DƏYİŞƏK! – İQBAL AĞAZADƏ

Dəyişmək Azərbaycan cəmiyyətini ən çox narahat edən düşüncədir. Hamı dəyişməkdən qorxur. Bəlkə bunun tarixi, mental, obyektiv, subyektiv səbəbləri var. Dəyişmək bəlkə yurd həsrəti ilə eyni səslənir – nə qədər soydaşımız ata-baba yurdunu tərk edərək yaşayış yerini dəyişib.

Göyçə, Zəngəzur, Zəngibasar, Təbriz, Urmiya, Borçalı, Dərbənd bizim itirdiklərimiz və ya bizdən ayrı düşənlərdir. Bəlkə dəyişmək qorxusunu yaradan bunlardır? Bəlkə Səfəviləri Afşarlara, onları Qacarlara dəyişməklə Azərbaycanın təlatümlər yaşaması qorxudub bizi? Bəlkə Rəsulzadə Cümhuriyyətini Sovet Azərbaycanına dəyişməklə içimizə repressiya, sürgün, qırmızı terror, kütləvi köçlər qorxusu salmışıq? Bəlkə SSRİ-ni müstəqil Azərbaycana dəyişərkən itirdiyimiz Qarabağ, gözəl Şuşa bizi dəyişmək fəlsəfəsindən uzaq salıb? Bəlkə bu dəyişiklikdə oğul-qızlarımızın şəhidliyi, itkin düşən doğmaların acısı bizi qorxudub? Bəlkə hakimiyyət dəyişikliklərindən sonra yaranan xaos, avtoritarlıq, repressiya, güvənli cəmiyyət yarada bilməməyimiz bizi dəyişmək fikrindən vaz keçirib?

Bəlkə, bəlkə, bəlkə…

Nə qədər desəniz belə faktlar sayıb dəyişməyin qorxulu olduğunu “sübut edə” bilərik. Amma dəyişməsək nə olacaq? Nə qazanacağıq?

Dəyişməsək bəşəriyyət, insanlıq, cəmiyyət adına nə əldə edəcəyik? Bizi dilsiz-ağızsız körpə kimi dünyaya gətirən uca Rəbbimiz hər keçən gün bizi fiziki, əqli cəhətdən dəyişmirmi? Biz dəyişə-dəyişə yaxınlarımız, doğmalarımız üçün xeyirli insan, övlad olmuruqmu? Hər ilimizi üç aylıq fəsillərə bölən təbiət hər mövsümdə iqlimi dəyişib bizi maddi nemətlərlə təmin etmirmi? Qış olmasa yazın gəlişini həsrətlə gözləyib o gözəlliyi yaşamağa can atarıqmı? Yazdan sonra torpağa, insanın ruhuna istilik gətirən yayı sevinclə qarşılayarıqmı? İsti yayı bərəkətli payıza dəyişməsək əməyimizin bəhrəsini necə görə bilərik?

Hər yeni dəbi həvəslə axtaran gənclik gündə bir üslubda geyinməyi seçirsə, bu dəyişiklik deyilmi? Hər gün dəyişirik – yeməyimiz, içməyimiz, geyimimiz, məişət əşyalarımız, baxış və düşüncələrimiz, haqq və hüquqlarımız, arzu və istəklərimiz, gözümüz qarşısında fidan kimi boy atan balalarımız, yaşlaşıb müdrikləşən valideynlərimiz və nəhayətdə, hər birimiz, hər gün ya dəyişdirib, ya da özümüz dəyişmirikmi? Ya biz dəyişdiririk, ya da bizi böyük Allah dəyişdirir…

Bunu qəbul etməyənlər dünyanın, inkişafın nəbzini tuta bilməyərək geri qalır, ləngiyir. Hər gün dəyişib dəyişdirdiyimiz halda nədənsə son 20 ildə hakimiyyət dəyişikliyini yaxına qoymuruq, qorxuruq.

