Ümid Partiyasının sədr müavini İlahə Sadıqova 9 mart 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Kadırov Avropanı hədələdi. Ukraynada humanitar atəşkəs başlayıb”,- başlığı ilə, Rusiya-Ukrayna müharibəsi mövzusu ətrafında baş tutub.
İlahə Sadıqova iki həftədən artıq davam edən Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüzkarlıq siyasətindən, həmçinin, elan olunan humanitar atəşkəsdən, humanitar dəhlizlərlə gedən vətəndaşların hədəf seçilməsindən danışıb.
O, bildirib ki, bu, təkcə iki ölkə üçün yox, regionda ciddi dəyişikliklərə gətirib çıxaracaq müharibədir, ümumilikdə bütün dünyanı əhatə edəcək bir savaşdır. O, dünyanın siyasi mənzərəsinin dəyişəcəyindən, Rusiyaya qarşı başlanan və davam edəcək sanksiyalardan, Rusiyadakı işsizlik və xaos gözləntilərindən də danışıb.
Ümid sədrinin müavini Rusiyada sosial durumun ağırlığından, sosial partlayış gözləntisindən, Rusiyanın öz vətəndaşlarına qarşı etdiyi zorakılıq və təzyiqlərdən, dövlətin öz vətəndaşı ilə üz-üzə olmasından da söz açıb.
Verilişdə Rusiya prezidenti Putinin tutduğu mövqedən geri çəkiləcəyi ehtimalları, yaxud sona qədər duruş gətirəcəyi gözləntiləri, onun imperiyanı bərpa etmək cəhdi, dünyaya güc nümayişi də müzakirə mövzusu olub. Ukraynada hakimiyyətə Rusiyanın adamının gətirilməsi planları, keçmiş prezident Yanukoviçin Zelinskiyə müraciəti, eyni zamanda, Putinin özünün hakimiyyətdən uzaqlaşdırılma planları, yolları da müzakirəyə çıxarılıb. Baş verənlərin Azərbaycana təsiri də verilişdə ayrıca detal kimi müzakirə edilib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: