Ümid Partiyasının sədr müavini Tamilla Qulami 9 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “”Sülhməramlılar” Qarabağdan çıxarılır?!”,- başlığı ilə, Dağlıq Qarabağdakı durum və Rusiya-Ukrayna müharibəsi mövzusu ətrafında baş tutub.
Tamilla Qulami Dağlıq Qarabağda yerləşdirilmiş “sülhməramlı”larının təxribatçı fəaliyyətindən, həmçinin oradakı terrorçu erməni qruplaşmaların hərəkətlərindən, bölgədə son dövrdə baş verənlərdən danışıb.
O, erməni silahlılarının törətdiyi təxribatlar, Laçın dəhlizində baş verənlər, Azərbaycan vətəndaşlarının Xankəndi, Xocavənd və digər bu kimi ərazilərə hələ də gedə bilməməsi, işğaldan azad edilmənin tam başa çatmaması, işğaldan azad olunmuş ərazilərə köçürülmənin baş tutmaması ilə bağlı da fikirlərini bölüşüb.
Ümid sədrinin müavini erməni işğalından azad edilmiş torpaqlarımıza, ərazilərimizə vətəndaşlarımızın köçürülməsinin vacibliyindən, bu proseslərin gecikməsinin əleyhimizə yönələcəyindən də danışıb.
Həmçinin, Rusiya ilə bağlanan müttəfiqlik müqaviləsi, son günlər “sülhməramlı”ların nəzarət etdiyi bölgədən gələn narahatedici xəbərlər də müzakirə olunub.
Verilişdə Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibə də müzakirə mövzusu olub. Tamilla Qulami müharibənin gedişatından, Ukraynanın dirənişindən, dünyanın proseslərə mövqeyindən geniş danışıb. O, informasiya müharibəsində Ukraynanın qalibiyyətini, Ukraynanın dirənişi ilə rus ordusu xofunun aradan qaldırıldığını, dağıdıldığını diqqətə çatdırıb.
Eyni zamanda, Ukraynanın haqq savaşı, Azərbaycanın Ukraynanı dəstəkləməsi, Azərbaycan vətəndaşları arasında Ukraynaya dəstək verənlərin çoxluğu, rusyönümlülərin azlığı da diqqətə çatdırılıb.
Rusiyanın Dağlıq Qarabağdakı separatçılar adından humanitar yardım göndərməsi, bunun xüsusi şəkildə ictimailəşdirilməsi, Azərbaycan Müdafiə Nazirliyinin buna etiraz olaraq verdiyi bəyanat da müzakirəyə çıxarılıb.
Tamilla Qulami Rusiyada yaşayan və çalışan azərbaycanlıların durumundan, gözlənilən problemlərindən, həmçinin, onların proseslərə olan yanaşmasından da söz açıb.
Verilişdə Rusiyanın müttəfiqliyi məsələsi, Ukrayna prezidentinin cəsur davranışları, xalqa güvənməsi, Rusiyanın parçalanma təhlükəsi də müzakirə edilib.
Azərbaycanın və azərbaycanlıların çoxsaylı sosial problemləri, idxaldan asılılıq, sözügedən müharibənin gözlənilən təsirləri də verilişin müzakirə mövzusu olub.
Tamilla Qulami Cənubi Azərbaycan və oradakı soydaşlarımızla bağlı sualları da cavablandırıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: