bilmədilər.

-Necə fikirləşirsiniz, dövlət orqanlarında qadınların sayı qənaətbəxşdirmi?!

Diqqət etsək, görərik ki, Azərbaycan tarixində bütün dönəmlərdə birinci şəxs kimi qadın idarəetmədə olmayıb. Və yaxud da seçilənlər hamısı Milli Məclis səviyyəsində, hətta bu gün belə parlamentdə qadınların sayı 12-15 faizi ötmür. Çünki vərdişləri tərgidib də siyasət meydanına atılan çox az qadın var. Bir qədər də zaman lazımdır. Bunu feminizmə bağlamaq, qadınların hüquqlarını tapdamaq kimi qiymətləndirmək, bu məsələnin üzərinə şüarçılıqla getməsini doğru bulmuram. Çünki nəticə olaraq əldə edəcəyimiz heç nə olmayacaq. Bu hallar cəmiyyətdə qarşıdurma əhval-ruhiyyəsini daha da gücləndirəcək, daha çox mühafizəkarlıq yaradacaq. Zaman-zaman bu vərdişlər sıradan çıxacaq. Bu gün iş adamı, məmur təbəqəsi, orta təbəqədə qadınların iştirakının sayı xeyli artıb. Düzdür, ixtisaslaşmış qadın kateqoriyaları, məsələn “Hüquq” fakültəsində az saydadırlar, amma “Filologiya” fakültəsində daha çox qadın görmək olar. Ona görə də bunun əlahiddə səbəblərini təkcə gender bərabərliyi pozuntusunda axtarmaq lazım deyil. Bütün bunların tək səbəbi insanın yaranışından ta indiyədək yaşam tərzindən asılı olaraq, formalaşdırdığı vərdişlər olub. Hə, bu vərdişlər ən çox hansı cəmiyyətlərdə olub, niyə olub, onu da qeyd etdik. Qadınlar təhlükələrdən qorunub, fiziki imkanları məhdud olduğundan – idarəçilik ta qədimdən məhz fiziki güc tələb etdiyindən kənarda saxlanılıb. Ta 16-17-ci əsrədək… İdarəçiliyin mahiyyəti – döyüşçünün öndə olmağı olub. Ölkəyə, ordugaha rəhbərlik edən hər kəsin önündə qoruyucu olmalıydı. Bunu da qadınlara rəva bilmirdilər. Avropada da, Şərqdə də, müxtəlif sivilizasiyalarda da bunun hamısı uzun illərin formalaşdırdığı hallar idi. Azərbaycan tarixində də, şərq tarixində tək-tək, nadir hallarda qadın idarəetmədə olub. Onun da yanında güclü ordugah komandanı, mütləq bir vəziri olub.

İndi bu vərdişlər təbliğatla, maarifləndirməylə, həm də bir az texnologiyaların inkişafı ilə, idarəetmənin mahiyyətinin dəyişməsiylə təbii şəkildə sıradan qalxacaq. Uzun əsrlərin formalaşdırdığı vərdişləri 1 ya 3 əsrlə yenidən formalaşdırmaq elə də asan məsələ deyil.

İnsan həyatda qarşısına qoyduğu məqsədlərə çatmaq üçün ailəsi, yaxınları, sevdikləri, dostları tərəfindən dəstəklənərsə, mütləqdir ki, istədiyi yola tez varacaq. Çünki biz özgüvəni məhz onların sayəsində artırırıq. Azərbaycanda müəyyən səbəblərdən qadınların özgüvəni zəifdir. Səbəbləri isə qeyd etdiyimiz vərdişlərdən əlavə ailə tərbiyəsi, məişət tərbiyəsi, çevrə tərbiyəsi, həm də bir az da cəmiyyət tərbiyəsindən irəli gəlir. Özgüvəni güclü olan qadınlara da bəzən cəmiyyətin həddən artıq aşırı basqıları, qınaqları ortaya çıxır. Bu hallar da qadınları geri çəkilməyə məcbur edir. Bu istiqamətdə qadınlar bir az təşəbbüskar olaraq, ilk növbədə, ən başlıcası harda olmasından asılı olmayaraq, bu cəsarəti başda dayananda dəyişmək mümkündür. Təkcə məmur təbəqəsində deyil, prezidentliyə iddialı, millət vəkilliyinə, nazirliyə iddialı olan qadınlar çox olmalıdır və bu kimi hallar formalaşdıqca, örnəklər olduqca yavaş-yavaş sıralara qoşulanların sayı artacaq. “Prezidentlik qadın işi deyil” demək artıq doğru deyil. Bu gün idarəetmənin fəlsəfəsi o qədər dəyişib ki, bəlkə də qadının idarəetməsinə daha çox ehtiyac var, çünki idarəetmə həm də bir humanizmdir. İdarəetmə artıq qan tökmək, torpaq işğal etmək, düşmən, ordu basmaq məsələsi deyil. Hal-hazırda qadına ehtiyac var ki, cəmiyyət barışa, dialoqa, mərhəmətə və sülhə daha çox xidmət edə bilsin. Sual edək. Kişilərimiz qadınlara dəstək verirmi? Kişilərin nə rolu ola bilir indiki zamanda? Siyasətdə, idarəetmədə təəssüflər olsun ki, kişilər çox az sayda qadınlara dəstək olur. Dəstək olanlar da kifayət qədər deyil bugünkü gündə. Bunun cinsə heç bir aidiyyatı yoxdur deyərdim, sadəcə illər uzunu idarəetmədə, gücdə öndə olduqlarını düşünən, iddia edən kişilər bu yeri rahatlıqla qadına verə bilməyəcəklər.

