Ümid Partiyasının sədri İqbal Ağazadə 6 aprel 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Jirinovski öldü. Peskovdan müharibə ilə bağlı şok xəbər gəldi!” mövzusu ətrafında baş tutub.
İqbal Ağazadə qırx gündən artıq davam edən Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın Ukraynanı işğal etməsindən, orada törətdikləri vəhşiliklərdən, qanlı hərbi əməliyyatların nəticələrindən danışıb.
O, bildirib ki, ağır nəticələr var, Ukrayna dağıdılmış vəziyyətdədir, çoxsaylı insan itkisi var. Onun sözlərinə görə, Rusiyanın indiki hakimiyyəti bütövlükdə gələcək üçün siyasi səhnədən silinəcək hala gəliv çıxıb. Putin faşist və cinayətkar kimi qiymətləndirilir. Bu səbəbdən onun hakimiyyətdən getməsi və məhkəmə qarşısında durması, cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir.
Ümid sədri bildirib ki, Rusiya xalqı sınaq qarşısındadır və məğlubiyyəti uzaqda deyil. Onun fikrincə, dünya birliyi Putinin hakimiyyətdən getməsi üçün lazım olan bütün addımları atacaq.
İqbal Ağazadə həmçinin Azərbaycandakı, daxildəki problemlərdən də danışıb və bunlardan çıxış yolu kimi müxtəlif təkliflər səsləndirib.
O, Qarabağ ətrafında baş verənlərə, hərəkətlənməyə və ermənilərin törətdikləri təxribatlara da diqqət çəkib və antiterror əməliyyatları üçün uyğun zaman olmadığını da bildirib. Onun sözlərinə görə, Ukraynadakı müharibəni uduzacağı halda, Rusiya regiondan gedəcək və biz bunu gözləməliyik. Bu səbəbdən biz təmkinli və daha ciddi prosesin içində olmalıyıq.
Ümid sədri Konstitusiyaya təklif etdikləri dəyişiklikləri də açıqlayıb və partiyanın təklif etdiyi dəyişiklikləri detallı şəkildə müzakirəyə çıxarıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: