23 dekabr 2021-ci il Fransa prezidentliyinə namizəd Valeri Pekress Azərbaycanın Qarabağ bölgəsinə gizli səfər edib. Bu səfərlə bağlı Ümid Partiyası Bəyanat yayıb. Bəyanatı izləyicilərə təqdim edirik.
Ermənistan – Azərbaycan münaqişəsinin uzun illər həll edilməməsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi Fransanın da kifayət qədər günahları var. Və çox təəssüflər olsun ki, bu problemin həlli istiamətində hüququn diktə etdiyi alilik prinsipindən kənara çıxaraq, siyasi həll yollarını aramağa çalışan ATƏT – in Minsk qrupunun üzvü kimi Fransa da Azərbaycana qarşı ikili standartlarla yanaşmışdı.
Təəssüflər olsun ki, zaman keçdikcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərmək istəməyən bu tipli ölkələr Azərbaycanın 44 günlük zəfərindən sonra haqqının böyük bir hissəsini təmin etdiyi zamanda belə özünün əvvəlki mövqeyindən əl çəkmək istəmirlər.
Fransa prezidentliyinə namizədlər özlərinin seçki marafonunu həm də erməni seçicisinin səsini almaq üçün Ermənistan-Azərbaycan münaqişəsi üzərində qurur və bu istiqamətdə təbliğat metodu kimi ərazilərə səfərdən, qeyri-qanuni səfərlərdən belə istifadə etməyə çalışırlar.
Belə ki, Fransa prezidentliyinə namizəd Valeri Pekress Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq səfər edib.
Azərbaycan Ümid Partiyası olaraq, bildiririk ki, bu tipli mövqelər Cənubi Qafqazda sülhün və barışın qarşısına sədd çəkən, sülhün və barışın müharibə ilə əvəzlənməsinə xidmət edən ən böyük addımlardandır.
Avropa Birliyinin böyük dövləti olan Fransa bu cür yanaşması ilə nəinki Azərbaycanın mövqelərinə və qanunun aliliyi prinsipinə ziyan vurur, həmçinin regionda müharibənin, qanın, qadanın alovlanmasına xidmət edən addım atmış olur.
Fransa ictimaiyyəti və Fransanın dövlət strukturları bu tipli mövqelərin qarşısının alınması və Cənubi Qafqazda davamlı sülhün təmin olması üçün ən azı bəyan etdikləri prinsiplərə uyğun addım atmalı, qeyri-qanuni səfərlərdən, o cümlədən seçki təbliğatında separatçılığı dəstəkləyəcək kimi zərərli üsullardan imtina edən bir mövqe sərgiləməlidirlər.
Biz Fransanın və Fransa siyasətçilərinin bu cür yanaşmalarını qətiyyətlə pisləyir, həmçinin bu tipli addımlar atan siyasətçiləri düşünməyə çağırırıq ki, etdiyiniz hərəkətlər bir gün Avropada da separatçılığın yayılmasına və yeni müharibələrin qızışmasına gətirib çıxaracaq.
Bəşəriyyət üçün sülh, əmin-amanlıq istəyirsinizsə, ilk növbədə qanunlara hörmət etməlisiniz.