Bizim olmayan 8 may

Şuşa. Hər daşında bir tarix yaşayan qədim şəhər. Tarixi şəxsiyyətləri yetirən məkan. Azərbaycanın musiqi beşiyi. Şərqin Konservatoriyası…

Şuşa haqqında indi ancaq xatirələrdə, xəyallarda, keçmiş və gələcək zamanlarda danışırıq. İndiki zamanda vəziyyəti, halı ifadə etmək o qədər çətin ki… hər şey ahlı, ağrılı pauza ilə, sükutla ötürülür. Baxışı bəlkə də yerin yeddinci qatına gedən əyilmiş başı qaldırıb nə qarşındakı adamın, yanındakı uşağın üzünə, nə mənən yox olan, təkcə güzgüdən görünən özünə, nə də durduğun yerdən görünməyən, səndən indi çox uzaqlarda qalan, sənin əvəzinə utanıb xəcalətdən kiçilən dağlara baxa bilirsən…

Hələ tam saralmayan, öləziyən ümidlərə, gümanlara bel bağlayıb, məhəllələrin xatirə pillələrini qalxıb Cıdır düzündən – həmişə dayandığın yüksəklikdən şəhərə, ətrafa baxmaq istəyirsən. Gördüklərin ürəyini yandırır. Çabalayan, hələ yaşamaq istəyən ümidlərinə əl uzanır. Əl atılır…

Son günlər ermənilər özlərinin olmayanını dağıdaraq qədimliyi itirməyə çalışdığı, özününkü kimi təqdim edərək, yerinə yeni-bər-bəzəkli, erməniləşdirmək istədikləri Şuşada toy-bayram düzənləyib, festivallar keçirirlər. Bizdən daha çox canfəşanlıq göstərərək.

Ermənilərin Qarabağ savaşında ən böyük qalibiyyət saydıqları Şuşanın işğal gününü – 8 mayı cəbhə xəttindəki mövqeyimizlə üzbəüz, Xocavəndin Qarakəndindəki erməni qadını heykəlini qıpqırmızı işıqlandırıb, səmaya işıq saçan güllələrlə “8 may” yazaraq təmtəraqla qeyd edirlər. Atışma səhərədək davam edir. Hər kolu, hər ağacı, hər yarpağı, hər daşı, sənə doğma olan yurda atəş açmaq çox ağırdır. Özünə atəş açmaq kimi. Bu da özünü intiharın bir növüdür.

Bir zamanlar qonşuluqdakı Ağdamın Abdal-Gülablı kəndindən “Maşında gələn Qurban Pirimov, Sara Qədimova, Geyhun Mirzəyev, Səxavət Məmmədov, Rəmiş, Qulu Ağsəsdi”- deyib, sevinən kəslər, indi o yerlərdən gələnin ermənilərin fəxri “Şuşa” batalyonun tankı olduğundan narahat olmağa başlayırlar. Oralardan indi işığın gəlməsini istəmirlər. Zamana, taleyə bir bax…

Ermənilər Şuşanı alanda “qələbə sevinci yaşadıq”larını, Ağdam işğal olunanda “Azərbaycanın mənəviyyat sütunu sındı”ğını yazırdılar. Hələ ki nə uçurulub dağılmış sütunu düzəldib yerinə qoya, nə də özümüzlə birlikdə üzümüzdən, könlümüzdən didərgin düşmüş sevinci özünə qaytara bilirik.

Artıq neçə illərdi 8 mayda Şuşasızlığımızı yad edirik.

Bir yay Şuşaya – cənnət Qarabağın dilbər guşəsinə – Çıdır düzünə, İsa bulağına, Turşsuya getməyəndə darıxan bizlər indi illərin Şuşasızlığına dözürlər.

Qacarın böyük bir orduyla ala bilinmədiyi Şuşa laqeydliyin, xəyanətin qurbanı oldu.

Əlin çatmayan, ünün yetməyən o yerlərdə xatirələr də azır. Kimsəsiz xatirələr…

Yanmış daşlarla, qurumuş ağaclarla birlikdə xiffətdən cadarlamış torpaqlarımızdakı əl, ayaq izlərimiz çoxdan yox olub. Nişanələrimiz kimi.

Ölməyən, öləziyən ümidə bir qığılcım, alışıb-yanan arzumuza, istəyimizə ani bir fürsət, bir təpər lazımdır. Və bir də əsas olan, “Get!” əmri. Bu səsin, bu əmrin, bu istəyin qarşısında heç nə tab gətirə bilməz. Nə dünyanın ən güclü ordusu, nə təzə, bər-bəzəkli yalançı Şuşa sevgisi. O gün, o səs közün üstündəki külü düşmənin üzünə üfürəcək. O közün şöləsində nə insan, nə tank dayana bilər.

Türkün alovlanan sevgisi amansız olur.

Tam silinməmiş xatirələrin izi ilə o yerləri, o doğma yurdu bir daha addımlayaraq, sevgi dolu baxışlarımızla sevindirəcəyik. Ən müqəddəs borcumuz kimi…

Zəfərə gedən yolun mübarək, Vətən!

 

Qаrаbаğ,

meyvələr sоvulub gedir,

qаyа kimi igidlərin

dözəmmir, оvulub gedir.

 

Keçmişində Şuşа аdlı

аlınmаyаn qаlаn qаlıb,

оğullаrın səpələnib

аrаn bоyu, qаlаn qаlıb.

 

Qаrаbаğ,

аğаcındаn çоmаq istə,

bu qədər ərlər içində

bir Qаrаcа qоçаq istə.

 

Üzümə bir şillə çəkib

yахаmdаn çəkənim gəlsin,

bаrmаğım kоtаn kimidi

qоşdurub əkənim gəlsin.

 

Qаrаbаğ,

gedib yenə gələcəyik,

yurd uğrundа sоn sаvаşdа

biz ölümə güləcəyik.

 

Rəfail Tağızadə

Ümid Partiyası Ali Məclisin sədri

 

 

Şərh yaz