Azərbaycanın rəsmi qurumları Qarabağla bağlı təxribat xarakterli informasiyaların qarşısını almalıdır – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 17 may 2021-ci il Xural Tv-nin “Siyasət meydanı”881-ci bölümündə Əvəz Zeynallının canlı efir qonağı olub.

Partiya sədri Azərbaycan-Ermənistan sərhəddində baş verənlərin mediada təbliğatı ilə bağlı bildirib ki, Azərbaycan mətbuatında təqdimetmələr yalnışdır. “Azərbaycan Zəngəzura girdi”, “Azərbaycan Ermənistan ərazinə daxil oldu” və s. kimi məlumatlar həm dövlətin, həm də millətin maraqları baxımından doğru yanaşma deyil və bəzən bu kimi xəbərlərin dezinformasiya xarakter daşıması Azərbaycan üçün heç də yaxşı olmur. Onun ardınca Fransa bir bəyanat verir, Amerika bir bəyanat verir, ayrı-ayrı dövlətlərin yanaşması olur. Məsələ əslində nədir? Azərbaycanın rəsmi dövlət sərhədləri bərpa olunur. Məsələ budur. Biz isə nə Ermənistan ərazisinə girmişik, nə də içərilərə doğru addımlamışıq. Biz sadəcə Laçın, Kəlbəcər, Qubadlı, Zəngilandan Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində öz dövlət sərhəddimizi bərpa edirik. Biz niyə yalnış informasiya ötürə-ötürə Ermənistanın daxilində baş verən proseslərə, o cümlədən beynəlxalq aləmdən də bizə qarşı olan reaksiyanı fərqli istiqamətə getməyi yönləndirməliyik? Çox təəssüflər olsun ki, bu, informasiya siyasətinin naşılığından irəli gəlir.

İqbal Ağazadə qeyd edib ki, Azərbaycanın dövlət sərhədləri 30 ildir pozulmuş və ümumiyyətlə müstəqillik dönəmindən bu yana Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prinsipləri həyata keçirilməmişdi. Ümumilikdə isə bu şəkildə informasiya aparmaq olmaz. Ermənistan tərəfində bu xəbərin ətrafında ajiotaj yaranmasının 3 fundamental səbəbləri var. Əvvəla, Nikol Paşinyan bilir ki, Azərbaycan heç bir sərhəddi pozmayıb, sadəcə bu cür hay-küy salmaqla seçiciyə mesaj verir ki, guya Azərbaycanı geri oturtdu və s. Və beləliklə bu kimi təbliğat vasitəsindən 20 iyun seçkiləri üçün istifadə etmək istəyir.  Ermənistan müxalifəti də bundan fərqli şəkildə istifadə etmək istəyir. Belə ki, guya Azərbaycan tərəfi qondarma adlı Artsaxı Paşinyanın əlindən aldı və indi də Ermənistanın ona sərhəd rayonlarını əlindən alır. Bunlar bu yerdə bununla divident götürmək istəyirlər. Üçüncü səbəb isə vətəndaşlardır, o vətəndaşlar ki, 30 il ərzində, hətta müharibənin aktiv olduğu bir dönəmdə onlar Ermənistan-Azərbaycan sərhəddində Azərbaycan əsgərini görməmişdilər və onlara elə gəlirdi ki, təhlükəsiz bir zonada yaşayırlar, hesab edirdilər, sərhəd çox uzaqdadır – Cəbrayılda, Füzulidə, Murovdadır… Bu da bir növ psixoloji savaşın göstəricisidir. Çünki indi az qala pəncərələrini, qapılarını açanda Azərbaycan əsgərini qarşılarında görürlər. Bu da erməni əhalisində çox böyük qorxu və həyəcan yaradır.

