Millətləşmə prosesi formalaşır – İQBAL AĞAZADƏ

Amerikanın harasında olmasından asılı olmayaraq, bir insan millətin, dövlətin, bayrağın, ərazi bütövlüyünün, Qarabağ adına öz imkanları, həm də kiçik və məhdud imkanları hesabına bir yerdən fərqli yerə gələ bilirsə, bu, millətləşmənin ən böyük prosesidir və biz buradan bir millət olaraq, Azərbaycan adına çox böyük şeylər uduruq.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı yayımında qonaq olarkən deyib.

Aparıcı Ləman Ələşrəfqızının “xarici ölkələrdə, səfirliklər önündə təşkil olunan aksiyalar bizə nə verir?” sualına partiya sədri cavab verib ki, millətləşmə prosesi bu tip aksiyalardan doğur. Vətəndə millətləşmə prosesini gerçəkləşdirən və onu sübut edən torpaqların qorunması istiqamətində milli birlik və milli həmrəyliyin formalaşdırılmasıdırsa, xaricdə yaşayan həmvətənlərin millətləşmə prosesi kosmopolit düşüncədən və fikirlərdən uzaqlaşaraq, millətləşmə prosesini həyata keçirmək məhz bu tipli aksiyalardan başlayır. Amerikanın harasında olmasından asılı olmayaraq, bir insan millətin, dövlətin, bayrağın, ərazi bütövlüyünün, Qarabağ adına öz imkanları, həm də kiçik və məhdud imkanları hesabına bir yerdən fərqli yerə gələ bilirsə, bu, millətləşmənin ən böyük prosesidir və biz burdan bir millət olaraq, Azərbaycan adına çox böyük şeylər uduruq.

İqbal Ağazadə dövlətin rolunu xüsusi vurğulayıb ki, səfirliklərimiz  bu aksiyalardakı koordinator rolunu oynamalıdır. İndiyə qədər Azərbaycanda səfirlik institutları necə işləyirdi? Əvvəllər səfirliklər demokratiya, liberalizm və s. ilə bağlı layihələr elan edirdilərsə, indi də kiçicik vəsaitləri hesabına olsa belə QHT-lərin Azərbaycanı tanıması və Azərbaycanla bağlı informasiyaların daha geniş təbəqəyə, daha geniş auditoriyaya çatdırılması üçün layihələr etməliydi. O QHT-lər ilə işləsəydilər, indi azərbaycanlılar bu aksiyalarda tək qalmazdılar, bu prosesə orada yaşayan, həm də Azərbaycan səfirliyi ilə bu və ya digər şəkildə kontaktı olan adamları da, təşkilatları da, vətəndaş cəmiyyətinin institutlarını da qoşa bilərdilər. Böyük maliyyə vəsaitlərini bu istiqamətdə xərcləmək lazım idi. Çünki xərclənən maliyyə heç də havayı getməyəcəkdi. Tenderlər elan olunacaqdı, məsələn, Azərbaycanın ərazi bütövlüyünün tanınması, yaxud Azərbaycan xalçasının tanınması, təbii, Azərbaycan xalçası deyəndə ora Qarabağ xalçaları daxil olacaqdı, yaxud Azərbaycanın musiqi beşiyi deyən kimi hökmən Şuşadan və Şuşanın işğalı ilə bağlı çıxışlarla dünyaya çıxacaqdılar. Adamlar da Azərbaycan mədəniyyətinin, xalçaçılığının tarixini, Azərbaycanın qədim yaşayış məskənləri Azıxdan – Quruçay mədəniyyəti deyəndə dərhal Füzulidən danışacaqdılar –  dünyanın üçüncü ən qədim mədəniyyətindən və bu gün onun işğalda olduğunu qeyd edəcəkdilər.

Dünyaya başqa cür təqdim olunmaq mümkün deyil. Yəni, lobbiçilik, lobbiçilik yönündə aksiyalar bu şəkildə dünyaya təqdim olunur. Dünyaya bayraq, zopa, dəyənək götürüb kiminsə başına-gözünə vurub demirlər ki, biz kimik və hansı mədəniyyətə sahibik. Biz bunu uzun illər bu şəkildə etməli idik.

Verilişin sözügedən hissəsini təqdim edirik:

Şərh yaz