-Seçki və digər dövlət orqanlarında sizcə kvotaya ehtiyac varmı?

Düşünmürəm. Bu sualın cavabı çox da uzun, izahlı deyil. Yuxarıda sadaladığım fəaliyyətlər, vərdişlər bir formadan digər – əks formaya keçərsə, o zaman bütün əskikliklər də öz yerini dəyişəcək. Qanunun aliliyinin, fəaliyyətin, əməyin olduğu hər yerdə istər qadın, istərsə də kişi – bütün hallarda öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər. Bunun üçün isə xüsusi kvotaya ehtiyac yoxdur. Bəli, bərabərlik olarsa, nə gözəl, amma faydalı fəaliyyətin, vətən, millət, dövlət üçün yaxşı işləməyin kvotaya aidiyyatı yoxdur. Yuxarıda da qeyd etdiyim kimi sadəcə hal-hazırda qadına ehtiyac var ki, cəmiyyət barışa, dialoqa, mərhəmətə, sevgiyə və sülhə daha çox xidmət edə bilsin. Bu toplumsal və siyasi hərəkat içində qadının olması və gərəkən yeri alması qaçılmaz bir görəvdir. Məmləkətimizdə anaların ağlamasının nə demək olduğu daha yaxşı anlaşılacaq, məhz qadın olan siyasətçilərin çox olduğu bir ortamda gerçək çözümlər ortaya qoyula biləcək. İnanıram ki, kişi siyasətçilərimizin dəstəyi ilə qadınların siyasətdə yer aldığı bir ölkədə mütləqdir ki, hüzur hakim olacaq. Ən əsas da insan həyatında önəmli olan hüzur… Gələcəyimizi əmanət edəcəyimiz uşaqlarımıza təmiz və rifahlı bir ölkədə yaşama imkanı yaradaraq normal yaşam imkanları vermək, müasir təhsil dəyərlərini yüksək sərgiləmək bizim əsas amacımız olmalıdır.

-Sonuncu sualı belə qoyaq. Gənc siyasətçi olmağa iddialı qadınlara məsləhətiniz?

Qadınlar gərək yuxarıda da qeyd etdiyim kimi, özləri buna cəsarət etsin həm də. Və ən başlıcası… Qadınların ən böyük zəifliyi budur ki, qadınlar aktrisa olanda, qadınlar müğənni olanda, qadınlar ictimai-siyasi kəsimdə tanınmış biri olanda, məmur olanda seçimi “ya, ya” üzərində, yəni, ya ailə, ya peşə, vəzifə üzərində qurmamalıdır. Qadın həyat tərzini və düşüncəsini elə formada gəlişdirməlidir ki, cəmiyyət onun seçim qarşısında qaldığını sezməsin. Cəmiyyət bu zaman qadınla barışacaq. Cəmiyyət bu zaman qadının aktrisa, müğənni, məmur, ictimai-siyasi xadim, jurnalist olduğunu qəbul edəcək. Cəmiyyətin içərisində, xüsusilə kişilərdə belə bir qorxu var ki, “aman, mənim doğmam, yaxınım aktrisa olar, ailə qurmaz, müğənni olar, kimsə evlənməz, cəmiyyət ona başqa rakursdan baxar” və s. Bu tabuları ən başda qadın öz içində dağıtmağı bacarmalıdır. O, seçimi cəmiyyətə verməməlidir ki, mən həm müğənniyəm, həm də anayam. Qadınlar xəttlərini düz müəyyənləşdirməyəndə bu hallarla üz-üzə qalır. Üz-üzə qalmağın səbəbləri dediyim kimi cəmiyyətin də yanaşmasının təsirindəndir. Qadın dürüst olsun, müğənni olsun, qadın aktrisa olsun, dürüst olsun, eləcə də ictimai-siyasi xadim, jurnalist və s. Dürüstlüyün içərisində həm də münasibətləri düzgün bəlirləyəndə cəmiyyət qəbul edəcək. Cəmiyyət təəssüflər olsun ki, yaşam tərzinin gəlişdirdiyi düşüncələr, mental dəyər dediyimiz nüansların sayəsində düşünür ki, həə, bu aktrisadırsa, bundan ailə saxlayan olmaz, uşağa baxan olmaz. Biz bu fikri dəyişməliyik.

