17 sentyabr Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür.
Ümid Partiyasının İdarə Heyəti və ümidçilər partiya sədrinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: “Hörmətli İqbal bəy! Sizi doğum gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Siz Birinci Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş Qarabağ qazisisiniz. Uzun illər ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin qorunub saxlanması, sivil, demokratik, insan haqlarının qorunduğu, söz və mətbuat azadlığının təmin olunduğu bir Azərbaycan uğruna siyasət yürüdən bir siyasi lidersiniz.
Sizin 44 günlük Vətən müharibəsi dövründə tərəddüd etmədən atdığınız addımlar, verdiyiniz bəyanat və mesajlar bir daha dövlətə və millətə bağlı bir lider olduğunuzu sübut etdi. Partiya lideri olaraq, orduya getmək üçün ilk könüllü kimi Siz müraciət etdiniz.
Sizin atdığınız addımlar və verdiyiniz mesajlar Milli Həmrəyliyin qorunub saxlanmasına böyük töhfə verdi. Ordumuzun yazdığı böyük zəfər göstərdi ki, Siz lider olaraq hər zaman ən çətin məqamlarda belə düzgün qərar verə bilən bir partiya liderisiniz.
Bu gün də sərhədimizdə atəşkəs pozulur, təəssüf ki, Şəhidlərimiz var. Ruhları qarşısında baş əyirik! O Şəhidlərimizin müqəddəs ruhu üçün Siz bu gün də mövcud iqtidara səslənir, ərazi bütövlüyümüz, əsgərlərimizin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təminatı üçün təkliflər təqdim edirsiniz.
Cənab sədr!
Siz parlamentdə təmsil olunduğunuz zaman Azərbaycanda bir millət vəkili nümunəsi qoydunuz. On il əvvəl xalqın problemləri ilə bağlı etdiyiniz çıxışlar, problemlərin həlli üçün etdiyiniz təkliflər bu gün də zamanla ayaqlaşır. Odur ki, hələ də çoxları bu gün də sizi millət vəkili kimi tanıyır, parlamentdə olmasanız belə, Sizi özünə millət vəkili hesab edir.
Sizin yürütdüyünüz barış və dialoqla bağlı siyasi kurs, millət, dövlət, dövlətçiliklə bağlı fəlsəfi fikirləriniz, yazdığınız elmi məqalələr, Azərbaycanın fikir babaları ilə bağlı düşüncələriniz, ölkə problemlərinə yanaşmanız, ölkə problemlərini çözmək üçün hazırladığınız proqramlar biz ümidçiləri bir daha mübarizəyə ruhlandırır, güclü bir Azərbaycan quracağımıza ümidləndirir və inadırır.
Uğrunda canınızı qurban verməyi belə əsirgəmədiyiniz xalqımız sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasi müstəviyə daşımaqdadır. Bu, dövlətçilik fəlsəfəsi ilə yanaşı, sizin səmimi, realist düşüncə üzərində ardıcıl yürütdüyünüz siyasi fəaliyyətiniz nəticəsində baş verir. Sizin Azərbaycan siyasi arenasına yeni gətirdiyiniz siyasi kursu, barış, dialoq ritorikasını bir zamanlar süngü ilə qarşılayan bir çox siyasilər də artıq siyasətini Ümid Partiyasının siyasi kursuna yaxınlaşdırır.
Biz əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən lider kimi Sizin timsalınızda Ümid Partiyası və komandamız müasir Azərbaycan tarixində əbədi qalacaqdır.
Cənab Sədr!
Sıralarında onminlərlə insanı birləşdirən böyük Ümid ailəsi daha müasir, daha demokratik və azad, ərazi bütövlüyü təmin olunan Bütöv Azərbaycan uğrunda müqəddəs mücadilənizdə sonadək Sizinlə birlikdədir.
Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və getdiyimiz bu müqəddəs yolda, siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Şərh yaz