Dünyaya uşaq gətirən uşaq! – İLAHƏ SADIQOVA yazır

İllərlə qadın və uşaq haqları deyib car çəkdik ölkəyə, məhəl qoyan olmadı. Dedik ölkədəki vəziyyəti Bakı ilə ölçməyin, ciddiyə alan olmadı. Bu da göstərici.

Regionlarda nələr baş verir, nələr… Övladını satan, cinsi istismara qaldığını bilib də susan, oğlan uşaqlarına təcavüzlər, qadınlara qarşı zorakılıq, rəzillik üstünə rəzillik. Hər şeyin də başında savadsızlıq, cahillik, maarifsizlik, sosial vəziyyətin ağırlığı, idarəetmədəki qüsurlar durur.

Bu cür halların baş verməməsinə yönəlik addımlar atılmalıdır, daha hadisə baş verəndən sonra tədbir görmək yox.

İllərdir deyirik ki, aidiyyəti qurumlar öz vəzifələrini icra etmirlər. Nə hüquq-mühafizə orqanları, nə yerli idarəetmə orqanı, nə təhsil sistemi, nə də müvafiq qurumların regionlarda insan haqları üzrə məsul nümayəndələri.

Heç kim məni inandıra bilməz ki, uşaq 7 ay hamilə gəzib və bundan heç kimin xəbəri olmayıb. Sadəcə, ciddi yanaşan olmayıb. Hətta əminəm ki, uşağın ölüm təhlükəsi olmasaydı, uşaq dünyaya gətirəndən sonra da bu məsələni ört-bas edəcəkdilər. Cümlənin özü də ağır oldu. Uşaq dünyaya gətirən uşaq.

Bu hal ölkəmizdə ilk dəfə deyil və bu da daha çox regionlarda yayılmış haldır. Bu kimi hadisələr bir çox hallarda məsələlər ictimailəşmədən həll olunur. Ya uşaq ana bətnində tələf olunur, ya uşaq dünyaya gətirilib gizlədilir, kiminsə adına yazılır və s. Bir sözlə, dəhşətli hallar var ölkədə.

Hökumət, nəhayətdə, bu məsələyə ciddi yanaşmalıdır. “Ailə məsələsidir” deyib baş verən cinayətlərə göz yummalı deyil. Hər kəs birdəfəlik bunu anlamalıdır ki, bu dövlət hüquqi dövlətdir. Qanun şah olmalıdır. Bu düşüncəni cəmiyyətə aşılamaq mütləüdir. Heç kim evində uşağına, arvadına istədiyi şəkildə davranıb “mənim ailəmdir, özüm bilərəm” kimi absurd fikirlər səsləndirməməlidir. Bu cəmiyyətin əxlaqdan getdikcə yoxsullaşmasına səbəb də məhz idarəetməmizdir. Vecsiz, vətəndaşların adam yerinə qoyulmaması kimi yanaşmalar uçuruma aparır bu cəmiyyəti. Ancaq bu barədə ciddi düşünməli olan da elə hökumətdir. Çünki əxlaqını, dəyərini, prinsiplərini itirmiş, qəzəblə, kinlə bəslənən kütlə bir gün ayağa qalxıb elə hökumətin özünü ayaqlar altına alacaq.

Ayılın artıq. Məcbur edin ki, aidiyyəti orqanlar işləsin. Bunu bizimçün etməsəniz də özünüz üçün edin. Sonunuz Qəddafi, Hüsnü Mübarək kimi olmasın deyə edin.

Şərh yaz