Əlli nazir dəyişsə də heç nə düzəlməyəcək – İqbal Ağazadə

“Dünən Daşkəsəndə müəllimlə danışan adam bu gün Lavrovla danışır. Mən çəkinmədən deyirəm, Ceyhun Bayramov siyasətçi deyil. Siyasəti bilməyən adam kənd təsərrüfatı naziri, ədliyyə naziri, təhsil naziri və s. ola bilər, amma xarici işlər naziri olmaq üçün mütləq və mütləq siyasəti bilmək lazımdır.”

Umidparty.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-nin “Siyasi reaksiya” verilişinin qonağı olarkən deyib.

Partiya sədri qeyd edib ki, bu hakimiyyət, bu sistem dəyişmədikcə ölkədə 50 xarici işlər naziri dəyişsə də, heç nə dəyişməyəcək: “Çünki sistem bütövlükdə dəyişməli, xarici siyasət ölkənin maraqlarına görə formalaşmalıdır. Digər tərəfdən, Ceyhun Bayramov siyasətçi deyil. Dünən Daşkəsənin kənd məktəb direktoru ilə işləyən adam bu gün Lavrovla danışır, yəni bu adam Rusiyanın, Amerikanın xarici işlər naziri ilə nə danışacaq? Adam siyasəti bilmir. Siyasətçi yetişməlidir, proseslərin içində olmalıdır. Bu gün Ceyhun Bayramov Azərbaycanda heç üç siyasi partiyanın adını bilmir, xarici siyasəti necə aparacaq?”

İ.Ağazadə 15 iyul mitinqi ilə bağlı bu fikirləri səsləndirib: “Düşünmürəm ki, mitinqdə təxribat olub. Hərənin bir cür emosiyası var. Adicə toy edirik, bir az artıq spirtli içki içəndə kimsə içir toya dava salır. Bəlkə də deyəcəksiniz ki, müqayisə etməyin, amma belədir. Emosiyalar fərqlidir. Xüsusilə də kütlədə. Siz deyirsiniz, bu qədər adam yığılsın bir yerə, amma hansısa qarışıqlıq olmasın? Və ya hakimiyyət deyir ki, müxalifət təxribat yaradıb, Milli Məclisə müxalif gənclər girib. Siz diqqət edin ki, adamlar Milli Məclisə girib mərhum Heydər Əliyevin büstü ilə şəkil çəkdirirdilər. Müxalifətçilər nədən bunu etsinlər ki? Demirsiniz təxribatçıdır, dağıdıcıdır? Əgər hansısa təxribat olubsa, belə o boyda mitinqin möhtəşəmliyinin qabağında belə bir mənzərənin olması nəzərə alınmalı idi. Nədən öncədən təhlükəsizliyi təmin etmirdiniz? Ta başlayandan? Ona görə də bu kimi vəziyyətləri müxalifətin üzərinə atmamalı və yaxud da kiminsə başqa qüvvənin, beşinci kolonun əməlləri kimi qələmə verməli deyil. Satqınlar var hakimiyyətdə, beşinci kolon var? Həbs et, nədən həbs etmirsiniz?! Nədən dövlətin təhlükəsizliyini zərbə altına alırsınız?

İqbal Ağazadə verilişin irəliləyən dəqiqələrində cəbhədə gedən döyüşlərdən, hal-hazırda ölkədə baş verən gərginliklərdən, Rusiya-Azərbaycan münasibətlərindən, Azərbaycan-Ermənistan münaqişəsindən danışıb, gündəmlə bağlı bir sıra məsələrdə öz mövqeyini ifadə edib.

Sözügedən verilişi olduğu kimi təqdim edirik:

ÜMİD PARTİYASININ MƏTBUAT XİDMƏTİ

Şərh yaz