Dil insanlar arasında ünsiyyət vasitəsidir, özünü, düşüncə və fikirlərini ifadə imkanıdır.
Dil təkcə insanların ünsiyyət faktoru deyil, həmçinin dövlətlərin mövcudluğunun əsasıdır.
Hər bir dövlətin ərazisində müxtəlif xalqların yaşamasından asılı olmayaraq, dövlət bir dilin üzərində təşəkkül tapır, bütövləşir, milli və vətəndaş birliyinə nail olur.
Bəzi hallarda dövlətlər ikili dil anlayışına da üstünlük verirmiş kimi davranır. Lakin bu dövlətlər ya milliləşməmiş, ya da tam azad olmamış dövlət idarəçiliyində və təfəkküründə olur…
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
(Gerçək bu ki, tarixi, etimoloji və elmi əsaslarda Azərbaycan dili anlayışı yoxdur, bu, türk dilidir.)
Ölkəmizin ərazisində çox sayda etnik-milli qruplar yaşasa da, hamının başa düşdüyü, ünsiyyət üçün ən asan dil Azərbaycan dilidir.
Elə Konstitusiyanın da dövlətimiz üçün təsbit etdiyi dil, məhz Azərbaycan dilidir.
Bu dili qorumaq, sevmək, zənginləşdirmək hər bir azərbaycanlının mənəvi borcu ilə yanaşı, Konstitusiya vəzifəsidir.
Mənəvi və Konstitusiya borcumuzu yerinə yetirə bilirikmi?
Bu işdə səy, bacarıq, mübarizə əzmi göstəririkmi?
Nəinki borcumuzu yerinə yetirir, əksinə, hər gün bir az da doğma dilimizdən, ana dilimizdən, dövlət dilimizdən uzaqlaşırıq.
Küçələrdə, ticarət mərkəzlərində, kafe və restoranlarda, hava limanı və təyyarədə hamı Azərbaycan dilindən çox, xarici dillərdə danışanları görür, dinləyir və təəssüf ki, xarici dildə də cavab verir.
Xarici dildə danışanlar heç də yabançılar deyil, özümüzük, özümüzünkülərdir.
Hardandır bu aşağılıq, natamamlıq kompleksi bizdə, niyə öz dilimizdə danışmağı mədəniyyətsizlik və ya geridəqalmışlıq kimi dəyərləndirib, hər gün doğma dilimizə bu qədər ögey oluruq?
Niyə? Səbəb nədir?
Dövlətimiz var, bayrağı şükürlər olsun, dalğalanır, hələ işğal olunmuş torpaqları da azad etmişik, Vətən bütövləşir, himnimiz, herbimiz, pulumuz, ordumuz və s. atributlarımız ola-ola, hər gün Vətəndən və onun dilindən, Dövlətdən və onun Konstitusiya maddəsindən niyə uzaq düşürük?!!!
Fərqindəsinizmi, rus, ingilis bölmələrində övladlarımızı oxutmaq üçün orta məktəblərdə necə növbələr var?
Dövlət dilinə bağlılıq üçün mütləq əvvəlcə dövlətə bağlılıq formalaşmalıdır.
(Diqqət etsəniz, ana dili demədim, dövlət dili dedim.)
Yeri gəlmişkən, deyim ki, qonşu Gürcüstan və Ermənistanda dilə bağlılıq acı da olsa, bizdən çox-çox artıqdır. Həm də bu, indi belə deyil, elə sovet dönəmində də gürcü və ermənilərin dil sevgisi açıq bilinirdi. Heç kim bu qonşu dövlətləri aşağılamağa çalışmasın. Biz qonşularımıza torpaq iddiasında olmasaq da, hər iki dövlətdə tarixi ərazilərimiz var, hələ ki, onlar bizim tarixi torpaqlarımızda dövlət qurublar, biz yox.
Bağlılığı formalaşdıran iştirakçılıqdır.
Ailədə, şirkətdə, siyasi sistemdə, dövlətdə fərdlərin, üzvlərin, vətəndaşların iştirakçılıq payı nə qədər aşağı olacaqsa, bağlılıq bir o qədər zəif, inam və güvən aşağı, müdafiə qabiliyyəti yetərsiz olacaq.
Dövlət idarəçiliyində vətəndaşın iştirak payı nə qədər aşağı olacaqsa, dövlətə, onun atributlarına, özəlliklə dilə münasibət gündən-günə pisləşəcək. Vətəndaş o dövlətin ona verdiklərini görməsə, hiss etməsə, ona güvənməsə, dövlətin olan şeylərə laqeydlik başlayacaq.
