Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev 23 fevral 2022-ci il tarixdə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiyadan növbəti təxribat. Atəşkəs yenidən pozuldu” mövzusu ətrafında baş tutub.
Partiyanın İcra Aparatının rəhbəri Qarabağda atəşkəsin növbəti dəfə pozulmasından, bu cür təxribatların müntəzəm baş verməsindən, Azərbaycan Müdafiə Nazirliyinin detallı olmayan bəyanatından, sülhməramlıların öz susqunluğunu qorumasından, rus qoşunlarının Qarabağdakı fəaliyyətindən danışıb.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana qarşı növbəti təxribat xarakterli məlumatların yayılması, dövlət başçısı İlham Əliyevin Rusiya səfəri, iki ölkə arasında imzalanan müttəfiqlik bəyannaməsi də müzakirə mövzusu olub. Moskva bəyannaməsinin Şuşa bəyannaməsi ilə fərqli cəhətləri, müqayisəsi, Rusiya dövlətinin ümumilikdə Azərbaycana qarşı münasibəti, Rusiyanın Azərbaycan və digər ətraf ölkələrə qarşı ərazi iddiaları, Ukraynanın işğalı da veriliş zamanı müzakirə edilib. T.Əliyev Rusiyaya qarşı gözlənilən sanksiyalardan, ölkənin iqtisadi vəziyyətinin ağırlaşmasından, rublun düşməsindən də danışıb. Həmçinin, Rusiyanın Azərbaycana qarşı davranışlarına və proseslərə Türkiyənin mövqeyi, Moskva bəyannaməsinin daha çox hansı ölkənin marağına uyğun olması, Rusiyanın bu istiqamətdə təxribatı, müqaviləyə sadiq qalmayacağı ehtimalları da müzakirəyə çıxarılıb. Verilişdə Qarabağ bölgəsində baş verənlərdən ciddi narahatlıq ifadə olunub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: