Ümid Partiyasının rəhbər heyəti Göygöldə səfərdə olub

Ümid Partiyasının Rəyasət Heyəti rayon təşkilatları ilə görüşlərini davam etdirir. Bu istiqamətdə növbəti səfər iyunun 30-da Göygöl şəhərində baş tutub.

Növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırılması üçün təşkil olunan iclasda Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli,  partiyanın humanitar məsələlər üzrə sədr müavini Səməd Hətəmov, partiyanın gənclərlə iş üzrə sədr müavini Mübariz Maxsudov, qonaq qismində Gəncə rayon şöbəsinin sədri Salman İmanlı iştirak ediblər. Partiyanın Rəyasət heyətinin üzvləri Göygöl rayon şöbəsinin rəhbərliyi – rayon şöbəsinin sədri, Məclis sədri, Nəzarət-Təftiş Komissiyasının sədri və fəallar ilə görüşüblər.

Göygöl rayon təşkilatının sədri Cavid Siyahov qonaqları salamlayıb, daha sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirə başlanılıb, söz Ümid Partiyasının siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyliyə verilib.

Bakir Həsənbəyli Azərbaycanda sosial-siyasi-vəziyyətin gərginliyindən danışıb, problemlərin həlli və 44 günlük savaşdan sonra Qarabağda bərpa işləri və köçürülmə istiqamətində Ümid Partiyasının iqtidara təqdim etdiyi təkliflər paketini iştirakçıların diqqətinə çatdırıb, partiyanın ümumi fəaliyyəti və qarşıda dayanan vəzifələr müzakirə edilib. Daha sonra sədr müavini deyib ki, partiya sıralarının genişlənməsi, gənclərin, xanımların siyasi proseslərdə aktivliyinin təmin edilməsi atılması gərəkən vacib addımlardan biridir.

Sözügedən tədbirin əksərini gənclər təşkil edib, xanımların siyasi aktivliyi xüsusi nəzərə çarpıb.

Ümid Partiyasının humanitar məsələlər üzrə sədr müavini Səməd Hətəmov Ümid Partiyasının Konstitusiyaya və Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərini toplantı iştirakçılarının bir daha diqqətinə çatdırıb.

Növbəti konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırılması üçün təşkil olunan toplantıda ölkədə keçirilməsi ehtimal olunan Referendum və Parlament seçkilərinə də toxunulub və partiyanın bu seçkilərə hazırlıq səviyyəsi barədə fikirlər bölüşülüb. Eyni zamanda rayon təşkilatlarının seçkilərə hazırlığı, bu istiqamətdə qarşıya çıxan çətinliklər də müzakirə olunub.

Digər rayonlarda olduğu kimi Göygöldə də sosial durumun ağırlığı müzakirə olunub, insanları siyasi meydana cəlb etməyin vacibliyi vurğulanıb.

Göygöl rayon şöbəsində Növbəti konfransa qədər 7 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşdırılıb.

Azərbaycan Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz