2014-cü ildə dünya bazarında neftin qiymətinin çox aşağı həddə düşməsinə hakimiyyətin zamanında adekvat reaksiya verməməsi və əlavə olaraq milyardlarla vəsait xərcləyərək manatın məzənnəsini saxlama cəhdləri Azərbaycanın külli miqdarda valyuta ehtiyatının boşuna və heç bir geri dönüşü olmayacaq istiqamətdə mənasız yerə sərf olunması ilə nəticələndi. Qarşılığında isə devalvasiya baş verərkən hakimiyyət bu durumdan zərər çəkmiş nə banklara, nə maliyyə təşkilatlarına, nə də ki vətəndaşlara dəstək ola bildi. Halbuki sərf olunmuş 9 milyard vəsaitlə ölkənin həm maliyyə, həm bank sektorunun, həm də sahibkarlığın və kənd təsərrüfatının inkişafına düzgün, planlı şəkildə sərf edilə bilərdi və vətəndaşların banklardan götürdükləri kreditləri dövlət dəstəyi ilə ödəmək olardı.
Çox təəssüflər olsun ki, hal – hazırda Azərbaycan hakimiyyətinin yanaşması eyni olaraq qalır. Neftin qiymətinin kəskin şəkildə aşağı enməsi, ölkəyə daxil olan xarici valyutanın azalması və dollara olan təlabatın təxminən eyni səviyyədə qalması Azərbaycan iqtidarının əlində olan valyuta ehtiyatının xərclənməsinə gətirib çıxarır. Çünki Azərbaycan iqtidarı dövlət büdcəsinin müəyyən olunmasında neftin qiymətini 1 barelə görə 55 $ təyin etmişdi və gündəlik ixracatımız 720 000 barel civarında idi. Hal – hazırda isə neftin qiyməti 40 $ və gündəlik ixracat isə 554 000 barel civarındadı. Amma bunlara baxmayaraq, hakimiyyət yenə nələrəsə ümid edərək hazırkı duruma uyğun dünya iqtisadiyyatının gedişatını bilməsinə rəğmən vəziyyəti düzgün qiymətləndirmir, yenə də maliyyə sahəsində köhnə, uğursuz metodlar ilə dollara olan tələbin qarşısını qeyri – ənənəvi üsullarla almağa cəhd edir.
Son verilmiş qərar da onu göstərir ki, Azərbaycan iqtidarının dolların alışı ilə bağlı qoyduğu 500 $ limit və bu pulun alınması ilə əlaqəli vətəndaşın əlində olan pulun hardan gəldiyi, hara xərcləyəcəyi barədə banklardan yazılı şəkildə anket doldurmasını tələb etməsi absurd yanaşmadı. Əgər vətəndaşa özünə məxsus pulun hardan əldə edilməsi ilə bağlı bəlli bir tələb qoyulursa, iqtidara məlum olmalıdı ki, Azərbaycan vətəndaşı müəyyən sahələr üzrə çalışır, qazanır və qazancını istədiyi xarici valyutaya çevirərək saxlamaq haqqı var. Vətəndaşın öz şəxsi qazancını xarici valyutaya çevirərək evində saxlamaq istəyi onun haqqıdır və buna da səbəb yenə də iqtidardı. Çünki vətəndaşda dövlətə və onun valyutasına güvənsizliyi məhz iqtidar yaradıb. Əks təqdirdə əgər pul vətəndaş tərəfindən qeyri – ənənəvi yollarla qazanılıbsa, məsələn, rüşvətlə və.s. bu o deməkdir ki, bunun da günahkarı da iqtidardı. Çünki təyin olunmuş məmurlar iqtidar tərəfindən seçilib. Vətəndaşlardan rüşvət alan da, korrupsiyaya yol verən də, həmin pulu dollara çevirmək istəyən də məhz həmin məmurlardır. Bundan dolayı vətəndaşdan mənbəni soruşmağın heç bir əsası yoxdu.
Əgər 27 illik hakimiyyət müddətində hələ də sahibkarlığın fəaliyyəti qanun çərçivəsinə salınmayıbsa və tənzimlənməyibsə, bu günə qədər sahibkarlar dövlətin qanununa uyğun şəkildə vergi ödəyərək məhsulunu qanun əsasında istehsal edib, gömrükdən keçirib ixrac edə bilmirsə, həmçinin müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın əksəriyyəti qanuna uyğun olaraq əmək müqaviləsi bağlamayaraq rəsmi şəkildə əmək haqqı ala bilmirsə, öz qazancı barədə anket doldurma məcburiyyətində qalması düzgün deyil və bunun da səbəbkarı yenə də iqtidardı. Buna görə də bu cür absurd qanunlar qəbul etmək əvəzinə Azərbaycan iqtidarı yaranmış vəziyyətə daha adekvat yanaşma sərgiləməlidir. Mütəxəssislərlə birgə ölkədən çıxan valyutanın müəyyən sahələr üzrə qarşısının alınma yollarını düşünmək daha doğru olardı.
Bu gün Azərbaycanın əksər sektorları məhz xarici idxaldan asılıdı, əsasən qida sektoru xarici idxala möhtacdı. Nəyə görə qida sektorunu qeyd edirik? Çünki Azərbaycanda xaricdən gələn idxalın və ölkədən çıxan valyutanın qarşısını almaq üçün əsas çıxış yolu yerli qida sahəsinin inkişafını gücləndirməkdi. Çünki əhalinin xaricdən gələn qidaya olan asılılığını ancaq bu cür aradan qaldırmaq olar. Bununla yanaşı mütləq şəkildə kənd təsərrüfatı sahələrinin inkişafına da dəstək vermək lazımdır. Bu gün iqtidarın fokuslaşmalı olduğu məqam budur. Əks təqdirdə həyata keçirdikləri mənasız qanunlarla xalqın gələcəyi üçün ancaq problemlər yaradacaqlar.
Bu səbəblərdən dolayı Azərbaycan iqtidarına təklif edirik ki, hazırkı dönəmə müvafiq olaraq xalqın və dövlətin mənafeyinə uyğun şəkildə qərarlar verilsin. Həyata keçiriləcək qanunlar çərçivəsində gələcəyimiz üçün daha sərfəli olan layihələr üzərində işlər aparılsın.
Çünki dünya iqtisadiyyatının iflasa uğradığı bir dönəmdə atılan hər səhv addım, verilən hər səhv qərar Azərbaycan dövlətini böyük bir fəlakətə sürükləyəcək.
Xanlar Abbasov
Ümid Partiyasının gənclərlə iş üzrə sədr müavini