Azərbaycan Ordusu 105 yaşını qeyd edir – İQBAL AĞA-ZADƏ xalqı təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə bu münasibətlə öz sosial şəbəkə hesabından Milli Ordunu təbrik edib.
Təbriki izləyicilərə təqdim edirik:
Bu gün Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Əziz Vətən övladları – igid əsgərlər, zabitlər, hərbçi bəylər və xanımlar!
Silahlı Qüvvələr Günü münasibətilə sizləri təbrik edirəm!
Kaş sizlərlə birlikdə biz də o səngərlərdə olaydıq. İşğaldan azad edilmiş torpaqlarımızın ətrini o səngərlərə gətirən küləklər bizim də üzümüzü, ruhumuzu oxşaya biləydi.
Siz xoşbəxtsiniz… Həm Vətəni qorumaq kimi bir şərəfli işi yerinə yetirərək torpaqlarımızın çox qismini işğaldan azad etdiyiniz üçün, həm də Qarabağa bizdən daha yaxın olduğunuz üçün… Haqqınız ödənməz!
Əziz zabit və əsgər heyətimiz!
Siz inandınız və ümidinizi itirmədiniz. Biz torpaqlarımızı əsarətdən birlikdə azad etdik. Tezliklə gün gələcək, haqqımız olan, bizim olan digər torpaqlarımıza da qovuşacağıq. Üçrəngli müqəddəs bayrağımızı Şuşa qalasından sancdığımız kimi o torpaqlara da sancacağıq!
Biz 44 günlük savaşda xalq, iqtidar, müxalifət ayrımı demədən birləşdik, Sizinlə bütövləşdik, millətləşdik, hamımız çəkici eyni zindana vurduq. Nəticə xalqımız, dövlətimiz, millətimiz üçün möhtəşəm oldu. Sizin sayənizdə 27 il işğalda qalan, əslində isə 207 il bizi təhdid edən Qarabağ problemində əhəmiyyətli və prinsipial irəliləyiş əldə etdik.
Əziz zabit və əsgər heyətimiz!
Sayənizdə millət, xalq olaraq, diz üstündən qalxdıq, qürurumuzu bərpa etdik, ordumuzu məğlub ordudan qalib orduya döndərə bildik. Bir sözlə, bu zəfər yeni tarix və yeni insan yaratdı…
Bizim üzərimizə böyük vəzifə düşür. Bu gün elə etməliyik ki, bu zəfəri bizə yaşadan Şəhidlərimizin ailələri, doğmaları, Qarabağ qaziləri dövlət qayğısından məmnun qalsın, vətəndaşlarımız Dövlət Baba sevgisini duysun, “Azərbaycan” deyəndə ürəyi fərəhlə, qürurla, sevinclə çırpınsın.
Allah Şəhidlərimizin məkanını cənnət etsin, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı versin!
Tanrı Sizi qorusun!
Sevgi və sayğılarla
Qarabağ qazisi, Azərbaycan Ümid Partiyasının sədri
Şərh yaz