“Bütün rejimlər xalqı birləşdirmək üçün formul tapır. Məsələn, İranda İslam inqilabından sonra tapılan ən yaxşı şüar “Amerikaya ölüm” şüarı idi. Hesab edirəm ki, Azərbaycanda da “beşinci kolon”, “vətənpərvərlik hissi” və s. bütün bunlar problemlərin üstündən keçmək üçün qazanılan zamandır. Yoxsa elə “beşinci kolon” deyib də adlarını çəkdikləri adamlar niyə vəzifələrdə işləsin? Bu adamları vəzifəsindən uzaqlaşdırmaq, həbs etmək üçün hakimiyyətin əlində kifayət qədər imkanlar var. Etmirsə, deməli təbliğata oynanılan bir məsələdir. Ona görə də mən beşinci kolonun olduğu qənaətində deyiləm. Hə, bu başqa mövzudur ki, hakimiyyətdə Rusiyanı sevənlər, ona bağlı olanlar var”.
Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Avaz internet televiziyasının “Çarpaz sorğu” verilişində canlı yayımda olarkən deyib.
“Ədalət Vəliyevlə görüşdə nələri müzakirə etdiniz?” sualına partiya sədri görüşdə Qarabağ məsələsi, sosial problemlər,cəbhəçilərin qanunsuz həbsi barədə danışdığını qeyd edib.
“Görüşdə cəbhəçilərin həbsi ilə bağlı Ədalət Vəliyevin düyməni basıb kimisə azad edəcəyi düşüncəsində deyiləm. Bu məsələləri ona deməyimizin məqsədi odur ki, bacarırsa, mövqeyimizi ölkə başçısına və ya digər səlahiyyətli nümayəndələrə çatdırsın. Biz düşüncəmizi, fikrimizi çatdırmaq üçün görüşmüşük”.
İqbal Ağazadə Fərhad Mehdiyevin “siz çox tolerantsınız” fikrinə belə münasibət bildirib:
“Siz ictimai fəalsınız, mənim iddiam isə hakimiyyət iddiasıdır. Prezidentdən tutmuş komandaya qədər hər şeyi dəyişmək, Ümid hakimiyyəti qurmaq iddiam var və hər gün bunun üçün işləyirik. Mən tolerant olmasam, bağışlamağı bacarmasam, hakimiyyətə gəlsəm belə, cəmiyyətə xeyir verə bilmərəm. Cəmiyyətin bütün spektrlərinə açıq olmalıyam. Məni sevəni də, sevməyəni də sevməliyəm. Bu gün demək olar, bütün sahələrdə haqqıma girilir. Mən haqqımın dalınca getsəm, bəlkə də haqqımı verərlər. Amma mən cəmiyyətin haqqının arxasınca gedirəm. Əgər söhbət bir mandatdan gedirsə, sizcə, bu hakimiyyəti hansı YAP-çı deputatdan pis tərifləyərəm? Mandat istəsəydim, gedib oturardım hakimiyyətin yanında, deputat da olardım, bəlkə nazir də. Amma bu gün mən inandıqlarımın ardınca gedirəm və mənim inandıqlarım mənə edilənlərlə deyil, cəmiyyətə edilənlərlə ölçülür”.
Şahin Cəfərlinin “Növbədənkənar seçkilər ola bilərmi?” – sualına partiya sədri belə cavab verib:
“Bir belə problemləri olan ölkədə və bu hakmiyyətin olduğu yerdə ümidli olmayan gələcək baxımından ictimai-siyasi hadisələrin dinamikasından asılı olaraq, bütün sferalarda (bələdiyyə, parlament, prezident) erkən seçki mümkündür. Hakimiyyəti buna məcbur edən şərtlər olmalıdır. Bu şərtlər siyasi partiyalardan kənardadır. Pandemiya var, iqtisadiyyat çöküb, əhval-ruhiyyə, ritorika, bütün bunlar hamısı şərtdir”.
Sözügedən verilişi təqdim edirik:
Ümid Partiyasının Mətbuat Xidməti