SSRİ dövründə biz bu problemləri gördük, idarəetmə və idelojidə bizim iştirak payımız olmadığı üçün, həm də bizim olmadığı üçün dağıldı.
Lakin bu dövlət bizim, hamımızındır.
İştirakçılıq payımız müəyyən olunmalıdır.
Seçkilər bunun üçün ən ideal vasitədir.
Təəssüflər olsun ki, seçkilərdə iştirakçılığımız (istər passiv, istərsə də aktiv seçki hüququ) seçkidən-seçkiyə aşağı düşür.
İdarəetmə institutlarında təmsilçilik cəmiyyət maraqlarını və ya qruplarını ehtiva etmir.
Əksini iddia etmək və ya daha sərt yazmaq üçün nə qədər desəniz, əlavə arqumentlər qoymaq olar.
Məqsədim yeni dövrə, yeni düşüncə ilə getməkdir.
Köhnələri təftiş və ya qınaqla ancaq münasibətləri kəskinləşdirib, tərəfləri bir-birindən daha da uzaqlaşdırmaq olar.
Mən isə yaxınlaşmanın tərəfdarıyam.
Yaxınlaşaraq, bizi narahat edən problemləri çözməyin yolunu tapmalıyıq.
Bu, ayrı mövzudur, bu barədə yaxın zamanda geniş yazım olacaq.
Qayıdaq dil məsələsinə…
Qeyd: Bu günlərdə sosial şəbəkə seqmentinin birində iti ilə rus dilində danışan Bakı sakininin “maraqlı” məntiqi diqqətimi cəlb etmişdi.
“Niyə itinlə rus dilində danışırsan ?” sualına, “itim Azərbaycan dilində bilmir, ondan” cavab vermişdi.
İtinin Azərbaycan dilini bilməsi üçün ona təlimləri Azərbaycan dilində öyrətmək lazımdır.
Biz dilimizi bilirik, sadəcə sevmirik.
O dildə sanki mədəniyyətsiz, “çuşka” görünürük.
Qol-qabırğasını qıra-qıra hər dildə danışmağı tərcih edirik.
Dövlət bu işə əl qoymalıdır. Məmurlar özəlliklə dövlət müəssisələrində, dəhlizlərdə, öz aralarında əsla rus dilində danışmamalıdırlar.
Bu, hakimiyyətin məsuliyyətidir. Çox şey bundan başlayır.
İşə qəbul zamanı rus dilini (və ya ingilis dilini) bilməyi məcburi hesab etməməlidir.
Televiziya və efirlər dialekt və şivələrdən təmizlənməli, səlis, təmiz Azərbaycan dili təbliğ edilməli, dialektlər gülüş mənbəyi kimi göstərilməməlidir.
Təhsil Nazirliyi Konstitusiya tələblərinə riayət edərək, dövlət hesabına yalnız dövlət dilində təhsilə icazə verməlidir.
Dövlət dilindən kənar dillər yalnız xarici dil kimi tədris olunmalıdır. Əksi, qanun pozuntusu və xalqın, dövlətin haqqına girməkdir.
Ziyalılar, jurnalistlər, vətəndaşlar, xüsusilə gənclər, dövlət dilinin hakim olması üçün mübarizə aparmalıdlrlar. Bəlkə bir az sərt səslənəcək, amma mütləq deməliyəm, xarici dildə, xüsusilə rus dilində müraciət və danışıqlara dövlət dilimizdə cavab verməklə yeni trend – dil trendi – yaratmağı bacarmalıdırlar.
Bir sözlə, hər kəs dilimizin qorunması üçün əlini daşın altına qoymalıdır.
Dilimiz bizi gələcəyə daşıyan ən önəmli vasitədir. Dilimiz olmayacaqsa, dövlətimiz də olmayacaq.
Dilimiz sıradan çıxdıqca, Güney Azərbaycan, Borçalı, Dərbənd bizdən uzaqlaşacaq.
Yəqin ki, türkdilli dövlət başçılarının rus dilində bir biri ilə ünsiyyət qurmasından hamımız sıxılır, bəlkə də utanırıq.
Dilimizi qorumasaq, 50 milyonluq insanımızı heç vaxt birlik və dirilik içində tuta bilməyəcəyik.
Hamı bunun fərqində olmalı və Qarabağ uğrunda apardığımız mücadilə timsalında Dilimiz üçün də vuruşmalıyıq.
Bu dəfə qarşımızdakı düşmən deyil, özümüzünkülərdir.
Sevə-sevə, səbrlə dilimizdən uzaqlaşanları şirin, doğma dilimizdə dindirməli, danışdırmalı, sevməliyik.
Şərh yaz