İqbal Ağazadə 27 sentyabr Anım Günü ilə bağlı yazdı
27 sentyabr tarixində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində başlanan ikinci Qarabağ savaşının üç ili tamam olur.
Bu savaşda Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir çox qismini mənfur düşməndən azad etdi. Bu müqəddəs savaşda üç minə yaxın igidimiz canlarından keçdi.
Bizə bu zəfəri bəxş edən bütün şəhidlərimizi rəhmətlə anır, onların ruhları qarşısında baş əyirik. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirik.
Vətənimizin gözəl guşələrindən olan Qarabağ torpaqları 30 ilə yaxın bir müddət idi ki, erməni vandallarının işğalı altında idi.
Torpaqlarımızın azad olunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsini, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in tövsiyələrini yerinə yetirməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün hüquqi-siyasi xəbərdarlıqlara baxmayaraq, öz işğalçılıq siyasətini davam etdirirdi.
Artıq torpaqlarımızın dinc, danışıq yolu ilə geri qaytarılacağına heç bir ümidi qalmayan xalqımız səfərbər olaraq, “Ali Baş komandan, bizə silah ver” şüarı ilə meydanlara axışdı.
Ali Baş Komandan Prezident İlham Əliyev də həm Ermənistana, həm də beynəlxalq güclərə dəfələrlə xəbərdarlıq etdi ki, torpaqlarımız işğaldan azad olunmazsa, müharibə qaçılmaz olacaq.
İşğalçılıq niyyətindən əl çəkməyən Ermənistan növbəti təxribatına 2020-ci il sentyabrın 27-də cəhd etdi. Bu dəfə isə mənfur düşmən dövlət və ordu ətrafında səfərbər olmuş, bir yumruq kimi birləşmiş Azərbaycan xalqı ilə qarşılaşdı və Ermənistan Silahlı Qüvvələrinin hücumuna cavab olaraq, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı.
27 sentyabr tarixi ölkəmiz, millətimiz və dövlətimiz üçün zəfərin, torpaqlarımızın işğaldan azad olunmasının başlanğıcı oldu.
Ümid Partiyası da bu haqlı davaya öz töhfəsini verdi, xalqla birlikdə səfərbər oldu. Ümid Partiyasının sədri İqbal Ağa-zadə səfərbərliyə ilk yazılaraq, müsəlləh əsgər olduğunu bəyan etdi. Bu döyüşdə partiyanın rəhbərliyi və üzvləri də döyüşə qatıldı, şəhid verdi.
Şanlı Azərbaycan Ordusu xalq-ordu, iqtidar-müxalifət birliyi nəticəsində uzun müddət işğal altında olan torpaqlarımızı azad etdi. Bu zəfərin əldə olunmasında əsas şərt Milli Birliyimiz, Milli Həmrəyliyimiz idi.
44 günlük savaşdan sonra Ermənistanın qanunsuz silahlı birləşmələri dəfələrlə Milli Ordumuza qarşı təxribatlar törətmişlər.
19 sentyabr 2023-cü il Füzuli rayonunda mina partlayışından və erməni separatçılarının Xocavənddə törətdiyi terror aktı nəticəsində hərbçi və polislərimiz Şəhidlik zirvəsinə yüksəldi.
Allah Dövlətimizi, Ordumuzu qorusun!
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party olaraq bəyan edirik ki, ümummilli problemlərimizin həll olunması istiqamətində bundan sonra da bütün siyasi qüvvələrlə həmrəyliyə hazırıq və əlimizdən gələn hər şeyi edəcəyik. Bir daha torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qəhrəmancasına canlarından keçmiş Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyir, yaralılara şəfa, qazilərimizə can sağlığı arzulayırıq!
Yaşasın Azərbaycan!
Şərh yaz