Elə bilirik dəyişmək bizi geriyə atacaq, inkişafımızı ləngidəcək, əlimizdə olanları alacaq. Amma gerçəkdə isə biz özümüzə aid olanları dəyişdiyimiz kimi bəlli bir zaman çərçivəsində hakimiyyətlər də dəyişməlidir.

Dəyişməyən hakimiyyətlər xalqına sahib çıxmır, özünü, yaxınlarını düşünür, elə bilir ki, Allah kimi əbədidir və hər kəs ona qul olmalıdır. Bu düşüncə hakim olduqdan sonra vətəndaşın vəziyyəti hər gün pisləşir – maaşlar artmır, işsizlik baş alıb gedir, hakimi – mütləq olanlar, iqtidarlar vətəndaşları əzir, insanların hüquqlarını tapdalayır, haqqını əlindən alır, qorxudur, onlara öz mülkiyyəti kimi baxır. Hakimiyyətlərin xalq üçün olduğunu unudub, xalqı hakimiyyətlər üçün işlədirlər. Dəyişməməyin acı nəticələri bunlar olur.

Bu gün hər birimiz ABŞ-da, Fransada, Almaniyada, Böyük Britaniyada və s. demokratik ölkələrdə yaşayan insanlara az qala qibtə edirik. İqtidarın haqqını əlindən aldığı vətəndaşımız – qardaşımız, bacımız, qohum-əqrəbamız məcburiyyət qarşısında qalaraq bu ölkələrə mühacirət edir, orada maddi yardımla təmin olunaraq həm yaşayır, həm də təhlükəsiz həyatın nə olduğunu görürlər. Bu demokratik, güvənli həyat tərzini qəbul etmiş ölkələr görəsən ən çoxu on ildən artıq nədən öz vətəndaşlarına iqtidar olmaq imkanı tanımırlar? Doğrudanmı ABŞ-da hüquq yazan şəxslər o qədər götür-qoy etməyi, ölkələrinin və xalqlarının gəlir-çıxarını ölçməyi bacarmayan şəxslərdir ki, bir adama səkkiz ildən artıq prezident olmağa hüquq vermirlər? Axı ABŞ dünyanın ən qüdrətli və inkişaf etmiş dövlətidir.

Dəyişməyən ölkələrin siyahısına baxsaq, bilirsinizmi hansı mənzərə alınar?! Harda aclıq, səfalət, yoxsulluq, insan haqlarının pozulması, zor, güc varsa, orda dəyişməyən iqtidarlar hökm edir, 20, 30, bəzən də 40 il hakimiyyətdə olurlar. Qəddafi, Hüsnü Mübarək, Bin Əli, Səddam Hüseyn, Fidel Kastro və s. Bizim yaxın tarix deyilmi? Biz bunları görə-görə, bilə-bilə dəyişməkdən nədən qorxmalıyıq? Dəyişməyən hakimiyyətlərin sonu qan – qada, inqilab, üsyan, vətəndaş qarşıdurmasıdırsa, hər bir valideyn övladının gələcəyini belə görmək istəyirmi? Uşaqlarımıza belə sahib çıxırıqmı? Bu gün bizlər dəyişməkdən qorxuruqsa, bu, xalqın gələcəyini qaranlıq tale ilə üzbəüz qoymaq deyilmi?

Biz qan – qada, inqilab, üsyan, vətəndaş müharibəsi, qarşıdurma istəmirik! Biz seçkiləri dəyişməyin tək yolu hesab edirik. Seçkiyə getməyən vətəndaş ölkənin taleyini necə dəyişə bilər? Dəyişməsək, bizi hər gün sıxan, üzən bu problemlərdən necə qurtularıq? Hamımız ilk növbədə bunu düşünməliyik – dəyişməsək, yaşayışımız, itirilən torpaqlarımız, gün-güzəranımız, maaşımız, işimiz, taleyimiz, hamısı, olduğu kimi qalacaq. Hakimiyyəti dəyişməyə inanmalıyıq ki, ölkəmizin də, özümüzün də yaxşıya doğru dəyişəcəyimizə ümid edək.

