Bakı şərtləri masadan götürmədi: Sülh üçün əsas təminat açıqlandı – İQBAL AĞAZADƏ ilə müsahibə

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Sözügedən müsahibəni təqdim edirik:
– Ermənistan Zəngəzur dəhlizinə qarşı müxtəlif maneələr yaratmağa çalışır. İndiki halda İrəvanın bu layihəyə alternativ olaraq təklif etdiyi “sülh qovşağı” iddiası nəyi ehtiva edir?
– “Sülh qovşağı” sözsüz ki, Zəngəzur dəhlizi ilə eyni anlama gələ bilməz. Çünki Ermənistanın ortaya atmış olduğu “sülh qovşağı” iddiası Cənubi Qafqazın ən böyük imkanlarına malik ölkəsi olan Azərbaycanı kənarda saxlayır. Azərbaycanın beləliklə uzadılmış bir məsafə ilə dünyaya, Avropaya çıxışı iddia edilir. Amma bunun əksinə Azərbaycanın belə çıxış imkanları çoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu xüsusda mühüm rol oynayır. Ona görə də, bu yola alternativ üçün əlavə xərclər çəkməyə ehtiyac yoxdur.
– Azərbaycanın əsas şərti və təklifi nədən ibarətdir?
– Bakının daha ucuz və Ermənistanı içərisinə alan təklifi var ki, bu da tarixi Zəngəzur ərazisindən keçən yoldur. Buradan Naxçıvana daha yaxın az maliyyə xərci tələb edən yol-nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi optimal variantdır. Eyni zamanda Nikol Paşinyan Azərbaycanın İran ərazisindən Naxçıvana gediş əldə etmək imkanlarını nəzərə alaraq “sülh qovşağı” kimi iddianı ortaya atıb. Əslində o da bilirdi ki, dünya dövlətlərinin əksəriyyəti İrandan keçəcək tranzitə isti yanaşmayacaq. Bunun əvəzində o öz iddiasının üzərində düşünməyə dəyər kimi bir görüntü yaratmağa çalışdı. Amma bütün bu iddialara rəğmən ən optimal variant Zəngəzur dəhlizinin açılmasıdır.
– Zəngəzur dəhlizinə beynəlxalq miqyasda maraq hansı səviyyədədir?
– Dünyanın da diqqətində olan Orta Dəhliz layihəsinin bir hissəsi olacaq Zəngəzur dəhlizi gec-tez açılacaq. Sadəcə olaraq erməni tərəfinin indiki addımları sülh müqaviləsi bağlamaq və yaxud sülh müqaviləsini bağlamamaq üçün edilən çabalardır.
– Ermənistan parlamentinin spikeri Azərbaycanla sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırıldığını iddia edib. Bu nə dərəcədə inandırıcıdır? Azərbaycanın əsas şərtlərinin necə təmin edildiyi ilə bağlı isə açıqlama verilmir…
– Burada bir neçə əməl edilməsi şərtlər var. Misal olaraq ATƏT-in Minsk Qrupunun proseslərdə olması vaxtı bitib. Minsk Qrupu konfilikt üçün yaranmışdı. Artıq konfilikt yoxdur. Bu halda onu tənzimləyəcək qurumun olub-olmaması danışıqlar predmeti ola bilməz. Sülh müqaviləsində bu məsələni xüsusi bir bənd kimi qeyd etməyə də ehtiyac yoxdur. İki ölkə arasında sülh müqaviləsi imzalansa kənar hansısa bir təşkilatın edə biləcəyi heç bir iş yoxdur. Burada prinsipial məsələləri sülh müqaviləsinin gələcəyi ilə bağlıdır.
– İmzalanacaq sülh sazişi üçün əsas təminat nədən ibarətdir?
– Ermənistanda gələcəkdə hakimiyyətə gələcək qüvvələrin yenidən analoji iddiaları səsləndirməsinə hüquqi bazanın olmaması təmin olunmalıdır. Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycan ərazilərinə iddialar var. İlkin olaraq Ermənistan bu hüquqi aktların və sənədlərin qüvvədən düşməsi ilə bağlı qərar verməli və bunun mexanizmini ortaya qoymalıdır. Hakimiyyətlər dəyişdikdən sonra da Azərbaycana qarşı hər hansı revanşist qüvvə yenidən iddia edib bunu qanuna və konstitusiya istinad edərək əsaslandırmağa çalışmasın. Əsas şərt məhz budur. Digər məsələləri isə zamanla həll etmək mümkündür.
Müəllif: Tapdıq Qurbanlı
Şərh yaz