Necə? Dürüstlük, sədaqətlə… Hökmən mühit budur deyib də, yanlış addımlar atmalı deyilik. Kişilərin əslində qadını, ataların qızlarını, qardaşların bacılarını bu mühitə buraxmamasının başlıca səbəbi budur.

“Bizi qoymurlar” deməklə deyil, biz olduğumuz yerdən bütün tabuları dağıtmağı bacarmalıyıq. Azadlıq fiziki azadlıq deyil. Çox təəssüf ki, insanların böyük əksəriyyəti azadlıq deyərkən onu fiziki, daha çox qadın dilində desək, bədən azadlığı kimi qəbul edirlər: “Mənim bədənim azaddır, mənə məxsusdur, ondan necə istəyərəm, elə də istifadə edərəm.” Bu bilirsinizmi nəyə bənzəyir? Çox rast gəldiyimiz ifadələr var – mənim namusum mənim bədənim deyil – sən bədənin vasitəsiylə hərəkət edirsən, o hərəkətdir əsas olan… Yaşam tərzidir əsas mövzu, bədənimizlə yaşayıb, bədənimizlə də yaşam tərzini müəyyənləşdiririk. Bədən burada ən sonuncu dərəcələrdə olmalıdır müdafiə olunan…

İnsanlar azadlığı nə qədər ki, düşüncə azadlığı deyil də, bədən azadlığı, fiziki azadlıq kimi başa düşəcək, kişilərin də tabuları yaranacaq. Heç kim əlində olan heç nəyi bölmək istəmir. Qadınlar həyat yoldaşlarını, sevgililərini, ailəsini kimsəylə bölmək istəmədikləri kimi, kişilər də “hay-hay” heç bölüşmək fikrini ağıllarına gətirməzlər.

Və… Unutmayaq ki, bu gün ölkəmizdə qadınlar nə istədiklərini deməkdən qorxur, ona görə də istədiklərini əldə edə bilmirlər… Bu qorxu hissini aşmaq lazımdır. Fikirlərimi yazıçı Ayn Randın kəlimələriylə bitirmək istəyirəm: “Kimsə mənə sual verməsin ki, sənə kim izn verəcək bu yolda, bu mübarizədə? Mənə sual verin ki, sizi xalq, vətən, millət yolunda apardığım bu müqəddəs yolda kim durdura bilər ki?”

Təəssüflər olsun ki, ölkəmizin 20 faizi işğal altındadır, azad cəmiyyət quruculuğunda, şəffaf seçkilərin keçirilməsində hələ də problemlər yaşanır. Bütün bunları nəzərdən keçirərkən bir daha fərqinə varırıq ki, qarşımızda dayanan problemlərin həlli üçün daha çox insanın proseslərə cəlb olunmasına, ölkədə baş verən hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinə böyük ehtiyac var. Çünki hüquqi dövlət quruculuğu prosesində nə qədər çox fəal vətəndaşlarımız iştirak etsə, uğurlarımız o qədər çox olar.

Yolunuzdan dönməyin, əziz həmvətənlərim, əziz xanımlar, o yol dürüstlük, doğruluq yoludursa, heç vaz keçməyin… Yanlış şeylər üzərində çox çalışmayaq, doğru şeylər üzərində çalışmaq çox çalışmaqdan daha önəmlidir… Gec olacaq, zor olacaq, amma mütləq bir gün olacaq. Ya olacaq, ya da olacaq!

 

Şərh yaz