17 yanvar Ümid Partiyası sədrinin Humanitar məsələlər üzrə müavini Səməd Hətəmovun doğum günüdür.
Hətəmov Səməd Əbdüləli oğlu 17 yanvar 1963-cü ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” ixtisasına daxil olub və universiteti qırmızı diplomla bitirib.
Səməd Hətəmov Ağdam rayon Mədəniyyət evində müdir, Ağdam rayon Həmkarlar Təşkilatında təlimatçı, Ağdam rayon İcra hakimiyyətində Humanitar şöbədə məsləhətçi vəzifəsində işləyib.
Təəssüflər olsun ki, torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edildikdə Səməd Hətəmovun da ömrünə məcburi köçkün həyatı yaşamaq düşmüşdü.
Azərbaycan televiziyalarının dublyaj redaksiyaları ilə sıx əməkdaşlıq edib, müxtəlif televiziyalarda saysız filmlərin səsləndirilməsində, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı sənədli filmlərin kadrarxası mətnlərinin səsləndirilməsi fəaliyyəti olub. İki ilə yaxındır ki, Azərbaycan radiosunda 50 illik tarixi olan “Bulaq” verilişinin aparıcılarından biri kimi çalışır.
Səməd bəyin mədəniyyət sahəsində, eyni zamanda televiziyalarda Azərbaycan dilinin qorunması, saf Azərbaycan dilinin səsləndirilməsi işində böyük xidmətləri olub.
İctimai radionun efirində 6 il Azərbaycan və dünya ədəbiyyatından seçmə hekayələr səsləndirib. Demək olar ki, onun bütün fəaliyyəti mədəniyyət və incəsənətimizin inkişafına həsr olunub.
Bütün bunlarla yanaşı, onun Azərbaycanın siyasi-ictimai həyatında da geniş fəaliyyəti olub. Səməd Hətəmov Azərbaycan Milli Azadlıq hərəkatının fəal iştirakçılarındandır. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün mübarizə aparıb.
2005-ci ildən siyasi fəaliyyətini Azərbaycan Ümid Partiyasında davam etdirib. Hazırda Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavinidir.
Sədaqətliliyi, dürüstlüyü, ədalətliliyi ilə Ümid ailəsinin sevimlisinə çevrilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə başda olmaqla bütün ÜMİD AİLƏSİ Səməd bəyi təbrik edir, şəxsi işlərində, siyasi fəaliyyətində uğurlar diləyir!