Ümid Partiyasının sədri İqbal Ağazadə 19 mart 2021-ci il “Kim TV”-nin canlı efirində aparıcı Abid Qafarovun Qarabağ siyasəti, partiya sədrlərinin Qarabağa səfəri, Rusiyadan Ermənistana ötürülən qaz, Xankəndinə işıq verilməsi və s. ilə bağlı suallarını cavablandırıb.
Partiya sədri verilişdə 17 mart Prezident Administrasiyasının Ağdama təşkil etdiyi ziyarətdən danışarkən deyib ki, yurdumuz sözün əsl mənasında yağmalanıb. Düşmən bizim evimizdən, daşımızdan, divarımızdan, məscidimizdən, hətta məzarlarımızdan belə qisas alıb. Düşmən bizə sinəmizə dağ çəkməklə, həm də torpağa, yurda necə sahib çıxmağın dərsini keçib. Bu bizim üçün tarixdən çıxara biləcəyimiz ən böyük dərslərdən biridir. Ağdam sözün həqiqi mənasında dağıdılmış, viran qoyulmuş şəhərdir. Bunun səbəbi ondadır ki, biz o yurdumuza sahib çıxa bilməmişik. Səfərin həm də qürurverici tərəfi var idi. Tarixin dərslərindən çıxardığımız nəticə ilə yanaşı, həm də bizdən 28 il öncə alınmış, bizdən oğurlanmış torpaqlarımıza bir daha sahib olduq.
44 günlük savaşdan əvvəl kimdən soruşsaydın ki, Qarabağdan nə gözləyirsən, deyərdi ki, Şuşasız, Laçınsız, Kəlbəcərsiz Qarabağ yoxdur. Bu gün həmin şəhərlər bizdədir. Biz Xocalıya, Ağdərəyə, Xankəndiyə, Əsgərana da sahib olmalıyıq. İnşallah biz o torpaqlara da yiyələnəcəyik.
İşğaldan azad olunmuş yerlər haqqında danışarkən, partiya sədri Tuğ kəndinin toponiminə də diqqət çəkdi. Bir çoxları Tuğ və Tağlar haqqında danışarkən, elə bilirlər ki, bu sözlər erməni mənşəli sözlərdir. Lakin bu belə deyil. Tuğ qədim türk dilində bayraq, Tağ isə bayrağın dirəyi deməkdir. Yaxud Hadrutun adının da erməni mənşəli olduğu deyilir, əslində isə hadrut sözü fars mənşəlidir. Bilirsiniz ki, dilimizdə fars mənşəli sözlər çoxdur, bu söz də iki çayarası deməkdir. Tuğda, Hadrutda dalğalanan Azərbaycan bayrağı mütləq Xankəndidə də dalğalanacaq.
Abid Qafarovun Azərbaycanın Xankəndiyə işıq verilməsi və Rusiyadan Ermənistana ötürülən qaz kəmərində problemlərin olması səbəbindən Ermənistana qaz ötürməsi ilə bağlı suallarını cavablandırarkən partiya sədri bildirib ki, hazırda orada ermənilərin yaşamasına baxmayaraq, o, Xankəndini, Ağdarəni, Əsgəranı, Xocalını Azərbaycan torpqaları hesab edir. Onların işığı da, qazı da, suyu da, qanunları da bizdən olmalıdır. Addım-addım hər kəs bunu qəbul etməlidir. Ya onlar bunu qəbul edib bu ölkənin vətəndaşları olacaqlar, ya da ölkədən çıxıb gedəcəklər. Biz bütün torpaqlarımıza sahib çıxmalıyıq. Orada Azərbaycan pulları da işləməlidir, hər kəs Azərbaycan qanunlarına tabe olmalıdır. Bu gün bu bizim üçün xülya kimi görünsə də, bu istiqamətdə Azərbaycan hökuməti qətiyyətli siyasət nümayiş etdirməlidir.
Aparıcının “Xankəndidə rus sülhməramlılarının nəzarəti altında Araikin başçılığı ilə bir yürüş təşkil olundu. Əgər yaxın gələcəkdə qondarma Artsaxın dövlət dili rus dili olacaqsa və oradakı ermənilərə Rusiya vətəndaşlığı veriləcəksə, bizim qanunlarımız onlara necə şamil olunacaq” sualına İqbal Ağazadə cavab olaraq bildirib ki, dəfələrlə qeyd etdiyim kimi 44 günlük savaşdan fərqli olaraq, bu gün Azərbaycan hökuməti masada ləng addımlar atır. Üzərinə düşən vəzifəni doğru-düzgün yerinə yetirməlidir. Hər şeyi birdən həll etmək olmur, bunları həll edə bilmək üçün əvvəlcə özün gücə çevrilməlisən. Bu gün biz Ermənistanla təkbətək hərb meydanında da, masa arxasında da rahatca qalib gələ bilərik, lakin təəssüf ki, bizi durduracaq çox güclər var.
Verilişi izləyicilərimizə təqdim edirik: