Son zamanlar cəbhə bölgəsində baş verən proseslər, regionda hərbi – siyasi marağı olan ölkə rəsmilərinin bir-birinin ardınca Azərbaycana edilən səfərlərinin səbəb və nəticələri ilə bağlı sualımıza Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Bakir Həsənbəyli cavab verir:
“Son aylar diplomatik və hərbi sahədə aktivləşmə heç də səbəbsiz deyil. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı taktiki təlimlərin 29 iyul – 10 avqust tarixlərində Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilməsi bu səbəblərdən biridir.
Doğrudur, bu məsələ illik plana uyğun olaraq təqdim edilsə də, dediyim kimi, özəl səbəbləri də var idi. Xatırlayırsınızsa, bu təlimlərdən cəmi 6 gün öncə – 23 iyulda Ermənistan – Rusiya birləşmiş hava hücumundan müdafiə sistemi çərçivəsində təlimlərə start verilmişdi. Daha sonra avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəldilər. Avqustun 17-də “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının artilleriya gəmiləri və s. Bakıya səfər etdilər. Və nəhayətdə avqustun 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu da ziyarətçilər sırasına qoşuldu.
Yuxarıda qeyd etdiyim kimi bu qədər siyasi – diplomatik hərəkətlənmə cəmi bir ayda baş verənlərdir. Bütün bu hərəkətlənmə isə məhz ermənilərin Tovuz istiqamətində həyata keçirdikləri bir neçə günlük təxribatın fonunda baş verdi. Həmin təxribatların gedişində prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığında açıq iradını bildirdi ki, sərhəddəki təxribatdan sonra Rusiya Ermənistana 400 tondan çox hərbi texnika və sursat göndərib. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan da aprel döyüşləri ilə bağlı mətbuat konfransı keçirərkən etiraf etdi ki, onun zamanında da Rusiyadan Ermənistana tonlarla hərbi texnika daşınıb. Yəni Rusiya hər zaman bu prosesi həyata keçirib. Bu vəziyyət haqlı olaraq, Azərbaycan cəmiyyətinin narazılığına səbəb olub. Lakin Azərbaycan hökuməti Rusiya hökumətinin də onunla danışılan sərt ritorikasını bəyənmədiyini bilirdi.
Çox təəssüf ki, son günlər bu məsələnin sanki unutdurulması istiqamətində nə imkanlar var idisə, ondan istifadə edildi. Aydındır, Rusiyanın böyük təzyiq imkanları var, şimal qonşumuz böyük ölkədir, lakin Azərbaycan da müstəqil dövlətdir və bu dövlətin öz maraqları var. Kimsənin haqqı yoxdur ki, dövlət maraqlarını nəyəsə qurban versin. Biz bir tərəfdən iradımızı bildiririk ki, nə üçün Rusiya işğalçı ölkəyə hərbi texnika göndərir, digər tərəfdən də bu ölkənin hərbi gəmilərini gül-çiçəklə, milli geyimli gənclərin rəqsləri ilə qarşılayırıq. Bu, sadəcə ziddiyyət idi.
Hakimiyyətin içərisində rusiyapərəst qüvvələr var. Onlar bu ölkə ilə tərəfdaşlıq münasibətlərinin bərpasına çalışa bilərlər. Lakin bu heç də doğru yanaşma deyil. Siyasət həm də prinsipiallığı sevir. Məhz bu cür yanaşmalar dövlət maraqlarına birbaşa ziddir. Mən hesab etmirəm ki, Azərbaycan Rusiya ilə düşmən mövqedə olmalıdır. Hətta Ermənistan xaric, digər qonşu dövlətlərlə problemimizin olmamasının tərəfdarıyam. Rusiyanın hərbi-siyasi imkanlarını da bilirəm, amma bu, onun qarşısında əyilmək, prinsiplərindən geri çəkilmək anlamına gəlməməlidir.
Azərbaycanın hərbi-strateji müttəfiqi Türkiyədir. Biz Türkiyə ilə hərbi müttəfiqliyi gücləndirməliyik. Lakin bu ölkənin bizim rus ordusu qarşısında ifrata varan hərəkətlərimizi görəndə barəmizdəki təsəvvürləri Azərbaycan hakimiyyətini narahat edirmi? Kifayət qədər təəssüf doğuracaq haldır.
Hesab edirəm ki, ermənilərin Tovuz istiqamətindəki təxribatları fonunda Rusiyanın bu ölkəyə hərbi texnika və sursat göndərməsindən sonra biz hərbi yarışlardan imtina etməli idik. Rus hərbi gəmilərinin Azərbaycanda qarşılanmasında yersiz canfəşanlıq olmamalı idi. Bununla da rəsmi Kremlə ölkəmizin narazılıq mesajını vermiş olacaqdıq. Çox təəssüf ki, bunların heç biri baş vermədi. Bu hal Azərbaycan hakimiyyətinin prinsipial və ardıcıl siyasətinin olmadığının göstəricisidr.
Bəs əvəzində nə baş verdi? Şoyqunun Moskvada Ermənistanın müdafiə naziri David Tonoyanla görüşdüyü və Bakıya səfər edəcəyi haqda məlumatın yayıldığı gün erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində təxribat xarakterli hücuma cəhd etdi. Və nəhayət Rusiya müdafiə nazirinin Bakıya səfəri bir neçə versiyanı önə çıxardı.
Əvvəla Şoyqu Tovuz təxribatından sonra başlanan Azərbaycan – Türkiyə təlimləri və Türkiyə hərbi rəhbərliyinin Bakıya səfəri fonunda Rusiyanın narahatlığını bildirmək, mövqeləri yenidən dəqiqləşdirmək üçün gəlmişdi. Halbuki adekvat hərəkət etmək haqqı Azərbaycanda idi. Təəssüf ki, Azərbaycan hakimiyyəti bundan istifadə etməyə cürət etmədi.
Şoyqunun gəlişi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi ictimaiyyətə verdiyi məlumatda diqqəti fərqli istiqamətə yönəltdi. Məlumatda bildirilirdi ki, Şoyqu Azərbaycan müdafiə nazirinin dəvəti ilə gəlib. Türkiyə hərbi rəhbərliyinin səfərindən sonra belə bir dəvət Azərbaycan hakimiyyətinin illərdir iddia etdiyi balans siyasətinin tərkib hissəsi idi. Tovuz döyüşlərinin yaratdığı reallıqlar Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakını heç olmadığı qədər aktuallaşdırdı və bunun üçün Moskva ilə razılaşmaların olmasının vacibliyi yarandı. Görüş trafikinin diplomatlar yox, hərbçilər vasitəsilə baş tutması isə Bakının münaqişənin həllində hərbi variantı ön plana çıxardığı təəssüratını yaratdı. Bakı və Ankaranın ruslarla razılaşmaq planları fonunda Goranboy istiqamətində erməni təxribatını İrəvanın mümkün ssenarilərə qarşı addımı olaraq da qiymətləndirmək olar. Digər tərəfdən bu addımlar mövcud status-kvonun da saxlanması istəyindən irəli gəlir. Sözsüz ki, biz bunları zaman – zaman hadisələrin inkişafında görəcəyik.
Ümid Partiyası Mətbuat Xidməti