Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli 11 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiya daha da təhlükəli hal alır. NATO-Rusiya qarşıdurması olacaqmı?”,- başlığı ilə, Rusiya-Ukrayna müharibəsi mövzusu ətrafında baş tutub.
Bakir Həsənbəyli Rusiya və Ukrayna arasında iki həftədən artıq davam edən müharibədən, Rusiyanın davam edən işğal və təcavüz siyasətindən, dünya dövlətlərinin müharibəyə mövqeyindən danışıb.
O, müharibənin gedişində tərəflər arasında baş tutan görüşlərə, onların nəticəsiz qalmasının səbəblərinə də diqqət çəkib, həmçinin, Türkiyədə keçirilən Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü barədə də danışıb. Görüşlərin əhəmiyyəti və səbəblərinə toxunan Bakir Həsənbəyli, müharibənin gedişatı barədə proqnozlarını da bölüşüb.
Ümid sədrinin müavini uzun illər Rusiya-NATO, Rusiya- ABŞ arasında davam edən soyuq münasibətdən, Qərb dövlətlərinin və ABŞ-ın Rusiyanın işğal siyasətinə illərlə göz yummasından da söz açıb. O, bildirib ki, dünya Rusiyanın işğalçıya, uşaq qatilinə, cəllada çevrilməsinə zaman-zaman göz yumur.
Bakir Həsənbəyli Rusiya və Belarusiya prezidentlərinin görüşünə də diqqət çəkib və işğalçının yanında dayanmağın təhlükəli və arzuolunmaz olduğunu xatırladıb.
O, xarici şirkətlərin Rusiyanı tərk etməsindən, milyonlarla insanın qısa zamanda işini itirməsindən, Rusiyaya qarşı çoxsaylı sanksiyalardan da danışıb.
Ümid sədrinin müavini bu müharibə ilə Rusiyanın güclü ordu mifinin darmadağın olmasına, Rusiyanın çox sayda hərbçi itirməsinə, hətta artıq üç generalın zərərsizləşdirilməsi faktına münasibət bildirib. Onun sözlərinə görə, itkilərin hədsiz çoxluğu, həmçinin bahalaşma, ərzaq çatışmazlığı, ərzaq məhsullarının limitlə satışı Rusiyada çox ağır bir duruma gətirib çıxarıb. Vəziyyətin isə necə nizama salınacağı bəlli deyil. O, Rusiya rəhbərliyinin faşist siyasəti nəticəsində ölkənin ağır duruma salındığını vurğulayıb. Həmçinin qeyd edib ki, Rusiyanın bu müharibədə qələbəsi mümkünsüzdür.
Bakir Həsənbəyli eyni zamanda, Ukraynada yaşanan insanlıq dramına, dinc əhalinin öldürülməsinə, iki milyona yaxın insanın qaçqın düşməsinə, şəhərlərin, yaşayış obyektlərinin bombalanmasına, dağıdılmasına da münasibət bildirib və bunu insanlıq əleyhinə olan faşizm cinayəti hesab etdiyini vurğulayıb.
Verilişdə Ukraynaynın NATO-ya və Avropa İttifaqına üzvlük imkanları, müharibənin necə başa çatacağı ehtimalları, Rusiyaya qarşı sanksiyalar nəticəsində baş verəcəklər, hansı ölkələrin Rusiyaya dəstək verməsi və həmçinin Rusiyanın dəstək gözlədiyi hansı ölkələrin ondan aralanması da müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: