Azərbaycan Ümid Partiyası xalqı Milli Dirçəliş Günü münasibətilə təbrik etdi

Bu gün xalqımız üçün əlamətdar günlərdən biridir.
Belə ki, 1988-ci ilin 17 noyabrında 70 il əsarətdə yaşayan, repressiya və qadağalar məngənəsində sıxılan bir xalqın milyonlarla övladı Sovet imperiyasına etiraz edərək, Azadlıq meydanına toplaşdı.
O günlərdə millət, xalq olaraq, öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi sonluğu olaraq, Sovet İmperiyası süqut etdi və Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Azərbaycanda daim demokratik və hər bir kəsin haqqı verilən, hüququ qorunan, iqtisadi, siyasi, sosial həyat şəraiti yüksək səviyyədə təmin olunan bir cəmiyyət olmasını arzulayır.
Allah müstəqilliyimizin qurulması, torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçən bütün Şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa versin!
Şərh yaz