Bahalaşmanın qarşını almaq üçün ən ASAN YOL – Tamilla Qulami ilə müsahibə

“Azərbaycanın qeyri-neft sektoru, xüsusilə qida sahəsi öz-özünü təmin etmir. Rusiya, Ukrayna və başqa ölkələrdən qeyri-neft sektoru məhsullarını idxal edirik. Ümumiyyətlə, neft sektoru mütləq şəkildə qeyri-neft sektoru ilə əvəz olunmalıdır, neftin qiymətini dünyada tənzimləyən Azərbaycan deyil”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, qida məhsulları əsasən başqa ölkələrdən təmin olunur:
“Bütün hallarda kənd təsərrüfatı sahəsini genişləndirmək lazımdır. Ümid Partiyasının kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bir çox təklifləri var. Partiyamızın Antiböhran proqramında qeyd olunur ki, iqtisadi böhranla mübarizə və böhrandan çıxış proqramı qəbul edilməli və ölkə iqtisadiyyatının neftdən kənar sahələrinin inkişaf proqramı işlənilməlidir.
Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ölkədə yetişdirilərək, xaricə ixracına görə 18% ƏDV-nin sahibkara ödənilməsinə şərait yaratmaqla, bu sektorun inkişafını təmin etməli, idxal olunan mallara süni qiymət qoyma siyasəti olmamalı, saxta invoyslarla qiymətlər aşağı yazılmamalı, qiymətlərin tənzimlənməsi beynəlxalq birjalara və mövcud bazar qiymətlərinə uyğun müəyyən edilməlidir.
Beləliklə, neft və neft məhsullarının satışı sərbəstləşdirilməli, birjalar vasitəsi ilə həyata keçirilməli və sahibkarların bu prosesdə iştirakına sərbəst şərait yaradılmalıdır”.
Həmsöhbətimiz qeyd edib ki, kənd təsərrüfatı sahəsi indiyə kimi inkişaf etdirilməli idi:
“Lakin təəssüflər olsun ki, fermerlər və sahibkarlar öz fəaliyyətləri ilə məşğul olduqda, onların məhsullarının rentabelliyi olmur. Həmin sahibkarlar kənd təsərrüfatı ilə məşğul olduqda torpaqdan aldıqları məhsulu şəhərdən gələn başqa sahibkarlar çox aşağı qiymətə alırlar. Daha sonra isə çox baha qiymətə Bakıda bazarlarda satırlar. Yəni çox acınacaqlı vəziyyətdir. Subsidiyalar da kəndlilərin zəhmətinin, əməyinin qarşılığını vermir.
Ona görə də artıq bir çoxu kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Sahibkarın məhsul üçün çəkdiyi əziyyəti, xərclədiyi pulu nəzərə alınmalı və üzərinə müəyyən faizlər gəlməli, həmin faizlərlə alıcıya təqdim etməlidirlər. Bu, mövcud qiymətdən baha olmayacaq. Halbuki, işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatı ilə məşğul olmaq olar.
Çünki onlar məhsuldar torpaqlardır. O torpaqlar hesabına ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin etməliyik. Belə olsa, yerli məhsulların satışında çox baha qiymətlərə rastlaşmarıq”.
T. Qulami bildirib ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi ərzaq bazarına da ziyan vurur:
“Ukraynadan taxıl və ət məhsulları alırdıq. Yəni heç nədən sığortalanmamışıq. Biz ət və taxıl məhsulları rezervlərimiz barədə düşünməliyik”.
Tamilla Qulami onu da əlavə edib ki, ərzaq bahalaşmasına səbəb bazarların monopoliyada olmasıdır:
“Sahibkarlar öz məhsullarını gətirib şəhərdə satmaq istəyəndə belə, onlar üçün xüsusi barkodlar tələb olunur. Həmin barkodun qiyməti isə aşağısı 2-3 min manatdan başlayır. Hətta 10 min manata qədər qiymət olur. Ona görə məhsullarını gətirib Bakıda marketlərə belə təqdim edə bilmirlər. Düşünürəm ki, ilk növbədə bunun qarşısı alınmalıdır.
Əslində, xalqın səsini çatdıran tərəf parlamentdir. Lakin parlamentdəki deputatların bəziləri təmsil etdikləri ərazilərin belə problemlərini səsləndirmirlər. Deputatlar icra başçıları ilə gərginlik yaşasalar, o zaman problemlərini dilə gətirirlər.
Azərbaycanda yay ərəfəsində hər kəs meyvə-tərəvəz alıb qidalana bilmir. Həmişə yay aylarında qadınlarımız kompot bağlayırdı, mürəbbə bişirirdi, turşu qoyurdu. Lakin mən ətrafımdakı ailələrin əksəriyyətində cari ildə buna rast gəlmədim. Yəni kasıb təbəqə özünü qışda təmin etmək üçün hansısa addım ata bilmədi. Bu addımların atılması üçün parlament xalqın səsini çatdırmalıdır”.
Sədr müavini fermerlərin qarşılaşdığı digər problemlərdən də bəhs edib:
“İnsanlar öz torpaqlarını suvara bilmirlər. İcra başçıları örüş və məhsuldar torpaqları özlərinin və qohumlarının adlarına keçirirlər. Üstəlik, o torpaqları özləri üçün suvarırlar, su pulunu isə vətəndaşdan çıxarırlar. Nəticədə kasıb fermerlər torpaqlarını suvara bilmirlər. Heç onlara suvarmağa imkan da verilmir.
Çünki bunun üçün rüşvət tələb edirlər. Halbuki, dövlət büdcəsindən xüsusi artezian quyularının qazılması üçün maliyyə ayrılıb. Lakin icra başçıları sahibkara öz torpağını suvarıb məhsullarını götürməyə icazə vermirlər. Ona görə də kənd təsərrüafında maraqlı görünmürlər. Axı kəndçi öz torpağında necə məşğul olsun? Məcbur qalıb Bakıya gəlirlər və paytaxtın yükü artır. Ərzaq qiymətlərinin bahalaşmasının qarşısının alınması üçün azad bazar olmalıdır. Lakin bizdə inhisarçılıq var, məmurlar oliqarxiya ilə məşğuldurlar. Məmurlar öz məhsullarını gətirib satırlar.
Lakin sıravi vətəndaşlara xarici ölkələrdən məhsul gətirib satmağa icazə verilmir. Azad bazar rəqabəti olmayan yerdə qiymətlərin bahalaşması qaçılmazdı. İnsanlara kənd təsərrüfatı ilə məşğul olmasına şərait yaradılmalıdır. Yerli şirkətlər hər şeyi xaricdən alırlar, sadəcə burada paketləyirlər.
Həmçinin, böyük marketlərdə satılan məhsulların da əksəriyyətinin də vaxtı keçib. Hətta yenidən üzərinə başqa tarix yazırlar. Hesab edirəm ki, qiymətlərlə bağlı limit də tətbiq oluna bilər.
Dövlətin bununla bağlı xüsusi siyasəti olmalıdır. İqtisadi doktrinaya əsasən insanların normal yaşaması, sosial problemlərinin həlli üçün addımlar atılmalıdır”.
Elmir Mustafa
Şərh yaz