Hər kəs bəzən çox laqeydcəsinə “guya növbəti gələn nə edəcək ki?” sualını verərək, yaxasını kənara çəkir. Hər bahar quraqlıq olur ki, əkdiyimiz bitməsin? Hər payız, yaz məhsulumuzu dolu, boranmı döyür? Hər yay isti qovururmu taxılımızı, biçənəyimizi? Hər bişirdiyimiz xörəyin dadı xoşumuza gəlirmi? Bizə yaraşan paltarı sonsuza qədər geyinirikmi? Onun da keyfiyyətinin dəyişdiyi vaxt olur axı.

Siz doğrudan düşünürsünüz ki, Allah bu xalqı qarğayıb, hər gələn hakimiyyətlər vətəndaşlara zülm edəcək?

Yox, əzizlərim, dəyişə-dəyişə doğrunu tapacağıq, ilk fürsətdə bu xalqa xidmət edəcək iqtidar yaratmağa, seçməyə bu ölkənin insanlarının gücü, ağlı yetəcək. “Xalqın gözü tərəzidir” deyib babalar. Siz dəyişməyə qərar verin, kimi seçəcəyinizi özünüz doğru təyin edəcəksiniz.

“Heç nə dəyişməyəcək” deyə illərimizi bada verməyi nə özünüzə, nə vicdanınıza, nə də balalarınızın gələcəyinə rəva görməyin. İçiniz, ruhunuz, vicdanınız, inam və imanınız rahat olsun deyə hər seçkidə dəyişikliyə cəhd edin, məntəqələrə gedin, özü də tək yox, ellikcə, sizə uyğun olanını seçib dəyişdirin. Dəyişdirin ki, bu vəziyyətiniz dəyişsin, dəyişdirin ki, millətimizin imzası imzalar içində olsun, dəyişdirin ki, işğalı qələbəyə, aclığı toxluğa, işsizliyi əməyə, haqsızlığı haqqa, elmsizliyi elmə, xəstəliyi sağlamlığa, nəhayət ömrümüzü rahatlıqla sürə bilək.

Xalqın, dövlətin, övladların, gənclərin, ahılların, müəllimin, həkimin, təqaüdçünün, imanlı insanların gələcəyi naminə dəyişmək vəzifəmizdir. Dəyişməyən tək uca Rəbbimizdir. O yaratdıqlarını dəyişirsə, bizə verdiyi ağlın nəticəsində pisi yaxşıya dəyişmək haqqımız və borcumuzdur.

Dəyişilənlər də qorxmasın. Biz onlara indikindən daha rahat həyat verəcəyik. Avtoritar rejimlər bəzən ona görə dəyişmək fikrini yaxın qoymaq istəmir ki, əməllərinə görə cəza alacağını düşünürlər. Biz cəza üçün dəyişmirik, biz sevgi, ədalət, mehribanlıq, sülh, əmin-amanlıq üçün dəyişirik. Biz dəyişilənləri də bağrımıza basmağı, onlara sevginin nə olduğunu göstərməyi qarşımıza məqsəd qoyan insanlarıq.

Biz ədalətin dostuyuq, biz insanlığın, sevginin, Azərbaycan vətəndaşının dostuyuq. Biz kimsəni düşmən elan etməyən, heç bir azərbaycanlını keçmişinə, siyasi mənsubiyyətinə, dini baxışlarına, etnik-milli tərkibinə görə çeşidlərə bölməyən düşüncə sahibləriyik. Biz bir ÜMİD qapısıyıq. Dəyişin ki, o ÜMİD qapısı Azərbaycanımızın üzünə açılsın. Açdığınız qapıda hər birinizi ədalət və güvəndən, sevgi və məhəbbətdən, firavanlıq və xoşbəxtlikdən başqa heç nə gözləmir…

2013-cü il

İqbal Ağazadə

Ümid Partiyasının sədri 

 

 

Şərh yaz