İqbal Ağazadə deyib ki, biz nəhayətdə sərhədləri dəqiqləşdirmə prinsipini apararkən bunun altyapısını – hüquqi bazasını hazırlamalıyıq. Əvvəla, beynəlxalq təşkilatlar, dünya dövlətlərinə Azərbaycanın apardığı xətti və siyasəti istiqamətində Xarici İşlər Nazirliyi, Kütləvi İnformasiyia Vasitələri məlumat verməlidir ki, Azərbaycan öz sərhədlərini dəqiqləşdirir və hansı əraziyədək torpaqlarımız işğal olunub və harayadək torpaqlarımıza girilib. Xüsusilə də qeyd olunmalı idi ki, bu gün Ermənistan çəkilmək istəmir və s. Bu obyektiv məlumat zamanında verilsəydi, Azərbaycanın da üzərinə kimsə gələ bilməzdi. 

Partiya sədri daha sonra 16 may tarixində Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda svanlar və soydaşlarımız arasında baş verən qarşıdurmaya da münasiətini bildirib. O qeyd edib ki, Dmanisi Ermənistanla qonşudur. Bu məsələdə Rusiyanın, Ermənistanın xüsusi xidmət orqanlarının əlinin olması istisna deyil.  Azərbaycanın mövcud iqtidarı dərhal bu məsələ ilə bağlı Milli Məclisin Parlamentlərarası Dostluq Qrupunu, Xarici İşlər Nazirliyi  nümayəndə heyətini Gürcüstana göndərməlidir. Xarici İşlər Nazirliyi özünün mövqeyini açıq bildirməlidir və Gürcüstan hökümətindən konkert olaraq, azərbaycanlılara qarşı svanların törətdiyi hərəkətin cəzasız qalmaması və etnik-milli qarşıdurmaya yönəlik addımda Gürcüstanın çox şey itirəcəyini diqqətə çatdırmalıdırlar.

İqbal Ağazadə Azərbaycan hökümətindən tələb edib ki, iqtidar öz hesabına universitetlərdən birinin şöbəsini, banklardan birinin filialını hökmən orda açsın ki, ən azı Borçalıda, Qaraçöpdə yaşayan soydaşlarımız yararlana bilsinlər. Məktəblilərin təminatı məsələsində biz bilirik ki, Gürcüstanda Gürcüstan hökümətinin əyalətlərə münasibətində hər zaman bir qısqanclıq var və hər zaman azərbaycanlılar yaşayan əyalətlərə xüsusi ilə məktəblərə, baxçalara və digər müəssisələrə münasibətdə bir ögeylik var. Azərbaycan tərəfi məktəblərin təminatının böyük əksəriyyətini öz üzərinə götürməlidir və orda gürcü dilində azərbaycanlılar oxuyub, Gürcüstanın ictimai-siyasi həyatında, Gürcüstan seçkilərində aktiv olmalı, yerli bələdiyyədən tutmuş, qubernatorun təyin olunmasından tutmuş, siyasi partiyalara veriləcək mesajlaradək iştirak etməlidirlər. Mən açıq deyim ki, Azərbaycan bu siyasətini doğru-dürüst müəyyənləşdirsə, Gürcüstan parlamentinə, prezidentliyə iddialı olan namizədlərin hamısı azərbaycanlılar yaşayan ərazi üzərindən cəmiyyətə mesaj verməli olacaqlar. 

İqbal Ağazadə bir daha bildirib ki, Azərbaycanın rəsmi nümayəndə heyəti Gürcüstana səfər etməlidir, Gürcüstan da görməlidir ki, Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların arxasındadır və Dmanisidə baş verən hadisələrdən Azərbaycan tərəfi ciddi narahatdır, bunun hüquqi müstəvidə araşdırılması və hüquq çərcivəsində cəzalandırılması üçün tələblərini də irəli sürməlidir. 

Partiya sədri daha sonra verilişin gedişatında Fələstin-İsrail münasibətlərini, Cənubi Qafqazda baş verən və baş verə biləcək proseslərə mövqe sərgiləyib. 

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz