Ümid Partiyası Sabir Rüstəmxanlını ad günü münasibətilə təbrik edir

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlının doğum günüdür.
İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Sabir bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, siyasi və yaradıcı fəaliyyətində uğurlar diləyir.

umidparty.org Sabir Rüstəmxanlının “O torpaq bizləri götürməyəcək” şerini oxuculara təqdim edir:

Üzümə dağların nəfəsi dəyir,
Alışır, danışır, yanır, inləyir.
Torpağa qayıtmaq asan iş deyil
Bu zülmü bir qərar bitirməyək,
O torpaq bizləri götürməyəcək!Vətən dağlarında daş olanındı,
Göyündə qanadlı quş olanındı,
Sinəsin açmağa xış olanındı
Ağac ək, toxum səp, yetirməyəcək,
O torpaq bizləri götürməyəcək!Nə vaxt söz səpmişəm söz göyərdibdi,
Çaşıb köz səpmişəm köz göyərdibdi,
Əyri əkdiyimi düz göyərdibdi,
Get, dərdiyi ovut, başına əl çək,
O torpaq bizləri götürməyəcək!Hər daş qulağında dilini atdın,
Hər ev divarında əlini atdın,
Özün ölməkdənsə ölünü atdın
Nə qədər istəsən ağla, haray çək,
O torpaq bizləri götürməyəcək!

Bircə yol qorxudan sıyrılmadınsa,
Hər daşa, ağaca sarılmadınsa,
Vətəni qaldırıb qırılmadınsa,
Ruhun da o yurda dönməsin gərək,
O torpaq bizləri götürməyəcək!

Bəlkə qulu olaq, nökəri olaq,
Bəlkə Tərtər olaq, Həkəri olaq,
Namusun haqq-hesab çəkəni olaq,
Yoxsa hər dönüşlə soyumaz ürək,
O torpaq bizləri götürməyəcək!

Bu Vətən dərsləri üsullanmadan,
Gözündə hər daşı qızıllanmadan,
Hərə öz içində qüsullanmadan,
Üz tutub, yalvarıb tövbə etməsək,
Bu torpaq bizləri götürməyəcək!

 

Şərh yaz