UMID MEDIA-nın “Sual-cavab” rubrikasında “Keçmişini bilməyən xalq gələcəyini qura bilərmi?” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə cavab verib.
umidparty.org həmin cavabı izləyicilərə təqdim edir:
Xalqlar keçmişə baxanda zəif, gələcəyə baxanda qüdrətli olurlar. Keçmişindən danışan xalqların böyük əksəriyyəti gələcəkdə perspektiv görməyənlərdir. Kim ki, gələcəyində perspektiv görür onlar heç vaxt keçmişin tarixi arxivlərinə ilişib qalmırlar. Onlar gələcəklərində nələr quracaqlarını, nələr edəcəklərini düşünürlər.
Şərq ölkələrinə, zəif ölkələrin əksəriyyətinə, elə bizim özümüzə baxın! Biz gələcəyimizdə qəhrəman yetişdirmək, torpağı almaq, dünyanın aparıcı dövlətinə çevrilmək barədə düşünməkdən daha çox Babəkə, Cavanşirə, Şah İsmayıl Xətaiyə və digərlərinə taxılıb qalmışıq. Bizimdirmi, bizim deyilmi, düz edibmi, etməyibmi deyə o tarixi daha çox vurğulamağa, onun üzərində, onun nostaljisi ilə yaşamağa çalışırıq.
Məsələn, deyirik ki, Şah İsmayıl Xətainin vaxtında torpaqlarımız nə qədər idi, halbuki, biz düşünə bilərik ki, itirilmiş torpaqları gələcəkdə necə qaytaracağıq.
Tarixi daha çox keçmişə söykənərək yaşatmırlar, gələcəyə yönəlik yaşadırlar.
Amerika xalqı və dövləti tarixinə söykənmiş olsaydı, gərək ingilislər oradan hər şeyini yığışdırıb köç edərdilər. Almanlar keçmişə söykənmiş olsaydılar, gərək faşist Almaniyasına, Hitler Almaniyasına görə bir ömür dünyanın qarşısında başıaşağı gəzəydilər. Yaxud 100 illik müharibələrdə, yaxud Fransa və Almaniyanın bugünkü münasibətləri çərçivəsində tarixi Elzas-Lotaringiya, Saar, Rur kömür hövzələrinə görə 100 illik müharibələri, düşmənliyini bu gün də davam etdirərdilər.
Tarix hər gün yazılmalıdır və hər gün yazılan tarix nə qədər uğurlu olacaqsa, millətin gələcəyi də o qədər uğurlu olacaq.
Biz tez-tez deyirik ki, mental dəyərlərə sahib çıxmaq lazımdır, keçmişini unudan gələcəyinə sahib çıxa bilməz.
Mən itirilmiş Güney Azərbaycanımı unutmaq istəyirəm ki, o itirdiyimi unudub onu qazanmaq üçün düşünüm. Mən 1736-cı ildə Borçalının verilməsini unutmaq istəyirəm ki, Borçalının nə zaman bizim olcağını bəlirləyə, şəkilləndirə, layihələndirə bilim, Dərbəndi də onun kimi, 1813, 1828-ci illərdə Güney Azərbaycan onun kimi, İrəvan, Zəngəzur onun kimi, müasir tariximizdə Qarabağ kimi.
Yox, keçmişə taxılsaq, onun üzərində qalsam, biz hər zaman məğlub olarıq. Hər zaman məğlub olanların keçmişi olmur. Onlar yeni tarix yazmalıdırlar. Bizim yeni tarixə ehtiyacımız var.