Ümid Partiyasının diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov 25 mart 2022-ci ildə Reaksiya Tv-də Rusif Məmmədsoyun təqdimatında canlı efir qonağı olub.
Veriliş “Ermənilər təlaş içindədir. “Sülhməramlılara” qarşı etirazlar başlayır” mövzusu ətrafında baş tutub.
Elman Abbasov Qarabağ bölgəsindəki hərəkətlənmədən, 10 noyabr bəyanatından sonrakı müddətdə bölgədə baş verən erməni təxribatlarından, separatçı, terrorçu dəstələrin nə səbəbdən hələ də oradan çıxarılmamasının səbəblərindən danışıb.
O, bildirib ki, rus sülhməramlıları adlanan işğalçı ordunun hələ də səlahiyyətləri bəlli deyil, nə iş görməli olduqları dəqiqləşməyib, bu da əlavə problemlərə səbəb olmaqdadır.
Ümid rəsmisi işğalçı qoşunların torpaqlarımızdan çıxarılmasının vacibliyini vurğulayıb. Elman Abbasov həmçinin bildirib ki, qısa müddətdə, uyğun zamanda erməni silahlıları zərərsizləşdirilməli, Qarabağ bölgəsində ancaq Azərbaycan vətəndaşı olan və terroru dəstəkləməyən ermənilər qalmalıdır: “Qarabağda separatçı qurumun hərbçisi olmamalıdır. Biz öz ərazimizə nəzarət etməliyik, sahib çıxmalıyıq. Dəfələrlə Azərbaycan hökuməti xəbərdarlıq edib ki, separatçılar torpaqlarımızı tərk etsinlər. Bu proses həyata keçirilməlidir”. Bununla belə o, hazırkı dönəmin antiterror əməliyyatları üçün uyğun zaman olmadığını vurğulayıb və bildirib ki, Azərbaycan Rusiyanın Ukrayna ilə müharibə aparmasını bu proses üçün fürsət kimi dəyərləndirməməlidir.
Elman Abbasov Rusiyanın durumundan, Ukraynaya qarşı işğalçı mövqeyindən, bir aydan artıq davam edən qanlı savaşdan, Rusiyanın imperialist və təcavüz siyasətindən, həmçinin məqsədinə çatması yolundakı çətinliklərdən və məğlub durumda olmasından danışıb.
O, Rusiyanın məğlub olduqca aqressivləşməsindən də söz açıb və nüvə silahından istifadə ehtimallarına toxunub. Eyni zamanda dünya dövlətlərinin Rusiyanın durdurulması ilə bağlı əsaslı qərarlarının olmaması və müharibənin yaradacağı növbəti problemlər də verilişdə müzakirə mövzusu olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik: