Azərbaycanın növbəti hərbi əməliyyatları artıq torpaqların işğaldan azad edilməsi istiqamətindən çox terrorçuların və terrorçu qrupların sıradan çıxarılması, Dağlıq Qarabağın bütün ərazilərində Azərbaycan bayrağının dalğalanması, onun hüquqi statusunun bərpası, idarəetmə prinsiplərinin Azərbaycan qanunlarına uyğun olaraq, suverenliyin tərkib hissəsi kimi ərazi bütövlüyünün təmin olunmasıdır.
Umidparty.org xəbər verir ki, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-nin “Siyasət Meydanı” verilişində deyib.
Partiya sədri əlavə edib ki, Türkiyə ordu tipi sisteminə keçid ölkəmiz üçün effektli olacaq və Azərbaycan ordusunda yeni keyfiyyətli əsgər, texnika və resurslar cəmlənəcək. Dağlıq Qarabağda müharibə bitməyib, hökumət də bunun fərqindədir. Azərbaycan iqtidarı da bunu düzgün hesablamalıdır ki, hər an proses yeni bir mərhələyə daxil ola bilər. Düşmənlərimiz iddialarından əl çəkməyib. Qondarma qurumun rəhbərliyi də işğaldan azad edilmiş torpaqların geri qaytarılması istiqamətində Azərbaycan dövləti əleyhinə çeşidli bəyanatlar verir. O cümlədən də Rusiya nə qədər ki, regiondadır, burda sabitlikdən, təhlükəsizlikdən, ölkəmizin dövlət maraqlarının təmin olunmasından söhbət gedə bilməz. Rusiya qarşı qarşıya duran tərəfləri gərgin vəziyyətdə saxlamaqla öz maraqlarına xidmət edir.
Rusiya müharibənin aktiv dönəmində “Biz qarışmırıq, Ermənistanın təhlükəsizlik məsələsi söz qonusu deyil, Azərbaycan öz torpaqlarından qeyri-qanuni silahlı birləşmələri çıxardır” mesajları verirdi. Rusiyanın savaşdan sonrakı mesajları daha çox Ermənistana yönəlikdir, çünki istədiyini bu və ya digər şəkildə alıb.
Partiya sədri Əvəz Zeynallının Hadrutla bağlı sualının cavabında deyib ki, hakimiyyət bu məsələdə çox ləng siyasət yürüdür, masa arxasında çevik olmaq əvəzinə gecikən addımlar atır. Hökumətə təklifimdə də yazmışdım ki, üçün sistemli, planlı yaşayışını təmin edilməlidir.
Gec – tez Dağlıq Qarabağ ərazisinin status məsələsi gündəmə gətiriləcək. Beynəlxalq aləmdə hüquqi bazaya sahib olmaq üçün indidən hazırlaşmalıyıq. Bu inzibati ərazidə nə qədər çox əhali yaşayırsa, statusu müəyyən edən tərəf onlar olacaq. Ermənilər indən belə istəsə də bu ərazidə 100.000-dən artıq erməni yaşaya bilməyəcək – iqtisadi imkanlar, müharibənin fəsadları, psixoloji durumları buna imkan verməyəcək.
Partiya sədri jurnalist Əvəz Zeynallının gündəmlə bağlı digər suallarını da ətraflı cavablandırıb.
Verilişin tamamını buradan izləyə bilərsiniz: