Tarix insanlığın mövcudluğundan günümüzə qədər müxtəlif səbəbli, nəticəli ən qısa və ən uzun müddətli müharibələrə şahidlik edib. 44 günlük Vətən Müharibəsi müddətinə görə olmasa da, nəticəsinə görə müharibələr sırasında özünə yeni bir səhifə aça bildi. Nəticənin fərdiləşdirilməsini doğru hesab etmirəm. Çünki milli uğurlar fərdiləşəndə kiçilir. Fərdin yoxluğunda isə arxiv olma ehtimalı daha yüksək olur. Qarabağdakı uğurun sahibi Azərbaycan xalqıdır. Bura döyüşənlər də daxildir, əmr verənlər də. Fərdiləşdirməyək, sayğı duyaq.
Müharibəni həm də sovet xalqının iradəsi uddu. – Bu, Böyük Vətən Müharibəsindən sonra o zamanların ən populyar qənaətlərindən idi və təqdir də edirəm. Tarixi sənədlərdən, çəkilən filmlərdən və danışılan xatirələrdən bu qənaətin doğruluğu təsdiqlənir. Qarabağın azad edilməsi uğrunda başlayan və kiçik olmayan qələbə ilə bitən müharibədə də Azərbaycan xalqının iradəsi əsas rol oynadı. Kimi canı, kimi də qələbənin əldə edilməsində rolu olan hər hansı vasitə ilə müharibədə iştirak etdi. Xatırlayıram, əsgərlərdən biri söyləyirdi ki, yaxınlıqdakı kəndlərdən birində yaşlı ana “sizə ərzaq alıb verməyə pulum yoxdur, amma çirkli paltarlarınız varsa, verin yuyum” – deyə köməyini təklif etmişdi. Sual olunur, bu ana müharibə iştirakçısı deyil, bəs kimdir? Məhz bu aspektdən yanaşanda uğurun fərdiləşdilməsinin əleyhinəyəm. Müharibə aktiv fazasında olanda ölkə daxilində patriotizm özünün pik həddində idi. Buna milli, ictimai, kütləvi vətənpərvərlik də demək olar. Və bu nüans ölkəiçi münasibətlərlə sərhədlənmirdi. Hətta zaman-zaman özlərinə qarşı adminstrativ resuslardan istifadə edilərək, hərəkətlənmələrə təqib, təzyiq adı qoyub ölkəni tərk edənlər belə bu prosesdə milli tamlığın tərkib hissəsinə çevrilə bildilər. Vətən müharibəsi dialektimizi müxtəlif təşbehlər, ayamalarla da zənginləşdirdi. Əslində deyilənlərin yaranma tarixini inanmıram ki, kimsə dəqiqliklə bilsin. Həmin ifadələrin elmi, fəlsəfi yükü olmadığı üçün araşdırmaçılığa ehtiyac da yoxdur. Lakin hamı, hər kəs həmin “yarlık”ları ilk dəfə eşidirmiş kimi özünü göstərdi. Bu, kütlə təqdiri idi. Çünki həmişə “jarqon” sözləri özlərindən birinin dilindən eşidən kütlənin bu dəfəki dinləyişi onun üçün daha maraqlı idi.
Bir zamanlar Türkiyə türklərindən birinin Azərbaycanda qurduğu və rəhbərlik etdiyi şirkətlər qrupunda çalışırdım. Şirkət rəhbəri ilə söhbət zamanı ona bildirdim ki, “sizdə ailədaxili münasibətlər Türkiyənin hər yerində eynidirmi? Məsələn xanımlar həyat yoldaşına “bəy” deyə müraciət edirlər.” Gülümsədi və “axşam “Kurtlar vadisi”nəmi baxmısan?” – deyə soruşdu. Təsdiqlədim. Polad Ələmdarın anası, atasına “bəy” deyə xitab edirdi. “O filmlərdədir, əfəndim”- deyə cavab verdi. Vətən müharibəsinə qədər xalq elə bilirdi ki, ali təbəqənin məişəti fərqlidir. Düzdür fərqlidir, lakin sosial-iqtisadi, hüquqi və s. sferada. Bu, həm də kütlə inamı idi. Kütlə inanırdı ki, artıq birik, tamıq. Siniflər, düşərgələr, firqələr olmayacaq. O da danışır. Həm də sənin, mənim, onun dilində. Fəqət. Patriotizm və onun doğurduğu sonuc müharibələr zamanı alıb-satmağı bacaran hər kəsə çox böyük qazanclar gətirir. İstənilən şəxs və ya şəxsiyyət nə qədər çox patriotizmi təbliğ edirsə, o qədər də çox öz dolanışığını yaxşılaşdıra bilir. İstənilən imperator, kral, özünün patriotizmə bağlı olduğunu daha çox gözə çarpdırdıqca, daha böyük şöhrət qazanır. Bu patriotizmin qanunlarındadır. Bütün dövrlərin hakimiyyətdə olanları bu işi gerçəkləşdirmək üçün əllərindəki administrativ imkanlardan, ordudan, puldan, dindən, mətbuatdan və s.-dən ciddi şəkildə istifadə edirlər. Müasir dövrün əl düzəldən çapsız trollarını da bu siyahıya əlavə etsək, kifayət qədər geniş resurs yaranır. Azərbaycan iqtidarının müharibəyəqədərki bölücülük siyasətinin müharibədən sonra tarixin arxivinə gömüldüyü zənn edilirdi. Daha əvvəlki kimi idarə etməyəcəklər və ya edə bilməyəcəklər kimi iddialar səslənirdi. İnam, etibar hər günahının üzərinə ağ səhifə yapışdırdı. Sanki bu ölkənin hakimiyyətinin yetişdirdiyi şəxslər milyonlarla manat mənimsədikləri üçün məhkəmə qərarı ilə həbs edilib, qısa zamndan sonra əfv olunaraq, səfalarını çəkirmişlər. Sanki nə Vidadi Zeynalov olub, nə Akif Çovdarov, nə Ramiz Mehdiyev, nə Əli Həsənov, nə Vüqar Səfərli, nə iqtidarın təbirincə desək, “radikal müxalifətlə” iş birliyi olan Abdin Fərzəliyev, nə də xəyanətləri “öz kişi bətnindən doğan” Nəcməddin Sadıqov və s. Sanki Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva auditoriyada tələbələrinə “harada müxalifət nümayəndəsi görsəniz, tüpürün üzünə” deməmişdi. Sanki siniflərarası mübarizəni məqsədli körükləyən Mirşahin efirdən “müxalifətçilərə ərzaq satmayın, avtobuslara minməyə qoymayın, xəstələnəndə təcili yardımla köməklərinə gəlməyin” çağırışı etməmişdi. Sanki xalq iradəsnin zorlanma tarixi olmayıb. Sanki, sanki… Sual vermirəm ki, bilirsiniz, nə qədər sankilər var. Çünki bilirsiniz, hətta məndən də çox. Müharibə bitər-bitməz, Cəlilabadın icra hakimiyyətinin başçısı şəhid ailəsindən rüşvət aldı. Tərtərin icra başçısı şəhid ailəsini təhqir etdi. Və soruşmuram – nooldu?! Çünki bilirəm, rejimlər müqəddəslər yetişdirmir.
Bakir Həsənbəyli
Ümid Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini