Ümid Partiyasının sədri İqbal Ağazadə xalqı Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik etdi. Təbrikin mətnini izləyicilərə təqdim edirik:
Hörmətli həmvətənlər, dəyərli müsəlman soydaşlarımız!
Sizi Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram. Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan diləyirəm!
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Hər şeydən əvvəl bu bayramın millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və işğalda olan digər torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını, uzun illər dədə-baba yurduna həsrət qalmış məcburi köçkünlərimizin tez bir zamanda doğma yurdlarına qayıtmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, küskünlüklərin aradan qalxmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.
Şükürlər olsun ki, bu gün Ağdam, Şuşa məscidində azanlar eşidilir, dualar oxunur. O torpaqların azad edilməsi üçün canından keçmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa, qazilərimizə can sağlığı diləyirəm!
İnanıram ki, müqəddəs Ramazan ayı günlərində etdiyimiz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməyəcək.
Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan ayı münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir, bərəkət arzulayıram.
Allah oruc və dualarınızı qəbul etsin!
Sevgi və sayğılarla İqbal Ağazadə
Şərh yaz