Azərbaycanda narkotik maddələr səlahiyyətli dövlət orqanlarının icazəsindən kənar yayılmır – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 12 iyul “Reaksiya TV”də canlı efir qonağı olarkən bir çox məsələlərdən, o cümlədən son aylarda Azərbaycanda narkotikin, xüsusilə “patı”nın məşhurlaşmasından və kütləvi satışından danışıb.

İqbal Ağazadə narkotikin satışına dövlət qurumları və onların adamları tərəfindən icazə verildiyini bildirib:  “Azərbaycanda narkotik maddələr səlahiyyətli dövlət qurumlarının və adamlarının, səlahiyyətli dövlət orqanlarının icazəsindən kənar yayılmır. Bu, çox ciddi və ağır faktordur. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və s. orqanlar illərdir görmürdülər ki, Azərbaycanda “patı” yayılır? Əgər bu maddələr sərhəddən keçirsə, sərhəd qoruyucuları hara baxır?! Necə olur ki, sözügedən maddələr rahat şəkildə ölkəyə keçirilir? Deyilənə görə, gündə 3 kq-a yaxın burada hazırlanır. Bilirsinizmi, kəndlər var ki, kütləvi şəkildə yayılıb?! Görmürdülər ki, kimin əli ilə ortaya çıxarılır? Camaat, vətəndaş hər şeyi bilir. Bunun arxasında xüsusi qüvvələr var. Hakimiyyətin biləvasitə içində olan qüvvələrdir, səlahiyyətli dövlət adamlarıdır.

Partiya sədri əlavə edib ki, əvvəlcə bu qüvvələri sıradan çıxarmaq lazımdır. Ölkədə “patı”, “şüşə” özbaşına ortaya çıxıb? Şəhərin mərkəzində olan apteklərdə “patı” satılır. Soruşan, araşdıran varmı bu apteklər kimindir və niyə satışına icazə verilir? Əvvəllər təkcə “Papanin”də satılırdı, indi Bakının hər yeri “Papanin”dir. Şəhərin bütün küçələrində kameralar var. Görmürlər ki, necə satılır, niyə qarşısını almırlar? Çünki bundan pul qazanırlar. Yadınızda saxlayın ki, o pul bunu satanların balalarının burnundan gələcək. Çünki o, başqasının balalarını pis vəziyyətə salır. Kəndlər var ki, ata və oğul bir yerdə narkotikdən istifadə edir. Bu, dəhşətdir. Azərbaycanda plantasiyalar var ki, kimlərinsə nəzarətindədir.

İqbal Ağazadə dəhşətli faktlar açıqlayıb. O deyib ki, Bakı Ağır Cinayətlər məhkəməsində 5 hektar narkotik plantasiyasına görə həbs edilən adamdan sonra bilmirdilər ki, o hansı rayondadır, kimin nəzarətindədir? Həmin prosesdə plantasiyada adam da öldürülmüşdü. Amma araşdırılmadı. Peşəkar narkomanlar yeni insanlar cəlb etməklə əslində öz narkotik tələbatlarını ödəyirlər. Çünki pulları bitir və yeniləri yığmaqla bunu sığortalayırlar. Mən parlamentdə olanda vaxtında narkomaniya haqqında qanun qəbul edilməsini istədim, amma rədd etdilər. Dedim ki, narkotikdən istifadə edənləri qeydiyyata alın. Təklif etdiyim qanun Milli Məclisdə qəbul edilmədi. Qeydiyyatdan kənar kim narkotik maddə istifadə etsə, 15 ilə qədər həbs verilməli olduğunu irəli sürdüm. Əgər bu qanun qəbul edilsəydi, ölkədə bir narkoman qalmazdı. O zaman hamıdı gülürdü ki, narkotiki rəsmiləşdirmək istəyirsiz. Axı bu daha doğru olardı. Hansısa kənddə narkoman vəsiqəsi olan insanı hər kəs tanıyacaqdı və ona qız verməyəcəkdilər, o da kiminsə balasını bədbəxt etməyəcəkdi. Ya islah olunacaq, ya da hökumət də biləcək ki, filankəs narkomandır və ona narkotik istifadəsi üçün yer verəcək. Sən narkotikə icazə verib istifadə üçün yer qoymayanda camaat “patı”ya qurşanacaq. Sözügedən çıxışı izləyicilərə təqdim edirik:

Şərh yaz