Bakını yükdən azad etməyin bahalı yolu – TAMİLLA QULAMİ açıqlayır

Zaman-zaman Azərbaycan paytaxtının dəyişdirilməsi məsələsi gündəmə gəlir.
Əsasən Bakının yükünü və tıxacları azaltmaq üçün bu addımın atılması təklif olunur. Lakin sözügedən təklif birmənalı qarşılanmır. Bir çox ekspert və ya ictimai xadim paytaxtın dəyişməsini doğru hesab etsə də, əksəriyyəti bunu ehtiyac olmadığını düşünür. Paytaxtın köçürülməsi üçün hətta 30-50 milyard dollar vəsait tələb edildiyi bildirilir.
Ümumiyyətlə, Bakının yükünü azaltmaq üçün paytaxtı dəyişmək lazımdır?
Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, paytaxtın dəyişməsinin əvəzinə Bakının yükünü azaltmaq lazımdır:
“İnkişaf etmiş ölkələrdə insanlar paytaxtda deyil, meqapolis şəhərlərdə daha çox toplanırlar. Bununla da paytaxtın yükü azaldılır. Bakının isə yükü kifayət qədər çoxdur. Bunun bir çox fundamental səbəbi var. Bölgələrimizdə işsizlik və insanların kənd təsərrüfatı ilə məşğul ola bilməmələri, məşğul olduqda belə bunun rentabelliyinin olmaması əsas faktorlardandır. Daha dəqiq desək, becərdikləri məhsullar ya əlləri qalır və ya qəpik-quruşa satılır. Hansı ki, qədərindən daha ucuza alınan həmin məhsullar Bakıda “od qiymətinə” satılır”.
Onun sözlərinə görə, insanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmir və Bakıya gəlirlər:
“Bakının yükünü azaltmaq üçün paytaxtın başqa şəhərə köçürülməsinə ehtiyac yoxdur. Çünki paytaxt başqa şəhərə köçürülsə də, insanlara harada çox iş olsa ora gedəcəklər. Ona görə də Bakının yükünü azaltmaq üçün paytaxtın dəyişdirilməsini məqsədəuyğun hesab etmirəm. Nəzərə almaq lazımdır ki, ölkədə müəyyən iqtisadi və sosial problemlər var. Onların aradan qaldırılması üçün ölkənin neft sektorundan qeyri neft sektoruna addımlamasına ehtiyac var. Qida məhsullarını demək olar ki, başqa ölkələrdən alırıq. Qida məhsulları aldığımız hansısa ölkələrdə gələcəkdə müharibə olub-olmayacağını bilmirik. Lakin işğaldan azad etdiyimiz Qarabağ çox münbit və məhsuldar torpaqlara sahibdir.
Bu səbəbdən də bölgələrdə, xüsusilə də Qarabağda kənd təsərrüfatı inkişaf etdirilməlidir. Kəndlilərə, fermerlərə və sahibkarlara şərait yaradılmalıdır ki, onlar kənd təsərrüfatı ilə məşğul olsunlar. O zaman insanlar Bakıya üz tutmayacaqlar”.
Tamilla Qulami bir gün paytaxtın dəyişdiriləcəyi halda bunun hansı şəhər ola biləcəyi barədə suala da münasibət bildirib:
“Bu halda Sumqayıt, Gəncə, Şəki, Şamaxı və ya Şuşa yeni paytaxt ola bilər. Lakin mən çox istəyərəm ki, bir gün Bütöv Azərbaycan hədəfimiz reallaşsın və paytaxtımız Təbriz olsun”.
Elmir Mustafa
Şərh yaz