Umidparty.org saytının müsahibi Ümid Partiyası Ali Məclisinin üzvü, Neftçala Rayon Şöbəsinin sədri Əlibala Əliyevdir.
– Əlibala bəy, dünyada baş verən siyasi, iqtisadi, ən başlıcası isə səhiyyə sahəsindəki problemlərin təsir dalğası o qədər böyükdür ki, hətta inkişaf etmiş ölkələrin vətəndaşları belə əksər sahələrdə problemlərlə üzləşir. Etiraf edilməsə belə Azərbaycanda da yuxarıda qeyd edilən sahələrlə bağlı vəziyyət ürəkaçan deyil. Siz regionda yaşayırsınz. Oradakı real vəziyyəti necə xarakterizə edərdiniz?
– Neftçala rayonundakı mövcud vəziyyət ölkənin əksər bölgələrində olduğu kimi eynidir. Sovetlər dönəmində hətta Mingəçevir, Şirvan kimi şəhərlərdə sənaye bir o qədər inkişaf etməyəndə Neftçala rayonu sözün əsl mənasında sənaye rayonu idi. Rayonda balıq kombinatı, yod zavodu, kimya sənayesi, o cümlədən heyvandarlıq, pambıqçılıq kimi vacib sahələr var gücü ilə fəaliyyət göstərirdi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Yuxarıda adlarını qeyd etdiyim sahələr demək olar artıq fəaliyyət göstərmir. Kənd təsərrüfatı ilə məşğulluq isə həmin dövrlərlə müqayisədə epizodik xarakter daşıyır.
– Artıq ikinci ildir ki, davam edən pandemiyanın rayon sakinlərinin həyat şəraitinə təsiri hansı səviyyədə oldu? Əsasən əmək qabiliyyətli insanların üzləşdiyi problemləri nəzərdə tuturuq.
– Pandemiya səbəbindən rayon demək olar ki, iflic vəziyyətinə düşdü. Rayonun sabiq rəhbərliyinin Neftçalaya vurduğu zərbə bu amili bir az da dərinləşdirdi. Karantin tətbiqi zamanı rayonun əksər sahələrində ciddi geriləmələr oldu. İnsanların o qədər də yaxşı olmayan sosial vəziyyətləri daha da pisləşdi. Vətəndaşların iş yerləri yoxdur. İnsanlar hər gün davamlı olaraq məşğulluq idarəsinin, icra hakimiyyətlərinin qarşısına toplaşırlar. Lakin tələblərə adekvat cavab verilirmi? Yox. Bax, bu, günümüzün acı reallığıdır.
Kür çayının bu rayon üçün əhəmiyyəti də danılmazdır. Lakin çayda yaranan su problemi özlüyündə yeni problemlərin meydana çıxması deməkdir. Rayon demək olar ki, su problemi yaşayır. Düzdür bu problemi içməli suya aid etmək olmaz. Lakin su ilə bağlı hər məsələni içməli su vasitəsilə həyata keçirmək olmaz, axı. Həmin problem özlüyündə rayonun ərzaq təminatında da problem yaradır. Çünki kənd təsərrüfatında, konkret olaraq, əkinçilik və heyvandarlıqda ciddi problemlər meydana çıxıb. Xəzərin suyunun Kürə qarışması da ayrıca bir problemdir. Torpaqların şoranlaşmasının əsasını da bu amil qoyur.
– Ümid Partiyasının son Qurultayı (V (VII) 28 mart 2021 red.) da əvvəlkilər kimi cəmiyyətə olduqca ciddi mesajlar vermək baxımından zəngin oldu. Rayon şöbəsində Qurultaydan sonra hansı yeniliklər var?
– Sonuncu Qurultayda partiya sədrinin çox dərin məzmunlu, ölkə problemlərinə dəqiq və elmi yanaşması, problemlərin həlli yönündə təklifləri əksər Qurultay nümayəndələri kimi Neftçala ümidçilərinin də bir daha dərin rəğbətini qazandı. Hesabat məruzəsi bizi gələcəklə bağlı daha ümidli olmağa səslədi. Və diqqətinizə onu da çatdırım ki, məhz Qurultayımızdan sonra sıralarımıza qoşulmaq üçün çoxsaylı müraciətlər olur. Əsas hədəfimiz sədrimizin dediyi kimi Ümid hakimiyyətinin qurulmasında daha fəal iştirak etməkdir. Bunun üçün rayon əhalisi arasında təbliğat – maarifləndirmə işlərimizi davam etdiririk. Əsas məqsədlərimizdən biri də partiyanın strateji məqsədlərini xalqa daha dəqiq və ətraflı formada çatdırmaqdır.
QEYD: Əlibala Əliyev 30.01.1951-ci ildə Neftçala rayonunda doğulub. ADU-nun “Filologiya” fakultəsini bitirib. 45 il pedoqoji fəaliyyətlə məşğul olub.