Tərtər rayonunun Buruc kəndində yaşayan Əliyeva Türkan Firdovsi qızı Tərtər Rayon İcra Hakimiyyətində qəribə suallarla rastlaşıb.
Ölkə başçısına müraciət edən Türkan Əliyevaya icra hakimiyyətindən cavab gəlib. O, icra hakimiyyətinə dəvət olunub və icra başçısı Müstəqim Məmmədov tərəfindən “Prezidentin baş-beynini niyə xarab edirsən?” sualı ilə rastlaşıb.
Hadisə ilə bağlı Türkan Əliyeva BAXAR.AZ saytına açıqlama verib:
“May ayının 2-də ölkə başçısına məktub yazdım. İyunun 11-də mənə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavinindən cavab gəldi ki, ünvanladığınız müraciətlə bağlı köməklik göstərmək mümkün deyil. Zəng etdim müavinə öz iradımı bildirməyə. Mənə dedi ki, telefon söhbəti deyil, gəl icra hakimiyyətinə. Özünə də dedim ki, şəraiti olmayan evdə yaşayıram. Uşaqlarımın sağlamlığına təsir edir. Sonra orada olan xanım mənə telefonu verdi ki, icra başçısı Müstəqim Məmmədov sizinlə danışmaq istəyir.
Müstəqim Məmmədov mənə “Məndən nə istəyirsən, sən bilmirdin ki, ailə quranda həyat yoldaşın kasıbdır, neçə il sonra uşağın olub?” kimi suallar verdi. Mən ölkə başçımız İlham Əliyevə yenidən müraciət edəcəyimi deyəndə mənə Müstəqim Məmmədov dedi ki, niyə İlham Əliyevin baş-beynini ağrıdırsan?”
Müstəqim Məmmədov isə KİV-ə açıqlamasında Türkan Əliyevanın Ümid Partiyasının üzvü olduğunu deyərək, vətəndaşın problemini həll etməyi yaddan çıxarıb. O deyib ki, Tamilla Qulami yalan danışır, onlar seçkidə uduzmuşdular, indi bunun heyfini bilmirlər ki, necə çıxsınlar.
BAXAR.AZ saytına açıqlamasında Ümid Partiyası sədr müavini Tamilla Qulami Türkan Əliyevanı seçki zamanı tanıdığını və onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atdığını qeyd edib:
“Parlament seçkiləri dönəmində mən kəndləri qarış-qarış gəzib insanların problemlərini dinləmişəm. Eləcə də, Türkan xanımgilin evində olmuşam. Problemi işıqlandırdım və adının çəkilməsini istəməyən bir şəxs ailəyə müəyyən qədər kömək də etdi. Ölkə ilə yanaşı Tərtərdə də parlament seçkilərində total saxtakarlığın olması səbəbindən seçkinin nəticələri dəyişdirildi və biz qalib ola bilmədik. Lakin Tərtərdə yaşayan insanlar bu gün də mənə müraciət ünvanlayır. Onlara bacardığım qədər dəstək olmağa çalışıram. Tək mən yox, Ümid Partiyasının digər üzvləri də vətəndaşlarla işləyirlər. Vətəndaşın probleminin həlli istiqamətində addımlar atırlar.
Ümid Partiyasının üzvü olmağa gəlincə Türkan xanım Ümid Partiyasının üzvü deyil. Lakin üzv deyil deyə ona kömək etməməliyik? Yoxsa, Müstəqim Məmmədov ancaq YAP-ın üzvlərinə kömək edir? Əgər, belədirsə, bu səhv yanaşmadır.
Ümid Partiyası olaraq, hakimiyyətə gəldiyimiz zaman vətəndaşın hansı partiyadan olmasından asılı olmayaraq hər birinə eyni səviyyədə yanaşacağıq. O zaman vətəndaş hiss edəcək ki, müstəqil Azərbaycanda yaşayır.”
Qeyd edək ki, Tərtərin bir qrup sakini su, örüş torpaqlarının olmamasından əziyyət çəkir. Dəfələrlə piket, aksiya keçirmələrinə rəğmən problemləri həll olunmur. Tərtərdə örüş torpaqlarının Müstəqim Məmmədov tərəfindən zəbt olunduğu da deyilir. Müstəqim Məmmədovun adı isə tez-tez mal-qara saxlamaqda hallanır.
baxar.az