İqbal Ağazadə: “Qorxu mühiti yaratmaq istədilər, amma bacarmadılar”

Ümid Partiyasının sədri İqbal Ağazadə BBC Azərbaycanca kanalına müsahibə verib. Son günlər polis-vətəndaş münasibətlərindən danışan partiya lideri bildirib: “Uzun illərin polis-vətəndaş münasibətlər sistemi internet resurslarının və informasiya bolluğunun fonunda dağılıb. Polislə vətəndaş münasibətləri əvvəl cəmiyyət üçün açıq deyildi. İndi isə vətəndaş özü informasiya ötürücüsü olub. Polisin yeni münasibətlər sisteminə hazır olmadığı ortadadır. Polislər hələ qəbul edə bilmirlər ki, hər hansı bir hərəkətlərini çəkib göstərə bilərlər və bu da cəmiyyətdə böyük rezonans doğura bilər. Vətəndaşın zibil atması, qışqırması, fit çalması qanun pozuntusu deyil. Öz evindən etiraz edən vətəndaş həbs olunmamalıdır. Polis çalışmalı idi ki, vətəndaşı xoş dillə evinə qaytarsın, xəbərdarlıq etsin. Ancaq çölə çıxıb siqaret çəkən və ya zibil atan adamları maşına basıb bölməyə aparmaq doğru deyil”.

İ. Ağazadə qeyd edib ki, polisə səthi tapşırıq verilməsi güman ediləndir. Həmçinin partiya sədri əlavə edib: “Mərkəzləşdirilmiş təlim qaydası yoxdur. Rəislər hərəsi bir cür tapşırıq verir. Ümumi təlimat olmalı idi. Görünən odur ki, qorxu mühiti yaratmaq istəyirlər. Belə düşünürlər ki, polisə zibil atılması onun imicini zədələyib. Təəssüf ki, polisin tutan, həbs edən, vətəndaşa hücum edən obrazını yaradıblar. Onun vətəndaşı müdafiə edən, qoruyan obrazı yoxdur. İqtidara belə sərf edir. Polis məhkəmə qərarı ilə gəlməli, bildiriş verib vətəndaşı bölməyə dəvət etməliydi. Daha dörd-beş polisin evə girib vətəndaşın qolunu buraraq aparması yanlışdır. İnzibati xəta törətmiş şəxsin evinə niyə bu qədər polis gəlməlidi, onu soyundurub aparmalıdır?! Bu adam terroristdimi?! Məncə, vətəndaşa “dovşan” deyən polisdən öncə vətəndaşı soyundurub aparan polis kapitanı işdən azad olunmalı idi. Ümumilikdə bu məsələ diqqətlə araşdırılmalı, səlahiyyətindən istifadə edən hər kəs hüquq qarşısına çıxarılmalı, cəzalandırılmalıdır”.

Müsahibənin tam linki burada:

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz