Yanvarın 19-da Ümid Partiyasının Rəyasət Heyəti 20 yanvar faciəsinin ildönümünə həsr edilən “ZOOM” konfrans təşkil edib. Tədbirdə partiyanın Rəyasət Heyəti ilə yanaşı, rayon təşkilatlarının və gənclər təşkilatının üzvləri də iştirak ediblər. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev 20 yanvarın tarixinə nəzər salaraq bildirib ki, o zaman xalqlar həbsxanası adlanan SSRİ-də mərkəzdənqaçma meyllərinin başlaması SSRİ-nin Azərbaycanda qətliama qərar verməsi ilə sonuclanıb: “Bu, SSRİ tərkibindəki digər xalqlara gözdağı vermək üçün atılan bir addım idi”.
Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli isə tədbirin məruzəçisi kimi Azərbaycan tarixinin ən qanlı hadisələrindən olan 20 yanvar faciəsinin səbəbi və səbəbkarlarından danışıb, həmçinin azadlıq hərəkatının tarixindən detallı şəkildə söz açıb.
Ali Məclisin sədri Rəfail Tağızadə xalq hərəkatına qoşulan xalqın mübarizliyindən, müstəqilliyimizin bünövrəsini qoyan şəhidlərimizdən və millət olaraq ilk dəfə 1988-90-cı illərdə birləşməyimizdən söz açıb.
Xaricdə yaşayan partiya üzvü Elman Pənahov isə tarixin düzgün yazılmamasından və təbliğ olunmamasından narahatlığını ifadə edib.
Partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami isə bildirib ki, orta məktəb dərsliklərində işğalçı rus ordusunun xilaskar kimi təqdim edilməsindən vətəndaş və partiya olaraq narahatlıq var və buna partiya sədri İqbal Ağazadənin efir vasitəsilə sərt mövqeyi bildirilib, aidiyyatı qurumlara da bu məsələ ilə bağlı yazılı etiraz olacaq.
Birinci müavin Ənvər Ağazadə isə 20 yanvar ərəfəsində xalqın birliyinə diqqət çəkib, həmçinin 2020-ci il 44 günlük savaşdakı davranışla müqayisə aparıb.
Partiyanın Lənkəran rayon təşkilatının sədri Ramiz Əlizadə və Ali Məclisin üzvü Elçin Hacıyev 20 yanvar qətliamının müstəqillik istiqamətindəki rolundan danışıblar, ölkədəki problemlərin həlli istiqamətində fikirlər səsləndiriblər.
Sonda Taleh Əliyev bir daha Şəhidlərin ruhunu yad edərək, tədbiri yekunlaşdırıb
Şərh yaz