İqbal Ağazadə Baş Prokurora rəsmi məktub yolladı – Xavər xanımın həyatı təhlükədə ola bilər!

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Respublikasının
Baş Prokuroru Kamran Əliyevə müraciət edib. Müraciətdə deyilir:
Hörmətli Cənab Baş Prokuror!
Son dövrlər mətbuatda “Tərtər hadisələri” geniş müzakirə olunur. Zərərçəkmişlərin, şahidlərin özləri və yaxud varisləri baş verən hadisələrin araşdırılması zamanı çox ciddi cinayət faktlarının olduğunu səsləndirir və cinayət məsuliyyəti yaradan halları barədə efirlərdən açıqlamalar verirlər.
İlk növbədə xahiş edirəm, bu faktların yenidən araşdırılması, yeni istintaq komissiyasının yaradılaraq, səslənən faktların tədqiq edilməsinə dair göstəriş verəsiniz. Sadalanan faktlar içərisində işgəncə, ölüm hadisələri var ki, xüsusilə, ağır cinayət kateqoriyasına aiddir. Cəmiyyətimiz, zərərçəkənlər, şahidlər bu prosesin yenidən, obyektiv araşdırılması üçün israrla İstintaq Komissiyasının yaradılmasını istəyir.
Hörmətli Kamran müəllim!
Azerfreedom, LAFTV və digər internet kanallarında da bununla bağlı müzakirələr gedir, vətəndaşlar zəng edərək, öz problemlərini efirdən səsləndirirlər.
Xavər adlı xanım (Binnətova) efirdə səsləndirib ki, onu iki dəfə işdən çıxarkən qara rəngli “Niva 21-21” markalı maşın izləmiş, bir dəfə yolundan saxlayaraq, “İqbal Ağazadə və Hikmət Həsənovdan danışma” deyərək, hədə-qorxu gəlib, təhdid və şantaj edib.Hörmətli Kamran müəllim!Xavər Binnətovanı təhdid, şantaj edən, hədə-qorxu gələn naməlum şəxsin tapılıb Cinayət Məcəlləsinin müvafiq maddəsilə məsuliyyətə cəlb edilməsini Sizdən xahiş edirəm.Bildirirəm ki, mənim adımdan istifadə edərək, bu hərəkəti edənlər və ya sifariş verənlər cinayət hadisəsi törədib.

Xahiş edirəm, qanuna müvafiq tədbir görəsiniz. Xavər Binnətovanın həyatı təhlükədə ola bilər!

Hörmətlə

Ümid Partiyasının sədri İqbal Ağazadə

 

İqbal Ağazadə Baş prokurora müraciət etdi: “Bu hərəkəti edənlər və ya sifariş verənlər cinayət hadisəsi törədib”

Şərh yaz