Partiyamız hər zaman bütün xalqın, bütün siyasi partiya və təşkilatların seçkidə iştirakını vacib bilib. 9 fevral 2020 – ci il Milli Məclisə seçkilər bir daha bizim fikrimizin düzgün olduğunu təsdiqlədi. Bu seçki Azərbaycan tarixində əsas dönəmlərdən birinə çevrildi. Baş vermiş hadisələr cəmiyyətimiz üçün yeni mərhələnin başlanğıcı ola bilər.
Əslində proseslərin bu cür davam edəcəyini, xalqın seçkiyə bu cür yanaşacağını, yüksək səviyyədə maraq göstərəcəyini nəinki siyasi partiya və təşkilatlar, hətta hakimiyyət də gözləmirdi. Bu növbədənkənar Parlamenr seçkilərində tamamən gözlənilməz nəticələr ortaya çıxdı. Məsələ müxalifətin Milli Məclisdə təmsil olunub-olunması deyil, xalqın seçkiyə olan münasibətidir.
Bu dəyişikliyə isə başlıca səbəb uzun müddət ərzində xalqın bu çağrışı gözləməsi, seçkiyə qatılmış siyasi partiyanın bəzi üzvlərinin, başda Mehman Hüseynov olmaqla bir neçə bloqqer və jurnalistlərin, digər siyasi gənc fəalların chox aktiv çalışması oldu . Yalnız bu aktivlik xalqın çox az bir hissəsində, qatılmış siyasi partiyaların bəzilərində, hətta seçki dairələrinin bir neçəsində hiss olundu .
Etiraf etməliyəm ki, proseslərdə seçici qismində xalqın çox az hissəsi fəallıq göstərdi. Hətta seçkiləri baykot edən və bu cür ölkə üçün vacib olan prosesdə iştirak etməyən siyasi partiyalar da oldu. Amma baykot etməkdənsə, seçkiyə qatılmağı həmin siyasi partiyalar üçün daha uyğun görərdim.
Seçkiyə təkbaşına qatılmış gənc fəalların iştirakı seçkidə iştirak edən bir neçə partiya rəhbərlərindən daha üstün idi, seçkidə iştirak edən bəzi siyasi partiyaların isə fəaliyyəti qətiyyən hiss olunmadı. Bu mənim subyektiv fikrim və şəxsi yanaşmamdı . Amma bütün Azərbaycan vətəndaşları, hər bir siyasi partiya və təşkilatları seçkidə iştirak etməli idi, çünki onların aktivliyinin nəticələrə mütləq təsiri olacaqdı, siyasi aktivlik daha yüksək səviyyədə olacaqdı.
Doğrudur, bu gün seçkinin nəticəsi tam olaraq xalq və müxalif partiyalar üçün əlverişli olmasa da, bir neçə dairədə mübarizlik sayəsində nəticələrin ləgv olunmağı, müəyyən dərəcədə xalqın fikrinə diqqət yetirilməyi, seçicinin öz haqqını bilməsi və tələb etməyi, hüququnu qorumaq əzmi, yaşamış olduğu çətinlikləri dərk edib dəyişməyə çalışmağından irəli gəldi. Bəli, yalnız və yalnız DƏYIŞMƏK … Və bu gün bunu mənim xalqım bilir və dərk edir.
Onu da xüsusilə qeyd etmək istərdim ki, bir daha hər kəsə – xalqa, hakimiyyətə, digər siyasi partiyalara bəlli oldu ki, bizim Ümid Partiyası olaraq illərlə irəli sürdüyümüz təklif – “xalq bütövlüklə seçkidə iştirak etməli, seçkiyə hamılıqla qatılmalı, seçki barədə hər kəs maariflənməlidi” prinsipi ən doğru, hüquqi və demokratik yanaşmadır.