Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami öz sosial şəbəkə hesabı vasitəsilə ölkənin daxili problemi və həlli ilə bağlı yazı paylaşıb. Sözügedən yazını izləyicilərə təqdim edirik:
İldən ilə durum ağırlaşır ölkədə. Hansı bayrama, hansı önəmli günlərə baxırsan, “növbətçi” münasibətidir az qala… İnsanlar daxili böhran yaşayır, mənəvi deqradasiyaya uğrayırıq. Bünövrəsi möhkəm olmayan evi zahirdən nə qədər kosmetik gözəlləşdirirsən, gözəlləşdir, güclü bir küləyə məğlub olacaq.
İnsan da belədir. Daxildə böhran varsa, o böhranı zahiri mutlulukla qapatmaq mümkün deyil. Əgər daxillə xaric bir-birinə taraz deyilsə, bir-biri ilə harmoniya təşkil etmirsə, bayramlar, seyranlar heç nəyə yaramır.
Böyük Britaniyada vətəndaşın minimum əməkhaqqı 1520 funt sterlinqdi (3,404.8 ₼ ), bizdə isə 300 manat.
(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.)
Mən hələ inkişaf etmiş ölkə insanına DÖVLƏT BABA himayəsindən danışmıram. Azərbaycanda mövcud iqtidarın idarəetməsi ucbatından insanlar işsizdir, sosial problemlər məngənəsində sıxılır, məhkəmələri siyasi sifarişlə qərar qəbul edir, seçkilər saxta, insanlar məhəlləsində belə bələdiyyəsini seçə bilmir, mediası çərçivəli, təhsili, səhiyyəsi bərbad, xəstəxanaların, həbsxanaların içi, çölü çarəsiz, dərmansız dərdi, pulsuz olan xəstəylə, insanla dolu, vətəndaş yoxsulluqdan çörəyi bol yeyir ki, gec acsın. Gəlib, yalan deyirsən, yalan danışırsan deyənlər həqiqəti gizləyə bilərlər bəlkə, amma fakt var, gerçəklik var. Problemi göstərməmək, deməmək o demək deyil ki o, yoxdur… Bütün yersiz qadağalar, haqsızlıqlar cəmiyyəti uçuruma aparır.
Bu ölkənin efirində bayram nurluların, toliklərin həyatına baxıb həsəd aparır adamlar. Profilləri milyonlarla izləyici ilə dolub-daşır. Səbəb? Müəyyən kəsimin taxşı nümunələrin qarşısını kəsmək, bloklamaq, şikayət edərək yayılmasının qarşısını almaq. İqtidarda deyilsənsə, əlində maddi, mənəvi resursların yoxsa, pis nümunələr meydan oxuyacaq.
Bu ölkədə millət vəkili kürsüsündə oturan yerini qoruqçuya dəyişir…
Millət vəkili, bələdiyyə adı urvatsız, dəyərsiz bir hala gətirilib.
Bəs vətəndaş? Vətəndaş mutlu deyil, bəlkə də beyində – mərkəzi sinir sistemində serotonin maddəsi sıfırın altındadır. Serotonin sinir hüceyrələri arasında elektrik siqnallarını daşıyır. Yəni nevrotransmitterlər bir sinir hüceyrəsindən aldıqları elektrik siqnalını digərinə ötürərək, beyninin işləməsində həyati rol oynayırlar. Belə ki, serotonin beyində ifraz edilir və insanda mutluluk, canlılıq, xoş duyğuların bütün bədənə yayılmasını təmin edən bir nevrotransmitterdir. Ailəmizdə, ətrafımızda, yolda, marştutda, taksidə gedərkən nə qədər insanın üzündə mutluluk, sevinc görürük? Qaşlar çatılmış, üzümüzdən yorğunluq, depressiya yağır. Bax, bu maddə beynimizdə və bədənimizdə yetərsiz olduğuna görə insanın davranış və ruh halını olumsuz etkiləyir.
Sistemsiz həyat, rejimsiz qidalanma, yaşam tərzinin aşağı səviyyədə olması, problemlərin çoxluğu beynimizdə serotoninin aşağı düşməsinin ilkin göstəricilərindəndir. (Uzun zamandır, fürsət tapdıqca insanla ilgili araşdırmalar edirəm və dostluğumda olan hörmətli doktorlar da bu durumla bağlı bilmədiyimi aydınlada bilərlərsə, nə mutlu bizə. Serotoninimiz də qalxmış olar heç olmasa, bu yolla )
Sədrimiz İqbal Ağazadənin də dediyi kimi, əgər qadın soyuducusunu açanda “nə bişirəcəyəm?”, “uşaq dərsdən gələcək, nə yeyəcək?” sualı altında qalırsa, onun bundan doğan mənfi enerjisi bütün ailəyə yansıyacaq. Bir qadının düşüncəsinin rahat olması bir ailənin rahat olması deməkdir. Bir ailəni rahat etmədən ölkədə heç bir inkişafdan danışa söz gedə bilməz.
Və bu arada Nemtsovun bir sözünü də yazsam, yerinə düşər yəqin ki:
Əgər iqtidar dəyişmirsə, xalq ona nəzarət etmir.
Əgər xalq ona nəzarət etmirsə, iqtidar vəhşiləşir.
İqtidarın ədalətsiz idarəetməsi sonucunda isə təkcə xalq, dövlət deyil, özləri də əziyyət çəkər.
Üzərimizə düşən elə də çox iş yoxdur. Sadəcə sorun bu ki, biz uzaq məqsədlərimizi bilmirik. Bu məqsədlər düsturlarla deyil, könüllü və məcburi fəaliyyətimizlə müəyyənləşəcək…
Serotonininiz bol olsun. Yəni bol olması üçün şəraitiniz olsun! Hər şey özümüzdən asılı. ÖZümüzü tanısaq, ÖZümüzə dönsək… Vətəndən DÖNMƏYƏK!
Bizi gÖZləyir…
Şərh yaz