Göygöldə də rayon rəhbərliyinin varlığı hiss olunmur – CAVİD SİYAHOV

Müsahibimiz Ümid Partiyası Ali Məclisin üzvü, Göygöl Rayon Şöbəsinin sədri Cavid Siyahovdur.

Cavid bəy Göygöl ölkənin ucqar rayonlarındandır. Əslində mövcud vəziyyətə nəzər salanda bu fakt özlüyündə çox məsələləri ehtiva edir.

Sizinlə tam razıyam. Rayonda iş yerləri demək olar ki, yoxdur. Əslində bu, hələ sovetlər dönəmindən ucqar rayonlara xas xüsusiyyətlərdən olub. Göygöl rayonunda iqtisadi vəziyyət ölkənin əksər əyalətlərində olduğunun tam mənasında təkrarıdır. İqtisadi inkişaf demək olar ki, yoxdur. Rayon rəhbərlyinin varlığı hiss olunmur. Yerli idarəetmə orqanları vəziyyətin yaxşılaşdırılması ilə bağlı hər hansı işlər görmürlər. Göygöl sakinləri bu gün unudulmuşlar siyahısındadır.

İllər öncədən yığılıb qalmış problemlərə uzun müddət davam edən pandemiya da təsir göstərdi…

Zatən insanlar sosial problemlərin məngənəsində sıxılırdı, bir tərəfdən də pandemiyanın insanlarımızın həyat şəraitinə mənfi təsiri olduqca böyük oldu. Son vəziyyət isə bu məsələni daha ciddi şəkildə qabartdı. Stabil həyata dönməklə bağlı isə hər hansı göstəriş hələ də yoxdur. Belə görünür ki, mövcud vəziyyət bir müddət davam edəcək.

Partiyanın Qurultayından sonrakı vəziyyəti necə xarakterizə edərdiniz?

Qurultaydan sonra üzvlərimiz arasında ruh yüksəkliyi əmələ gəlib. İqbal bəyin proqram xarakterli çıxışı üzvlərimiz tərəfindən maraqla qarşılandı. Üzvlüklə bağlı çoxsaylı müraciətlərimiz var. Çalışırıq mümkün variantlardan istifadə etməklə işimizi doğru – düzgün qura bilək.

Bütün problemlər konteksində yəqin təşkilatlanma məsələsi də önəmli yerdədir…

Təbii. Fəaliyyətimizin əsas xətti təşkilatlanmadır. Mövcud imkanlar daxilində bu prosesi uğurla aparırıq. Təşkilati işlərimiz davam edir. Ən sevindirci hal isə gənclərin sıralarımıza qoşulması ilə bağlı müraciətləridir. 

QEYD: Siyahov Cavid Vəlid oğlu (01.06.1970)
Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun “Tarix” fakültəsini bitirib. 1995-ci ildən etibarən Gəncə şəhər Uşinski adına Tam Orta Məktəbdə tarix müəllimi işləyir.
Ümid Partiyası Ali Məclisin üzvü, Göygöl Rayon Şöbəsinin sədridir.

Umidparty.org

Şərh yaz